Məhkəmə qərarları › İş №e-2(056)-413/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-413/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-413/2024 06.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 9000 manat borc hesabına pulun, həmçinin gecikdirilmiş pul vəsaitinə görə hesablanmış faiz borcu hesabına 3693,12 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəvzində 128 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayonu Qəzli kəndində yaşayan Cavabdeh2 ondan 2 il öncə 9000 manat pul istəyərək şəriklik heyvan saxlayacağını bildirmişdir. O, bu məqsədlə Cavabdeh2lə razılaşmış və 223600 manatlıq 180 baş qoyun alıb Ağamoğlanın Qəzli kəndində yerləşən fermer təsərrüfatına aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh2 heyvanları yavaş-yavaş sataraq pulunu xərcləmişdir. Bu səbəbdən də, o cavabdehlə ayrılmaq qərarına gəlmişdir. Beləliklə o, cavabdehlərdə olan hesab kitabını üzləşdirmiş və nəticədə məlum olmuşdur ki, cavabdehlərin ona 13000 manat məbləğində borcu vardır. Bundan sonra cavabdehlərdən Cavabdeh1 ona üzərlərində olan borcdan 4000 manat hissəsini qaytarmış, nəticədə cavabdehlərin iddiaçıya 9000 manat məbləğində borcu qalmışdır. O, yaranmış borc məbləği ilə bağlı DİN-nin 102 qaynar xətt xidmətinə şikayət etmiş, həmin şikayət əsasında Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Cavabdehlər üzərində olan 9000 manat məbləğində borclarını ödəməkdən yayınmışlar. Bundan sonra o, məcbur qalaraq ödənişlərin hamısını etmişdir. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənləri təkrar edərək, əlavə olaraq göstərdi ki, o, cavabdehlərin atasından onlara məxsus torpaq sahəsini və üzərində olan fermanı icarəyə götürmüş, bundan sonra 186 və ya 176 ədəd heyvan alaraq fermaya cavabdehlərin saxlaması üçün vermişdir. O, cavabdehlərin əmək haqqını və əlavə olaraq da pullarını vaxtıvaxtında vermişdir. Cavabdehlər heyvanların çoxunu tələf etmişlər, həmçinin ehtiyacları olanda heyvanlardan satmışlar. O, bundan əsəbiləşərək heyvanları götürmək üçün fermaya getmiş, cavabdehlərdən Cavabdeh1 heyvanları götürməməyi, dəyərinin birgə hesablanmasını, həmin pulun onun və qardaşı Ağamoğlan tərəfindən ödənilməsini təklif etmiş, o, etiraz etməmişdir. Bundan sonra o, cavabdehlərlə heyvanların dəyərini hesablamış, 12560 manat etmiş, həmin pulun qaytarılması barədə razılaşmışlar. Şikayət edəndə iki heyvan əksik olduğu üçün şikayətində 13000 manat qeyd etmişdir. Bunu həmin vaxt da cavabdehlərə bildirmişdir. Razılığa uyğun olaraq cavabdehlərdən Cavabdeh1 üzərlərində olan borcdan 4000 manat ödəmiş, onların ödənilməmiş 9000 manat məbləğində borcları qalmışdır. O, bir neçə dəfə cavabdehlərin ünvanına gedib pulunu istəmiş, ona hər dəfə yalan vədlər vermişlər. Ağamoğlan sonuncu dəfə cücə saxlayırdı. Pulunu istəyəndə də demişdi ki, cücələri satıb pulunu ödəyəcəkdir. O, cavabdehlərlə heç bir şərikli iş görməmişdir. Onlara bildirmişdir ki, heyvanları saxlasınlar, saxlama pulunu versin. Saxlama pulunu da cavabdehlərə ödəmişdir. Torpağın icarəsində görə də onun borcu qalmamışdır. Hazırda o, məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə mənafeyini müdafiə etdiyi iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasınında iştirak etmiş Cavabdeh2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, onun mərhum atasına məxsus torpaq sahəsi və həmin torpaq sahəsində ferma olmuş, 2021-ci ildə atası Mirzə ilə iddiaçı razılaşaraq birlikdə fermada heyvan saxlamaq qərarına gəlmişlər. Fuad həmin ərazini 5000 manat müqabilində götürmüş, həmin pulun 2500 manatını atasına vermiş, 2500 manatı isə ödəməmişdir. Atası 2022-ci ilin mart ayında dünyasını dəyişmiş, bundan sonra Fuad onunla işləməyə başlamışdır. Torpağı və fermanı atası ilə razılaşma əsasında götürəndən sonra Fuad ona 100 baş qoyun almasını və şərikli saxlamalarını təklif etmiş, o, razılaşmışdır. Bundan sonra onlar birgə Salyan rayonuna gedib bir şirkətdən hər biri 100 manat olmaqla 100 baş qoyun almışlar. Fuad gördü ki, o, heyvanları yaxşı saxlayır. Buna görə də Fuad hissə-hissə 70 baş da qoyun alıb gətirdi. Heyvanları saxladılar, doğdu və doğduqca satdılar, nəticədə 700 manat xeyirləri oldu. Sonradan quzuların satış vaxtı atası xəstə olduğu üçün Fuad özü gəlib hissə-hissə aparıb satırdı. Fuad ona ayda 300-500 manat çoban pulu verirdi. Bu barədə dəftərdə qeydi var, növbəti məhkəmə iclasında dəftəri məhkəməyə təqdim edəcəkdir. Düzdür özü də ehtiyacı olanda heyvanlardan satmış. Bunu da Fuada bildirməklə dəftərdə qeyd etmişdir. 1 il sonra Fuad ona dedi ki, ayrılaq. O, Fuada əziyyətləri olduğunu xatırladıb ayrılmamağı təklif etdi. Lakin Fuad razılaşmadı. Heyvanları aparmaq istəyəndə qardaşı Fərid Fuada dedi ki, “neynirsən aparıb, aparsan 7000- 8000 manat pul edəcək, ortada 12000 manat pul var, qoyunlar qoy qalsın, həmin pulu ödəyərik”. Bundan sonra aralarında 12500 manatla bağlı razılaşma oldu. Həmin puldan qardaşı Fərid Fuada 4000 manat ödəmişdir. Belə ki, o, Fərida 4000 manatlıq heyvan vermişdir ki, satın pulunu Fuada ödəsin. Fərid da həmin heyvanları sataraq pulunu Fuada ödəmişdir. Fuadın da ona verəcəklərini hesablasaq Fuada cəmi 1350 manat borcu qalır. Belə ki, aylıq çoban kimi əmək haqqını 400 manatdan hesablasa bu pul 4800 manat edir. Həmçinin Fuadın atası ilə razılaşmaya görə ödəmədiyi 2500 manat qalır. 4000 manat da Fuada ödənilmişdir. Sonradan Fuad polis orqanına müraciət etmişdir. Polis orqanına müraciət edəndən sonra o, imkanı olmadığı üçün ödəniş etməmişdir. O, iddia tələbini qəbul etmir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Şamxal Həsənovun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Qeyd olunan qərarda olan izahatlardan görünür ki, Nuriyev X2 Fuad Hilal oğluna 12000 manat puldan 1600 manat borcu qalmasını, Cavabdeh1 isə 12535 manat borclarından 4000 manat qaytarmalarını və qalan borcu imkanları olmadığı üçün ödəyə bilmədiklərini bildirmişdir. SÜBUTLARİN HÜQUQİ CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ: Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş hallara onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddiaçının hazırki tələblə cavabdehlərə qarşı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmadığına qiymət verərək qeyd edir ki, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunudu ki, hazırkı iş üzrə İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında ilk öncə heyvanların saxlanmasına görə haqq ödənilməsi ilə bağlı şifahi formada bağlanmış tapşırıq müqaviləsi olmuş, sonradan iddiaçı heyvanlarını geri götürmək istədikdə cavabdehlərdən Cavabdeh1 təklifi əsasında cavabdehlərin heyvanların dəyərinin ödənilməsi ilə bağlı razılıq əldə edilməklə şifahi alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdehlərdən Cavabdeh1 təklifi irəli sürdüyündən, digər cavabdeh Atamoğlan Nuriyev buna etiraz etmədiyindən və iddiaçı cavabdehlərlə razılaşdığından şifahi alqı-satqı müqaviləsi baş tutmuş, bununla da iddiaçının hazırki tələblə cavabdehlərə qarşı iddia tələbi ilə bağlı öz hərəkətinərin hüquqi ixtiyarı, yəni subyektiv hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi tərəflər arasındakı hüquqi münasibət şifahi qaydada bağlanmış bağlanmış nisyə alqı-satqı müqaviləsindən əmələ gəlmiş, həmin müqavilə əsasında tərəflərin hüquq və vəzifələri (öhdəlikləri) yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşdən, həmçinin cavabdeh Atamoğlan Nuriyevin məhkəmə iclasında, digər Cavabdeh1 polis orqanında vermiş olduğu izahatdan göründüyü kimi, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehlərə xırda buynuzlu heyvanları satmış, cavabdehlər həmin heyvanların dəyərini ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə öhdəliklərini tam icra etməmişlər. Məhkəmə ilk öncə iddia tələbinin alqı-satqı üzrə yaranmış borcun, yəni 9000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehlərlə heyvanların dəyərini 13000 manat kimi qiymətləndirib həmin məbləğin ödənilməli olduğu barədə razılığa gəldiklərini göstərmiş olsa da, məhkəmə iclasında heyvanların dəyərinin 12560 manat təşkil etdiyini, 2 heyvan əksik olduğu üçün istintaq orqanında 13000 manat kimi göstərdiyini bildirmiş, cavabdeh Atamoğlan Nuriyev də məhkəmə iclasında heyvanların dəyərini 12500 manat kimi razılaşdıqlarını vurğulamış, Cavabdeh1 isə istintaq orqanında heyvanların dəyərini razılaşma üzrə 12535 manat göstərmişdir. Hər iki tərəf heyvanların dəyərindən 4000 manat pulun iddiaçıya ödənilməsini mübahisələndirməmişdir. Cavabdeh Atamoğlan Nuriyevin iddia tələbinin bu hissəsinə münasibətdə bildirdiyi izahata münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh yaranmış borcdan atasına icarə haqqından ödənilməmiş 2500 manat pulun, həmçinin özününü bildirməsinə görə çoban haqqı olaraq 1 illik əmək haqqını təşkil edən 4800 manat pulun çıxılmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, əgər həmin məbləğdə ödənilməmiş icarə haqqı qalmışdırsa, cavabdehin özünün də vurğuladığı kimi çıxılması tələb edilən 2500 manat icarə haqqı iddiaçı ilə cavabdehin mərhum atası arasında mövcud olmuş icarə müqaviləsindən irəli gəlmiş, həmin məbləğ hazırki alqı-satqı müqaviləsindən irəli gələn tələblə əlaqədar olmamışdır. 1 illik əmək haqqını təşkil edən 4800 manat pula gəldikdə isə, əgər həmin məbləğdə də ödənilməmiş əmək haqqı qalmışdırsa, bu məbləğ də yuxarıda qeyd edildiyi kimi tərəflər arasında ilk başda mövcud olmuş tapşırıq müqaviləsindən əmələ gəlmişdir ki, bu məbləğ də hazırki alqı-satqı müqaviləsindən irəli gələn tələblə əlaqədar olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 İddiaçı heyvanların dəyəri barədə məhkəmədə bildirdiyi məbləğə (12560 manat) daha yaxın məbləğdə razılaşma olmasını göstərməsi halı nəzərə alınaraq tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi üzrə tərəflərin heyvanların dəyəri olaraq razılaşdıqları məbləğ 12560 manat müəyyən edilməli, həmin məbləğdən ödənilmiş 4000 manat çıxılmaqla, alqı-satqı müqaviləsi üzrə cavabdehlərin iddiaçıya hazırki vaxta ödəməli olduğu pul məbləği 8560 manat olaraq təyin edilməli, bu xüsusda bu hissədə iddia qismən təmin edilməklə 8560 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin gecikdirilmiş pul vəsaitinə görə hesablanmış faiz borcunun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia tələbindən göründüyü kimi, iddiaçı Mülki Məcəllənin 449-cu maddəsinin tələblərinə, xüsusən də 449.1-ci maddəsinə əsasən əsaslandırmağa çalışmışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Yəni göründüyü kimi, illik Bank uçot dərəcəsinə uyğun faiz borcunun tutulması tələbinin irəli sürülməsi hüququ tərəflər arasında kredit müqaviləsi (borc müqaviləsi) bağlandığı halda yaranır ki, tərəflər arasında münasibətlər isə alqı-satqı müqaviləsindən əmələ gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 128 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün iddianın qismən təmin olunduğu nəzərə alınaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş 128 manat dövlət rüsumunun əvəzi 80 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9000 (doqquz min) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzində 80 manat pul olmaqla, cəmi 9080 (doqquz min səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar