Məhkəmə qərarları › İş №e-2(057)-1140/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-1140/2025

10.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-1140/2025 10.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Cavabdeh və maraqlı şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə qarşı “aliment məbləğinin indeksasiya olunması” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh və maraqlı şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə qarşı “aliment məbləğinin indeksasiya olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 19 okyabr 2015-ci il tarixli, 2 (053)-913/2015 saylı qətnaməsi ilə tutulmuş aliment məbləğı dəyişdirilməsi və xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.616 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçi İddiaçı geri qaytarılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-913/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Bədəlova (Məlikova) Aynurə Arif qızı arasında olan 17 iyun 2009-cu il tarixli Neftçala Rayon Qeydiyyat Şöbəsində 137 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş Arif və xx.xx.2012-ci ildə doğulmuş Ramal adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində Bədəlova (Məlikova) Aynurə Arif qızının xeyrinə tutulması qət edilmişdir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən aliment indeksləşdirmənin obyektlərindən biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən xx.xx.2024-cü il tarixli, 15 №-li qərarında qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi hazırki iş üzrə ərizəçinin indeksasiya olunmasını tələb etdiyi aliment Neftçala Rayon Məhkəməsinin 2(053)-913/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında onun xeyrinə Cavabdeh tutulur, yəni qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq icraya nəzarət edən məhkəmə məhz sözügedən qətnamənin çıxarıldığı Neftçala Rayon Məhkəməsidir. Həmçinin, məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, o, Neftçala Rayon Məhkəməsinə müraciət edərkən iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında ərizə ilə müraciət etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizə icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, ərizə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, MPM-in 153, 232, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh və maraqlı şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə qarşı “aliment məbləğinin indeksasiya olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar