Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-663/2024 15.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddiasına dair mülki işə Sabirabad şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4429,54 manat əsas kredit borcu, 627,99 manat kreditdən istifadəyə görə faiz borcu və 71,68 manat cərimə borcu olmaqla, cəmi 5129,21 manat borcun, həmçinin 71,30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 38140***-*******02L saylı, xx.xx.2022-ci il tarixli kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Gözəlov Yaşar Əlimürsəl oğluna xx.xx.2032ci il tarixinədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Gözəlov Yaşar Əlimürsəl oğluna kredit razılaşması əsasında xx.xx.2026-cı il tarixədək qaytarmaq və illik 18% ödəmək şərti ilə 6600 manat kredit verilmişdir. Lakin o, müqavilə üzrə öhdəliyini tam icra etməmişdir. Məlum olmuşdur ki, Gözəlov Yaşar Əlimürsəl oğlu xx.xx.2022-ci ildə vəfat etmişdir. Onun xx.xx.2023-cü il tarixinə banka 4429,54 manat əsas kredit borcu, 627,99 manat kreditdən istifadəyə görə faiz borcu və 71,68 manat cərimə borcu olmaqla, cəmi 5129,21 manat borcu yaranmışdır. Sabirabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli arayışına əsasən, Gözəlov Yaşar Əlimürsəl oğlunun ölümündən sonra onun mülkiyyətində qalan 0,30 hektar həyətyanı torpaq sahəsini anası Cavabdeh1 və arvadı Cavabdeh2 istifadə edirlər. Ailəyə məxsus 0,60 hektar pay torpağı isə satılmışdır. Qanunvericiliyin tələbinə müvafiq olaraq mərhum Gözəlov Yaşar Əlimürsəl oğlunun vərəsələri cavabdehlərə rəsmi qaydada (pretenziya) müraciət edilərək, öhdəliklərin yerinə yetirilməsi tələb edilsə də, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehlər İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, iddiaçı elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Gözəlov Yaşar Əlimürsəl oğlu arasında bağlanmış 38140***-*******02L saylı, xx.xx.2022-ci il tarixli kredit limiti razılaşmasından görünür ki, Gözəlov Yaşar Əlimürsəl oğluna xx.xx.2032-ci il tarixinədək 50000 manat məbləğində kredit limiti ayrılmış, Gözəlov Yaşar Əlimürsəl oğluna kredit razılaşması əsasında xx.xx.2026-cı il tarixədək qaytarmaq və illik 18% ödəmək şərti ilə 6600 manat kredit verilmişdir. İş materiallarında olan AZ-İİ No 308640 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Gözəlov Yaşar Əlimürsəl oğlu xx.xx.2022-ci il tarixdə ağciyər-ürək çatmamazlığından vəfat etmişdir. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Gözəlov Yaşar Əlimürsəl oğlunun ölümündən sonra onun mülkiyyətində qalan 0,30 hektar həyətyanı torpaq sahəsini anası Cavabdeh1 və arvadı Cavabdeh2 istifadə edirlər. Ailəyə məxsus 0,60 hektar pay torpağı isə satılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X5 Əlimürsəl oğlu arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən onlar arasında öhdəliklər yaranmış, iddiaçı Bank öhdəliyini yerinə yetirərək, kredit müqaviləsi üzrə 6000 manat krediti vermiş, Gözəlov Yaşar Əlimürsəl oğlu vəfat etdiyindən kredit alanın öhdəlikləri icra edilməmiş qalmışdır. Hazırki cavabdehlə isə Y.Gözəlovun anası və arvadı olmaqla ondan qalan mirası faktiki qəbul edərək cavabdehə məxsus əmlakı istifadə etməkdədirlər. Bu hal Sabirabad rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki cavabdehlər mərhumdan miras qalmış əmlakı istifadə və idarə etməklə mirası faktiki qəbul etdiklərindən Mülki Məcəllənin tələblərinə əsasən mərhumun Bank qarşısında olan öhdəliklərini icra etmək vəzifəsi daşımalıdırlar. Ona görə də iddia tələbinin hazırki cavabdehlərə yönəldilməsi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-cü maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4429,54 manat əsas kredit borcu, 627,99 manat kreditdən istifadəyə görə faiz borcu və 71,68 manat cərimə borcu olmaqla, cəmi 5129,21 manat borc, həmçinin 71,30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinın 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4429,54 manat əsas kredit borcu, 627,99 manat kreditdən istifadəyə görə faiz borcu və 71,68 manat cərimə borcu və 71,30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5200,51 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-663/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-663/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver