Məhkəmə qərarları › İş №e-2(056)-919/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-919/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-919/2024 28.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, İddiaçı QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə 967,64 manat məbləğində kredit borcu, 24,49 manat məbləğində faiz borcu və 648,11 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1640,24 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 36,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 055A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin aynimaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 967,77 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 0,13 manat ödəniş etmiş və onun iddiaçıya 967,64 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 1129 gün üçün hesablanmış faiz borcu 24,49 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 1129 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 648,11 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 055A********** saylı Kredit Müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 055A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin aynimaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 967,77 manat məbləğində kredit götürmüşdür. İş materiallarından görünür ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, Kredit Müqaviləsi üzrə götürdüyü pul vəsaitini faizlə birlikdə qaytarmamaqla bununla da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə əsas, faiz və cərimə borcu yaranmışdır. İş materiallarından görünür ki, bank tərəfindən borcluya pretenziya məktubları göndərilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin təqdim etdiyi arayışdan görünür ki, xx.xx.2019-cu il tarixli 055A********** saylı Kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2023-cü il tarixə Banka yaranmış borc üzrə 967,64 manat məbləğində kredit borcu, 24,49 manat məbləğində faiz borcu və 648,11 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1640,24 manat məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 055A********** saylı Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 648,11 manat cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin məbləğ azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Kredit Müqaviləsindən irəli gələn əsas kredit borcunun 967,64 manat olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 648,11 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunu azaldaraq 96 manat müəyyən edilməsini tərəflərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 36,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia qismən təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 36,40 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 055A********** saylı kredit müqaviləsindən yaranmış borc üzrə 967,64 manat məbləğində əsas borc, 24,49 manat məbləğində faiz borcu, 96 manat məbləğində cərimə borcu və ödənilmiş dövlət rüsumu əvəzində 20 manat olmaqla, ümumilikdə 1108,13 (bir min bir yüz səkkiz manat on üç qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar