Məhkəmə qərarları › İş №e-2(056)-83/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-83/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-83/2025 13.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kreditin, ona hessablanmış faiz və cərimənin qaytarılması» barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kreditin, ona hessablanmış faiz və cərimənin qaytarılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 8529,71 manat məbləğində əsas borc, 996,26 manat məbləğində faiz borcu, 294,97 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9820,94 manat borcun və 121 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə illik 22% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı ASC-nin nümayəndəsi Elvin Quliyev elektron ərizə ilə məhkəmə müraciət edərək iddia tələbini müdafiə edib, məhkəmə iclasının təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, həqiqətən də o, xx.xx.2023-cü ildə iddiaçı Bankdan 10000 manat məbləğində kredit götürmüş, aylıq ödənişi 383 manat təşkil etmişdir. Həmin zaman o, Bolluq firmasında satış təmsilçisi işləyirdi. İşdən çıxdıqdan sonra maddi vəziyyəti ağırlaşmış və o, ödəniş etmək imkanında olmamışdır. Bundan sonra o, Banka yaxınlaşaraq aylıq ödənişlərinin azaldılmasında köməklik göstərilməsini xahiş etmiş, lakin onunla razılaşmayıb məhkəməyə müraciət etmişlər. Onun tələb edilən borc məbləğinə etirazı yoxdur. Lakin həmin məbləği birdəfəyə ödəmək imkanında deyildir. Məhkəmədən həmin məbləğin ayda 50-100 manat həddində ödənilməsinə köməklik göstərilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən Bank qismində çıxış edən “Bank of Baku" ASC müştəri qismində iştirak edən Cavabdeh 36 ay müddətinə illik 22% olmaqla 10000 manat məbləğində kredit vermişdir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 8529,71 manat məbləğində əsas borc, 996,26 manat məbləğində faiz borcu, 294,97 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9820,94 manat borcu vardır Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 121 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin ərizəsini nəzərə alıb, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə illik 22% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Borcalan Cavabdeh aldığı kredit üzrə əsas və faiz borcunun müəyyən hissəsini ödəsə də, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun kredit müqaviləsi üzrə 8529,71 manat məbləğində əsas borc, 996,26 manat məbləğində faiz borcu, 294,97 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9820,94 manat kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcunu ödəməmiş və buna görə də kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik normalarının tələbləri hazırki mübahisəyə tətbiq edildikdə müəyyən olunan hal ondan ibarətdir ki, Cavabdeh bank qarşısında öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı təşkilat cavabdehdən əsas və faiz borcunu tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi bu hissələrdə tam təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 294,97 manat cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin məbləğ azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, hesablanmış 294,97 manat cərimə məbləğinin azaldılaraq 100 manat müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədəuyğundur. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 121 dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün iddianın təmin olunmuş həcmi nəzərə alınaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinın 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Bank of Baku" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən yaranmış 8529,71 manat məbləğində əsas borc, 996,26 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu və ödənilmiş dövlət rüsumunun 110 manat əvəzi olmaqla, cəmi 9735,97 (doqquz min yeddi yüz otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar