Məhkəmə qərarları › İş №e-2(057)-1140/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1140/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1140/2024 13.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, iddiaçı “FİNCA Azerbaycan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbaycan” X1-Bank Kredit Təşkilatının (bundan sonra “Finca Azerbaycan” MM QBKT) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 1048 manat, faiz borcuna görə 169.04 manat, cərimə borcuna görə 167.56 manat, cəmi 1384.60 (min üç yüz səksən dörd manat altmış qəpik) manat məbləğində borcun və 33.85 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaycan" MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “FİNCA Azerbaycan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış № **********0201 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, borcluya istehlak məqsədləri üçün illik 34 % faiz dərəcəsi olmaqla, 18 ay müddətinə 1700 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 123 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, № **********0***-******* saylı Zaminlik Müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 1048 manat, faiz borcuna görə 169.04 manat, cərimə borcuna görə 167.56 manat, cəmi 1384.60 (min üç yüz səksən dörd manat altmış qəpik) manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit olan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 1048 manat, faiz borcuna görə 169.04 manat, cərimə borcuna görə 167.56 manat, cəmi 1384.60 (min üç yüz səksən dörd manat altmış qəpik) manat məbləğində borcun və 33.85 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaycan" MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Həmin Məcəllə) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdehlər Cavabdeh1 xx.xx.2024-cü il tarixdə, Cavabdeh2 isə xx.xx.2024-cü il tarixdə həmin bildirişləri qəbul etmiş, lakin cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, № **********0201 nömrəli kredit müqaviləsindən görünür ki, “FİNCA Azerbaycan” MM QBKT Cavabdeh1 18 ay müddətinə illik 34 % dərəcəsilə 1700 manat məbləğində kredit vermişdir. İş materiallarında olan № **********0***-******* saylı, xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit götürən Cavabdeh1 öhdəlikləri üçün bank qarşısında zamin kimi üzərinə öhdəlik götürmüşlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borc üzrə 1048 manat, faiz borcu üzrə 169.04 manat, cərimə borcu üzrə 167.56 manat olmaqla, cəmi 1384.60 manat məbləğində borcu vardır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, iddiaçı “FİNCA Azerbaycan” MM QBKT tərəfindən dövlət nəfinə 33.85 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 470.1-ci maddəsin əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 167.56 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 20 manat məbləğində pul tutulmalıdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1048 (bir min qırx səkkiz) manat, faiz borcuna görə 169.04 (bir yüz altmış doqquz manat dörd qəpik) manat, cərimə borcuna görə 20 (iyirmi) manat, cəmi 1237.04 (bir min iki yüz otuz yeddi manat dörd qəpik) manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 32.40 (otuz iki manat qırx qəpik) manat pul tutulub İddiaçı MM QBKT-nə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284- 1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə əsas borc üzrə 1048 (bir min qırx səkkiz) manat, faiz borcuna görə 169.04 (bir yüz altmış doqquz manat dörd qəpik) manat, cərimə borcuna görə 20 (iyirmi) manat, cəmi 1237.04 (bir min iki yüz otuz yeddi manat dörd qəpik) manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 32.40 (otuz iki manat qırx qəpik) tutulub “FİNCA Azerbaycan” QBKT MM-nin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar