Məhkəmə qərarları › İş №e-2(056)-2852/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2852/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2852/2025 29.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 500 manat əsas, 22,52 manat faiz, 304,98 manat cərimə, 72,5 manat komisyon haqqı borcu olmaqla, cəmi 900 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********001 saylı «mikrokredit müqaviləsi» nə əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85% ödəmək şərtilə 500 manat məbləğində kredit vermişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş 500 manat mikro kredit məbləği ilə yanaşı, xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 550 manat, faiz borcu üzrə 22,52 manat, xidmət haqqına (komissiyaya) görə isə 72.5 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********001 saylı «mikrokredit müqaviləsi»nə əsasən, Cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85% ödəmək şərtilə 500 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı BOKT MMC-nin təqdim etdiyi arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli **********001 saylı «mikrokredit müqaviləsi»nə əsasən cavabdehin xx.xx.2025-ci il tarixə 500 manat əsas, 22,52 manat faiz və 304,98 manat cərimə, 72,5 manat komisyon haqqı borcu olmaqla, cəmi 900 manat məbləğində borcu vardır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada «mikrokredit müqaviləsi» bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı BOKT MMC tərəfindən öhdəliyini yerinə yetirərək müqavilə üzrə 500 manat məbləğində cavabdehə kredit verilmiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada hesablanacaq faizlərlə birlikdə Banka tam qaytarmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli **********001 saylı «mikrokredit müqaviləsi» bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və iddiaçı ilə bağladığı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir. Bununla da cavabdeh tələb olunan əsas, həmçinin ona hesablanmış faiz və komissiya borcunu iddiaçı təşkilata ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə tələbin cərimə borcunun cavabdehdən tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 304,98 manat cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin məbləğ azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Kredit Müqaviləsindən irəli gələn əsas borcun 500 manat məbləğində olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 304,98 manat cərimə (dəbbə) məbləği tənasübsüz surətdə yüksəkdir və həmin dəbbə pulunun azaldılaraq əsas borcunun 10%-i həddində, yəni 50 manat müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədəuyğundur. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia qismən təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi qismində 27 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 900 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 280, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat əsas, 22,52 manat faiz, 50 manat cərimə, 72,5 manat komisyon haqqı məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi 27 manat olmaqla, ümumilikdə 672,02 (altı yüz yetmiş iki manat iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar