Məhkəmə qərarları › İş №e-2(056)-701/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-701/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-701/2025 13.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 06 may 2024-cü il tarixli, 8İ-5565 saylı İcra Qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 06 may 2024-cü il tarixli, 8İ-5565 saylı İcra Qeydinə əsasən "xxxx" ASC-nin tələbi ilə X1 , X4 və İddiaçı ipoteka predmeti olan və İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 1, mənzil 2A ( yeni qaydalarla; ünvan 1 ünvanında yerləşən 160,9 m2 olan mənzil və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94,2 (yeni qaydalarla; Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 674 A) ünvanında yerləşən 308 m2 olan qeyri yaşayış sahəsi olan əmlaklara tutmanın yönəldilməsi müəyyən edilmişdir (öhdəliyi müəyyən edən AKİAD -00004-05/21A müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 261,909,17 manat əsas borc, 699,63 manat faiz borcu, 851,46 manat cərimə borcu olmaqla cəmi 263,460,26 manat təşkil edir).Həmin icra qeydi əsasında onun icra edilməsi aiddiyatı üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbsinə yönəldilmiş və e-152564/2024-1-13-003 saylı, xx.xx.2025-ci il tarixli sifariş məktubuna və Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-5565 saylı, xx.xx.2024-cü il tarixli qeydinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 1, mənzil 2A ( yeni qaydalarla; ünvan 1 ünvanında yerləşən 160,9 m2 olan mənzil "xxxx" MMC tərəfindən ilkin dəyər kimi 160000 manat olmaqla açıq hərraca çıxarılmış, ilkin hərracın başlama tarixi xx.xx.2025-ci il tarixə, saat 15:13-ə təyin edilmişdir. İddia tələbində qeyd edilir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət ediyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra qeydinin aparılması müddəti “ İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd , borclunun cavab məktubu( cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İddiaçı qeyd edir ki, icra qeydinin verilməsinə əsas olacaq hal, yəni müvafiq bildiriş onlara çatdırılmamış, icra qeydinin verilməsi barədə müvafiq İcra və Probasiya şöbəsi vasitəsi ilə məlumat aldıqlarını, Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən onlara hər hansı sifarişli poçt qəbzi ilə bildiriş göndərilmədiyini əsas gətirərək iddianın təmin olunmasını xahiş edir. Məhkəməyə ərizə göndərən İddiaçı numayəndəsi və vəkili Nümayəndə1 iddianı tam müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, iş materialları ilə tanış olmuşlar, hazırki mülki iş üzrə İddiaçı iş materiallarından göründüyü kimi, Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 06 may 2024-cü il tarixli, 8İ-5565 saylı İcra Qeydini, həmçinin, bir iş günü ərzində bank tərəfindən göndərilən digər bildirişləri şəxsən qəbul etməklə, rəsmi qaydada imzalamaqla təhvil almışdır.Odur ki, onun hazır ki mülki iş üzrə iddiası əsassızdır, buna görə də, iddianın rədd edilməsi barədə qətnamə çxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşə əlavə edilmiş: 17 avqust 2021-ci il tarixli, AKİADG-00004-05/21A saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında müqavilə bağlanmış, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 1, mənzil 2A ( yeni qaydalarla; ünvan 1 ünvanında yerləşən 160,9 m2 olan mənzil və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94,2 (yeni qaydalarla; Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 674 A) ünvanında yerləşən 308 m2 olan qeyri yaşayış sahəsi ipoteka qoyulmuş və həmin əmlaklar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz əlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə nömrəli reyestr kitabında, nömrəli vərəqində **********06-05301- 093009 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə, nömrəli reyestr kitabında, nömrəli vərəqində **********97-05301-083001 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və 500000 (beş yüz min) manat məbləğində, maksimum illik 35 faiz dərəcəsi ilə, xx.xx.2031-ci il tarixədək kredit ayrılmışdır. Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 06 may 2024-cü il tarixli, 8İ-5565 saylı İcra Qeydindən görünür ki, "xxxx" ASC-nin tələbi ilə "xxxx" MMC tərəfindən, X1, X4 və İddiaçı ipoteka predmeti olan və İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 1, mənzil 2A (yeni qaydalarla; ünvan 1 ünvanında yerləşən 160,9 m2 olan mənzil və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94,2 (yeni qaydalarla; Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 674 A) ünvanında yerləşən 308 m2 olan qeyri yaşayış sahəsi olan əmlaklara tutmanın yönəldilməsi müəyyən edilmiş, öhdəliyi müəyyən edən AKİAD - 00004-05/21A müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 261,909,17 manat əsas borc, 699,63 manat faiz borcu, 851,46 manat cərimə borcu olmaqla cəmi 263,460,26 manat borc müəyyən edilmişdir. Müvafiq poçt qəbzlərinin surətindən görünür ki, Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 06 may 2024-cü il tarixli, 8İ-5565 saylı İcra Qeydi tərəflərə rəsmi qaydada göndərilmiş, İddiaçı poçt qəbzini rəsmi olaraq imza etməklə almışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında“ Təlimatın 161-ci maddəsinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir Təlimatın 161-ci maddəsinə görə tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İddiaçı iddia ərizəsində icra qeydindən yalnız icra sənədləri üzrə icraata başlandıqdan sonra xəbər tutduğunu, tələb edilən borcun mübahisəli olduğunu göstərmişdir. Məhkəmə iddiaçının qeyd etdikləri hallara münasibətdə bildirir ki, icra qeydlərinin aparılmasından əvvəl tələbkar tərəfindən borclulara bildirişlər ünvanlanması ilə bağlı Qanunda və Təlimatda göstərilən tələbə riayət olunduğu işin halları ilə öz təsdiqini tapır. Belə ki, tələbkar tərəfindən İddiaçı qeydiyyat ünvanlarına müvafiq bildirişlər göndərilmiş, bidirişlərin onlara çatdırılması xəbərnamə ilə sübuta yetirilmiş, tələbkar üzərinə düşən öhdəliyi icra etmişdir. İddiaçı cavabdeh Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 qarşı “ icra qeydinin ləğv edilməsi” tələbini mübahisləndirsə də, icra qeydinin ləğvinə əsas ola biləcək hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdeh Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 qarşı “ icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar