Məhkəmə qərarları › İş №e-2(057)-1394/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1394/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1394/2025 23.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 300 manat əsas borc, 15 manat faiz, 43.24 manat verilmiş kredit üzrə xidmət haqqı və 181.50 manat cərimə borcu olmaqla, cəmi 539.74 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh www.manato.az saytı vasitəsilə bağladığı xx.xx.2023-cü il tarixli, **********003 saylı mikro kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-dən borcalanın sorğusu əsasında şəxsi məqsədləri üçün 30 gün müddətinə illik 60.85% ödəmək şərtilə 300 manat məbləğində kredit götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********003 saylı mikro kredit müqaviləsinə görə, "xxxx" BOKT MMC tərəfindən cavabdehə verilən mikro kredit məbləği üzrə xidmət haqqının məbləği 43.24 manat təşkil etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinin 2-ci yarımbəndinə əsasən borcalan müqavilənin şərtlərinə uyğun olaraq verilmiş mikro kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. "xxxx" BOKT MMC tərəfindən həmin mikrokredit müqaviləsi üzrə tələb hüququ xx.xx.2024-cü il tarixli 02/24 nömrəli müqavilə əsasında "xxxx" BOKT MMC-dən İddiaçı ASC-yə güzəşt edilmişdir. Hazırda mübahisənin aid olduğu maddi hüquq münasibətinin tərəfi kimi İddiaçı ASC çıxış edir. Tələb hüququ ötürülən tarixdə borcun məbləği 539.74 manat təşkil etmişdir (tələb hüququnun keçməsinə dair müqavilənin surətini qoşmada təqdim edirik). Tələb güzəşt edilən tarixdən sonra cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Hazırda cavabdehin xx.xx.2023-cü il tarixli, **********003 saylı müqavilə üzrə əsas və faiz borcu 315 manat təşkil edir. Mikrokredit müqaviləsinin 1.13-cü bəndinə görə, öhdəliklərin vaxtında yetirilməməsinə görə kreditor cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,7%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 181,50 manat təşkil edir. Cərimə borcu bu qayda ilə hesablanır: 300 AZN*0,7%=2,1 AZN (Gündəlik gələn gecikmə cərimə faizidir). Əlavə olaraq 2,1 AZN*86 (Gecikmə günü sayı)=181,50 AZN (1.13-cü bəndində qeyd olunan gecikmə günlərinə görə olan 0.7% məbləği). Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2023-cü il tarixli, **********003 saylı müqavilə üzrə 300 manat əsas borcu, 15 manat faiz, 43,24 manat verilmiş kredit üzrə xidmət haqqı və 181.50 manat cərimə borcu olmaqla, cəmi 539.74 (beş yüz otuz doqquz manat yetmiş dörd qəpik) manat borcu yaranmışdır (maliyyə arayışı əlavə edilmişdir). Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada (pretenziya qaydasında) həll edilməsi cəhdi nəticə verməmişdir. Pretenziya məktubu cavabdehin kredit müqaviləsində qeyd edilən elektron poçt ünvanına və WhatsApp vasitəsilə mobil nömrəsinə təqdim edilmişdir (müvafiq ekran fotoları qoşmadadır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan № **********003 saylı, xx.xx.2023-cü il tarixli “Kredit müqavilədən” görünür ki, "xxxx" BOKT MMC-dən Cavabdeh sorğusu əsasında şəxsi məqsədləri üçün 30 gün müddətinə illik 60.85% ödəmək şərtilə 300 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan, "xxxx" BOKT MMC ilə İddiaçı ASC arasında imzalanan № 2509/24 saylı, xx.xx.2024-cü il tarixli “tələb hüququnun satılması haqqında” müqavilədən görünür ki, "xxxx" BOKT MMC tərəfindən həmin mikrokredit müqaviləsi üzrə tələb hüququ "xxxx" BOKT MMC-dən İddiaçı ASC-yə güzəşt edilmişdir və hazırda mübahisənin aid olduğu maddi hüquq münasibətinin tərəfi kimi İddiaçı ASC çıxış edir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 539.74 manat borcun vardır. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə gecikdirilmiş borcunun olması, yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 181.50 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 05 manat məbləğində pul tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 300 (üç yüz) manat əsas borc, 15 (on beş) manat faiz, 05 (beş) manat cərimə, 43.24 (qırx üç manat iyirmi dörd qəpik) manat verilmiş kredit üzrə xidmət haqqı və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulub İddiaçı ASC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat əsas borc, 15 (on beş) manat faiz, 05 (beş) manat cərimə, 43.24 (qırx üç manat iyirmi dörd qəpik) manat verilmiş kredit üzrə xidmət haqqı və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar