Məhkəmə qərarları › İş №e-2(056)-3497/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3497/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-3497/2025 12.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı MM QBKT-nın - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT - cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 əsas borc üzrə 4254.00 AZN, faiz borcuna görə 988.76 AZN, cərimə borcuna görə 421.00 AZN, cəmi 5663.76 (beş min altı yüz altmış üç manat, yetmiş altı qəpik) AZN məbləğində borcun və 76.64 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********3475 saylı kredit müqaviləsinə əsasən borcluya ailəkəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26.00% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 6000 (altı min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 277 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********3475 - ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********3475 – ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 oğlunun əsas borc üzrə 4254.00 AZN, faiz borcuna görə 988.76 AZN, cərimə borcuna görə 421.00 AZN, cəmi 5663.76 (beş min altı yüz altmış üç manat, yetmiş altı qəpik) AZN təşkil edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini etiraf edərək, izahatında göstərmişdir ki, o, kredit borcu ilə bağlı 1 il qrafikə uyğun ödəniş etmişdir. Lakin sonradan işsiz qaldığı üçün borcunu ödəyə bilməmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İddiaçı MM QBKT-nın nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə edib və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci və 185.4-cü maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, **********3475 saylı müqaviləyə əsasən, cavabdehə illik 26% dərəcəsi olmaqla 30 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. İddiaçı MM QBKT tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 4254 AZN əsas, 988.76 AZN faiz, 421 AZN cərimə borcu olmaqla cəmi 5663.76 (beş min altı yüz altmış üç manat yetmiş altı qəpik) AZN borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 76.64 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər müqavilə ilə ayrı qayda müəyyənləşdirməmiş, iddiaçı tərəfindən cavabdehə ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kredit borcunun ödənilməsinə dair dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MM QBKT ilə borcalan Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, **********3475 saylı kredit müqaviləsinə əsasən borcluya illik 26 faiz dərəcəsi olmaqla 30 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kredit borcunun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə onun kreditora 4254 AZN əsas, 988.76 AZN faiz, 421 AZN cərimə borcu olmaqla cəmi 5663.76 (beş min altı yüz altmış üç manat yetmiş altı qəpik) AZN borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcu ödəməmişdir və kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, **********3475 saylı Kredit Müqaviləsindən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəf bağladığı kredit müqaviləsinin şərtlərinə uyğun şəkildə İddiaçı MM QBKT qarşısında götürdüyü öhdəliklərinə əməl etməli olduğu halda, öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da xx.xx.2023-cü il tarixdə bağlanmış, **********3475 saylı Kredit Müqaviləsindən xx.xx.2025-ci il tarixə yaranmış 4254 AZN əsas və 988.76 AZN faiz borcu Cavabdeh1 tutulub (alınıb) İddiaçı MM QBKT-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 421 manat cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin məbləğ azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə xx.xx.2023-cü il tarixdə bağlanmış, **********3475 saylı Kredit Müqaviləsindən irəli gələn əsas borcun 4254 manat məbləğində olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 421 manat cərimə (dəbbə) məbləği tənasübsüz surətdə yüksəkdir və həmin dəbbə pulunun azaldılaraq 50 (əlli) manat müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədəuyğundur. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, yuxarıda istinad olunan tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, **********3475 №li Kredit Müqaviləsinin təminatı olan həmin tarixli **********3***-******* saylı və **********3475 -1252443 saylı Zaminlik Müqavilələrini nəzərdən keçirərkən aydın olur ki, həmin Zaminlik Müqavilələrinin zamin qismində tərəfi Cavabdeh3 və Cavabdeh2 olmuş və onlar da, öz növbəsində həmin Zaminlik Müqavilələrini imzalamaqla qeyd edilən Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri, yəni Cavabdeh1 tərəfindən öz öhdəliklərinin yerinə yetirilmədiyi halda zamin qismində Müqavilə tərəfi kimi məsuliyyət daşıyacağlarına dair öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hisə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda istinad olunan xx.xx.2023-cü il tarixdə bağlanmış, **********3***-******* saylı və **********3475 -1252443 saylı Zaminlik Müqavilələrinin zamin qismində tərəf olan Cavabdeh2 və Cavabdeh3 subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə onlar, Cavabdeh1 ilə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Bu baxımdan xx.xx.2023-cü il tarixdə bağlanmış, **********3475№li Kredit Müqaviləsindən yaranmış tələb olunan ödənilməmiş 4254 AZN əsas borc, 988.76 AZN faiz borcu, 50 AZN cərimə borcu olmaqla cəmi 5292.76 (beş min iki yüz doxsan iki manat yetmiş altı qəpik) AZN məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 76.64 AZN ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddianın qismən təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun 70 AZN hissəsi cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı X2-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********3475 saylı Kredit Müqaviləsindən yaranmış 4254 AZN əsas borc, 988.76 AZN faiz borcu, 50 AZN cərimə borcu və ödənilmiş dövlət rüsumunun 70 AZN hissəsi olmaqla, ümumilikdə 5362,76 (beş min üç yüz altmış iki manat yetmiş altı qəpik) AZN məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı MM QBKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar