Məhkəmə qərarları › İş №e-2(056)-637/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-637/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-637/2024 12.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi ilə, İddiaçı Nümayəndə Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddiaya dair işə Sabirabad şəhərində xx.xx.2024-cü il tarixdə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1640 manat əsas borcun, 170 manat penyanın, ümumilikdə 1810 manat borcunun və 38,10 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 350 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, «Telefon Mağazası” mağazasının satıcısı olan onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 63 saylı alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı 1640 manat dəyərində malın («Redmi not 8 Pro» markalı mobil telefon) dəyərini 10 ay ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin ödəniş cədvəli üzrə cavabdeh ödəniş etməmiş və hal-hazıradək 1640 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdehə pulu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə olunmamışdır. Cavabdehin bu hərəkəti nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, uzun müddətdir ki, əldə edəcəyi pul vəsaiti cavabdeh tərəfindən ödənilmədiyi üçün dövriyyəsini çoxalda bilməmiş və bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan fərdi sahibkar Nümayəndə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 63 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı mağazasından dəyəri 1640 manat olan «Redmi not 8 Pro» markalı mobil telefonu alıcı Cavabdeh 10 ay ərzində hissə-hissə ödənilməsi şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 63 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh Nümayəndə 1640 manat əsas və 170 manat penya olmaqla, ümumilikdə 1810 manat borcu vardır. Sözügedən müqavilənin mahiyyəti və onun əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu kontekstdə müəyyənləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Nümayəndə alqı-satqı müqaviləsi üzrə aldığı «Redmi not 8 Pro» markalı mobil telefonun dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı Nümayəndə həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini və yaranmış əsas və peniya borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tələbi əsas hissələrdə tam təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu da tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə qanunvericiliyin istinad edilən müddəalarına əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Nümayəndə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1640 manat məbləğində əsas, 170 manat penya məbləği və 38,10 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1848,10 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub Nümayəndə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Nümayəndə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən yaranmış 1640 manat əsas borc, 170 manat məbləğində penya və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 38,10 manat olmaqla, ümumilikdə isə 1848,10 (bir min səkkiz yüz qırx səkkiz manat on qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Nümayəndə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar