Məhkəmə qərarları › İş №e-2(057)-1076/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1076/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1076/2025 19.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmiyyətin xeyrinə 1102.05 manat məbləğində əsas borc, 1253.57 manat məbləğində faiz borcu və 931.68 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3287.30 manat məbləğində borcun və ödənilmiş 52.87 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əkbərov Mirzəyar Allahyar oğluna İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 022A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.25% оlmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 897.95 manat ödəniş etmiş və оnun iddiaçıya 1102.05 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1615 gün üçün hesablanmış faiz borcu 1253.57 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 1615 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 931.68 manat təşkiledir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-298/2024 saylı qərardadından məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 və Cavabdeh1 hüquqi varis kimi işə cəlb edilmişdir. Qeyd etmək istərdik ki, iddia ərizəsi ilə Əkbərov Mirzəyar Allahyar oğluna qarşı Salyan rayon Məhkəməsinə müraciət edildikdə o, artıq vəfat etmişdir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi iddiaçı Əkbərov Mirzəyar Allahyar oğlunun vəfatından sonra onun hüquqi varislərinə qarşı deyil, bilavasitə onun özünə, yəni ölmüş şəxsə qarşı tələb irəlisürüldüyündən iş üzrə icraata xitam vermişdir. Göründüyü kimi, Əkbərov Mirzəyar Allahyar oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Odur ki, Cavabdeh2 və Cavabdeh1müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1102.05 manat məbləğində kredit bоrcu, 1253.57 manat məbləğində faiz bоrcu və 931.68 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3287 (üç min iki yüz səksən yeddi) manat 30 (otuz) qəpik məbləğində bоrcun və tərəfindən ödənilmiş 52.87 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış İddiaçı QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin təşkilatın nümayəndəsi Nicat Ələkbərov məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; xx.xx.2019-cu il tarixli, 022A********** saylı kredit müqaviləsindən görünür ki, Əkbərov Mirzəyar Allahyar oğluna kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,25 % olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Əkbərov Mirzəyar Allahyar oğlunun adına verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 1102.05 manat məbləğində əsas borc, 1253.57 manat məbləğində faiz borcu və 931.68 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3287.30 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsə qismində öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmiş, xx.xx.2024-cü il tarixə onların iddiaçıya 1102.05 manat əsas, 115.43 manat faiz, 931.68 manat cərimə, cəmi 2149.16 manat borcu vardır. Salyan Rayon Məhkəməsinin 2(057)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Əkbərov Mirzəyar Allahyar oğluna qarşı vermiş olduğu iddia ərizəsi üzrə Cavabdeh2 və Cavabdeh1 1102,05 manat əsas, 201,39 manat faiz, hesablanmış cərimə borcuna görə 10 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 23,50 manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh Əkbərov Mirzəyar Allahyar oğlu bankdan pul götürmüş, bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Özü vəfat etdiyindən həmin borc onun varislərindən tutulub iddiaçıya verilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-298/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 2(057)55/2023 saylı, 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2021-cü il tarixdə, yəni Əkbərov Mirzəyar Allahyar oğlunun vəfatından 01 ildən də artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Əkbərov Mirzəyar Allahyar oğlunun vəfatından sonra mübahisəli hüquq münasibətləri hüquq varisliyinə yol versə də, iddiaçı onun hüquq varislərinə qarşı deyil, bilavasitə onun özünə, yəni ölmüş şəxsə qarşı tələb irəli sürmüşdür. Odur ki, kollegiya hesab edir ki, Əkbərov Mirzəyar Allahyar oğlunun vəfatından sonra mübahisəli hüquq münasibətləri hüquq varisliyinə yol versə də, iddiaçı onun hüquq varislərinə qarşı deyil, bilavasitə onun özünə, yəni ölmüş şəxsə qarşı tələb irəli sürdüyündən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)55/2023 saylı, 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 52.87 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, İddiaçı QSC tərəfindən Əkbərov Mirzəyar Allahyar oğluna 18 ay müddətinə illik 2,25 % faiz dərəcəsi ilə 2000 manat kredit verilmişdir. Lakin borclu şəxs Əkbərov Mirzəyar Allahyar oğlu öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ödənilməmiş borcu qalmışdır. Əkbərov Mirzəyar Allahyar oğlu xx.xx.2020-ci ildə vəfat etdiyindən, hazırda iddiaçı tərəfindən onun əmlakına faktiki sahiblik və idarə edən hüquqi varislərinə, yəni Cavabdeh2 və Cavabdeh1 qarşı tələb irəli sürülmüşdür. Məhkəmə istinad edilən mübahisə üzrə tətbiq edilməli maddi hüquq norması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2019-cu il tarixdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər Əkbərov Mirzəyar Allahyar oğlunun arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1288-ci maddəsdinə əsasən, miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir. Həmin Məcəllənin 1306.1-ci maddəsdinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Əkbərov Mirzəyar Allahyar oğlu müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Əkbərov Mirzəyar Allahyar oğlu öldüyündən, arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 Əkbərov Mirzəyar Allahyar oğlundan miras qalmış əmlaka faktiki sahiblik və idarə etdiyindən, bununla da, Cavabdeh2 və Cavabdeh1 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, iddia əsaslıdır. Məhkəmə, iddianın faiz pulu hissəsinə münasibətdə isə qeyd edir ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina edilməsi, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərərək kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və belə olan halda, iddiaçı həmin tarix üzrə (xx.xx.2024-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir. Məhkəmə, həmçinin iddianın cərimə pulu hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar). Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 50 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 20.38 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Əkbərov Mirzəyar Allahyar oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmiyyətin xeyrinə 1102.05 manat məbləğində əsas borc, 115.43 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1267.48 manat borc və ödənilmiş 20.38 manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmiyyətin xeyrinə 1102.05 manat məbləğində əsas borc, 115.43 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1267.48 manat borc və ödənilmiş 20.38 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar