Məhkəmə qərarları › İş №e-2(057)-1379/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-1379/2024

14.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-1379/2024 14.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2810.61 manat və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı MMC-yə geri qaytarılmalıdır. Belə ki, ərizənin forması və məzmunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Həmin Məcəllənin) 284-3-cü maddəsinin tələblərinə riayət edilməməklə məhkəməyə verilmişdir. Mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Həmin Məcəllənin 284-3.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-3.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.1. ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). İddia ərizəsinin giriş hissəsində cavabdehin adı, soyadı, atasının adı, qeydiyyatda olduğu poçt ünvanı göstərilməmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş sənədlər arasında olan iddia ərizəsinin ksero surətindən görünür ki, Cavabdeh ünvanı ünvan 1i ilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1 və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin tələblərinə görə poçt ünvanları dedikdə cavabdeh fiziki şəxsin qeydiyyatda olduğu ünvan nəzərdə tutulmuşdur. Bu məsələ işdə iştirak edən şəxsin məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda isə həm də işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin məhkəmə qeyd edir ki, Salyan Rayon Məhkəməsinin e-2(057)-1300/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Lakin yenə də, İddiaçı MMC eyni cavabdehə qarşı, eyni məzmunda, eyni tələblə, nöqsanları aradan qaldırmadan məhkəməyə ərizə təqdim etmişdir. Beləliklə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən icraata qəbul olunaraq baxılması mümkün deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 152, 284.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC-yə qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar