Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-143/2025 16.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı X1 və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4099 (dörd min doxsan doqquz) manat məbləğində pulun və 61 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ildə Azərbaycan Respublikası Dəmir Yolları QSC-də 8-ay referent vəzifəsində işlədikdən sonra operator vəzifəsinə keçirilməsi təklifini qəbul edib vəzifəyə keçməzdən öncə bir neçə müddət operator vəzifəsini öyrənərək vəzifəni dəyişmişdir. Bu müddət ərzində Vüsal adlı şəxslə tanış olmuş və Vüsal da Azərbaycan Respublikası Dəmir Yolları QSC-nin liman sahəsində işləmişdir. Operator vəzifəsinə keçdikdən sonra iş yeri üzrə ondan əlavə 4-5 nəfər növbəli şəkildə qatarların gedişinə nəzarət etmişlər. Cavabdeh vəzifəyə təyin edilməsi üçün imtahan suallarına köməklik göstərilməsi məqsədi ilə nömrəsini götürmüş, arabir suallarla bağlı məsləhətlər almışdır. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Cavabdeh ailəli olmaqla yaxın müddətlərdə övladının olması barədə məlumat almışdır. “LEO” bank müştərisidir və kart hesabında 2000 manat pulu olmuşdur. Telefonunda pul köçürmələri ilə çətinliyi olduğundan bir dəfə Vüsaldan məsləhət almışdır. Çalışdığı sahədən əlavə reklam işlərinə həvəsi olduğundan işdən kənar müddətdə bu sahədə çalışmışdır. Reklam işləri ilə bağlı Novxanıda yerləşən bir restoranın işıqlı reklamının dizaynını hazırlamışdır. Restoranın rəhbəri kimi tanıdığı Tural Mahmudov adlı şəxs işin sonunda 300-400 manat borclu qalmış, lakin qalıq pulu qaytarmamışdır. Çalışdığı operator vəzifəsi ürəyincə olmadığından Dərinözüllülər zavodunda işə düzəlmək üçün vakinsayalar araşdırmışdır. Bu barədə danışıqlar zamanı Vüsal məlumatlı olmuşdur. Vüsal Dəmir yolları ASC-də insan resurslarında tanışı olmasını başqa vəzifəyə keçirilməsinə köməklik edəcəyini və əlavə tanışlarının işə düzəlməsinə köməklik edəcəyini bildirmiş və bu barədə düşünəcəyini cavabdehə bildirmişdir. Bir neçə gün sonra rəfiqəsinə işlə bağlı təklif etmiş və sonradan rəfiqəsilə Vüsalı tanış etmişdir. Bu minvalla bir neçə sahə üzrə danışıqları olmuşdur. xx.xx.2024-cü il tarixdə Vüsal ona pulu olmadığını və ondan yol pulu olaraq 40 manat borca pul istəmişdir. Bir neçə gün sonra xx.xx.2023-cü il tarixdə daha 60 manat borc istəmişdir. 60 manatı onun kart hesabına atmışdır. Vüsal onun hesabında pulun olmasını bildiyindən ona müraciət edərək Şirvan şəhər Polis Şöbəsində saxlanıldığını və təcili pul lazım olduğunu, hesabında olan 2000 manat pulu ona göndərməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə 163 manat, xx.xx.2023-cü il tarixdə 1836 manat pulu ona göndərmişdir. Vüsal qısa müddətdə bütün borclarını qaytaracığını bildirmişdir. Daha sonra Vüsal bildirmiş ki, polisdə saxlanmağı barədə ailəsinin məlumatı olmadığını içkili olmaqla əmisi oğluna bıçaqla xəsarət yetirməsini və bu işin bağlanması üçün 10 000 manat pul lazım olduğunu Dəyanət adlı dostundan borc pul aldığını tam pulu düzəlmədiyini bildirmişdir. Həyat yoldaşının hesabında 2000 manat pulun olmasını bildiyini bilmişdir. Polisdə işini yekunlaşdırıb, mülkiyyətində olan nəqliyyat vasitəsini satıb borcunu qaytaracağını demiş o da onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə zəng edərək Dəyanət adlı dostunun 5000 manat gətirdiyini 3000 manat pulunun çatmadığını bildiməklə bankdan 3000 manat kredit götürməsini qısa müddətdə qaytaracağını bildirmişdir. Kapital banka onlayn kredit üçün müraciət etmiş və bankın Lökbatan filialından 3100 manat kredit götürmüşdür. Tanışları vasitəsi ilə bu iş barədə maraqlanmış bu barədə Vüsalla danışanda sonuncu işini həll etdiyini və artıq pula ehtiyacı olmamasını bildirməklə telefonu söndürmüşdür. Bankdan götürdüyü həmin 3100 manat puldan 2000 manatını LEO bank kartına köçürmüşdür. Həmin günü axşamı Vüsal ona zəng edərək Polis Şöbəsindən çıxaraq işini həll etdiyini lakin Dəyanətin pulunu dayısının qaytardığını, pis vəziyyətə düşdüyünü, köməklik etməsini və kredit götürdüyü 3000 manatı göndərməsini xahiş etmişdir. Leobank kartında olan 2000 manatı hissəli şəkildə cavabdehə göndərmişdir. Cavabdeh ümumilikdə 4099 manat pul vermişdir. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, cavabdeh pulun qaytarılmasından müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdehdən pulun alınmasını başqa yolla həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən 4079,92 manat pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq, cavabdehdən borca pul almadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Vüsal özü dostu Murtuzun adına kartın şəklini ona göndərmiş və pulları həmin karta göndərməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndəsi olduğu şəxsin dediklərini bir daha təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçıdan borca pul almamışdır. “Whatsapp” tətbiqindəki yazışmalarda Fəridəyə borcunun olduğunu bildirsə də, o, Fəridənin xahişi ilə bu mesajları yazmışdır. Belə ki, Fəridə ona demişdir ki, rəfiqəsi ondan pul istəyir və buna görə ondan xahiş etmişdir ki, yazışmalarda elə yazsın ki, guya Fəridəyə borcu vardır və qaytaracaqdır. Fəridənin bu xahişini yerinə yetirərək, yalnız onun istəyinə əsasən, həmin məzmunlu mesajları göndərmişdir. Fəridəyə heç bir borcu yoxdur, bu yazışmalar yalnız formal xarakter daşımışdır. Əksinə, Fəridəyə atasının xəstə olması səbəbindən 3800 manat pulu nağd şəkildə dostlarının yanında borca vermişdir. Fəridənin Murtuzun kartına göndərdiyi həmin pullar da Fəridənin borcu olmuşdur. Fəridəyə borcunun olmadığını bildirərək, iddianı qəbul etmədiyini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirmişdir ki, dəniz qırağında Novxanıda olan zaman Fəridə xanım Vüsala yaxınlaşmış, atasının xəstə olduğunu bildirmiş, Vüsal da 1800 manat pulu ondan borca alaraq, yerdə qalan 2000 manatı özü qoymuş və 3800 manat pulu Fəridə xanıma vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK2886238B299 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 19.5% faiz dərəcəsi ilə 3100 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş “Whatsapp” yazışmalarında olan fotoşəkillərdən görünür ki, iddiaçı X4 ilə Cavabdeh arasında borc barəsində mütəmadi danışıqlar aparılmış, cavabdeh borclu olduğunu etiraf etmiş və borcunu yaxın günlərdə qaytaracağını bildirmişdir. İş matetriallarına əlavə olunmuş Murtuz Ş. məxsus kart hesabına 1 iyul 2023-cü il tarixdən 1 avqust 2024-cü il tarixədək müxtəlif məbləğlərdə yekun olaraq 4079.92 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 61 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Qaradağ Rayon Polis idarəsinin 11-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenatı X2 tərəfindən qəbul edilmiş 22 avqust 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, vətəndaş X1 müraciəti əsasında toplanmış matreal üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhər Qaradağ Rayon Polis idarəsinin 11-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenatı X2 tərəfindən aparılan araşdırma zamanı izahatı alınmış X4 izahatında qeyd etmişdir ki, Cavabdeh ilə 2023-cü ilin iyul ayında birlikdə işlədiyi Azərbaycan Respublikası Dəmir Yolları QSC-nin yük daşımalar departamentinin Ələt stansiyasında tanış olmuş, həmin şəxslə yaxın münasibəti olmuş lakin qeyri rəsmi münasibətdə olmamışdır. Onunla işlədiyi tarixdə “LEO” bank kartına 2000 manat məbləğində kredit ehtiyacı olmadan pul vəsaiti yüklənmişdir. Pula ehtiyacı olmadığından proqram vasitəsilə geri qaytarmağa çalışmış lakin bacarmadığı üçün işdə Vüsala da baxmasını xahiş etmişdir. Vüsal baxmış və mümkün olmadığını bildirmişdir. Həmin məsələdən 2-3 gün sonra gecə saat 23:00 radələrində Vüsal ona Whatsappda tez-tez yazmağa başlamış çətində olduğunu polisə düşdüyünü və təcili pul lazım olduğunu bildirmiş və “LEO” bank kartında olan 2000 manat pulu ona atmasını xahiş etmişdir. Bu barədə ailəsində problem olacağını bildirmiş Vüsal da uzağı 2 günə maşınını satıb pulu ödəyəcəyinə söz vermişdir. İş yoldaşı olduğunu düşünərək ona köməklik məqsədilə 2000 manat pulu ona yollamışdır. Səhəri gün xx.xx.2023-cü il tarixdə Vüsal ona zəng edərək, polisdə vaxt qoyulduğunu günortaya kimi 10000 manat verməli olduğunu həmin pulun 5000 manatını dostundan aldığını 2000 manat vermiş olsa belə hələ də 3000 manat təcili lazım olduğunu bildirmiş və bu səbəbdən bankla maraqlanmasını kredit düşürsə ona köməklik etməsini xahiş etmişdir. Kapital banka kredit üçün müraciət etmiş və bankın Lökbatan filialından 3100 manat kredit götürmüşdür. Həmin vaxtda Vüsalın düşdüyü vəziyyətdə kömək ola bilməsi üçün bəzi tanışları ilə telefonla əlaqə saxlamış və bu işin şübhəli olduğunu düşünmüş və Vüsala zəng edərək hansı polis bölməsində olduğunu soruşaraq onunda kömək ola bilməsi üçün polisdə tanışlarının olduğunu bildirmişdir. Vüsal artıq bu məsələnin həll edildiyini və heç bir polisi bu məsələyə qarışdırmamasını bildirmişdir. Pula artıq ehtiyac olmadığından Bankdan götürdüyü həmin 3100 manat puldan 2000 manatını LEO bank kartına 1000 manatını Kapital bank birbank kartına geri qaytarmışdır. Sonra Vüsal anası və yoldaşının qızılları olan şəkil atmış və həmin gün gecə xahiş etmiş ki, qızılları lombarda qoysa ailəsində ciddi problemlər olacağını mümkünsə LEO” bank kartında olan 2000 manat pulu ona göndərməsini xahiş etmişdir. 2-3 gün ərizdə 2078 manat pulu onun kartına hissəhissə ödəmişdir. Həmin şəxsə sonuncu dəfə yaşadığı Qaradag rayon Ələt qəsəbəsi ünvan 1 ünvanda olan zaman 20 avqust 2023-cü il tarixdə saat 00:13 radələrində LEO” bank mobil tətbiq vasitəsilə Vüsal tərəfindən göndərilmiş Murtuz.Ş. adlı şəxsin LEO” bank kart hesabına 80 manat pul göndərmişdir. Cavabdeh borc niyyəti ilə aldığı ümumilikdə aldığı məbləğdən 12 oktyabr 2023-cü il tarixdə saat 13:57 radələrində ona məxsus olan LEO” banka aid kart hesabına 124 manat pul vəsaiti geri qaytaılmışdır. Aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında qeyd etmişdir ki, 2023-cü ilin may ayında Azərbaycan Respublikası Dəmir Yolları QSC-nin Ələt dəmir yolu stansiyasında texnazor vəzifəsində işlədiyi müddətdə tanışlığı yarandıqdan sonra sevgili zəmində yaranan münasibət zamanı Fəridə ilə həftə içi ara günlər Bakı şəhərində yerləşən Novxanı Banuçiçək dəniz qırağı restoranında görüşmüş və münasibətləri olduğu müddətdə toplam 10000 manatdan çox pul xərcləmişdir. Hər həftə görüşən zaman 600 manatdan çox pul onun tərəfindən xərclənmişdir. Xərclənən pullar bölünərək, kimə nə qədər pul düşübsə həmin pul onun kartına ödənilmişdir. Fəridə dəfələrlə ona borc qismində pul verməsini xahiş etmiş və günlərin birində Novxanı çimərliyində istirahət edən zaman Fəridəyə zəng gəlmiş uzaqlaşaraq geri gəldiyində üzündə narahatçılıq olduğu hiss olduğundan nə baş verdiyini soruşmuş və Fəridə ona 5000 manat pul lazım olduğunu bildirmişdir. Səbəbini soruşduqda ətraflı izah etməsə də bu söhbətdən yoldaşının xəbər tutmasından qorxduğunu bildirmiş və köməklik məqsədilə üstündə olan 2800 manat pulu həmin vaxt yanında olan tanışı Nurlandan da 1000 manat alaraq ona vermişdir. Həmin pulu dostları Nurlan, Miraslan və Dəyanətin yanında vermişdir. Fəridə də qısa müddətdə kredit götürüb qaytaracağını demişdir. Bir müddət sonra Fəridə pulu qaytarması üçün ona gecə saatlarında zəng edərək bank kartı göndərməsini xahiş etmiş, lakin üstündə bank kartı olmadığından yanında olan dostlarının birinin kartını ona göndərmişdir. X7 adına olan karta 1800 manat göndərmiş borclu qaldığı 2000 pulu qısa zamanda qaytaracağını bildirmişdir. Bir müddət sonra bank kartı vasitəsilə yenidən Murtuz Şükürovun adına olan karta 2000 manat pulu da geri qaytarmışdır. Bir neçə dəfə Fəridəyə 100, 50 manat məbləğlərində pul göndərmişdir. Bir müddət sonra işdən çıxmış aralarındakı münasibət soyumuşdur. Fəridə ona zəng vuraraq rəfiqəsinin ondan borca pul istəməsini demiş, onun yanında ona zəng vuracağını və borcunu nə vaxta qaytaracağını deməsini xahiş etmişdir. Vaxt qazanmaq üçün onu tez-tez yığmış və borcunu nə vaxt qaytaracağını demişdir. Bir neçə ay keçdikdən sonra ona zəng gəlmiş və Fəridənin yoldaşı olduğunu demiş onunla görüşmək istədiyini bildirmişdir. Görüşmək istəmədiyini demiş, lakin narahat olmağa başlamışdır. Daha sonra həmin şəxs yığaraq hədə-qorxu gəlmiş və Fəridənin adında olan krediti ödəməyini tələb etmişdir. O, da bu haldan narahat olmuş və ailəsində söz-söhbət yaranmamasın deyə ödəcəyini bildirmişdir. Fəridəyə borcu olmamış, heç vaxt Şirvan şəhər polis şöbəsində saxlanılmamış, məsuliyyətə cəlb olunmadığı üçün Fəridədən borca pul istəməmiş, əksinə fəridə ilə yaşadığı müddət ərzində ona 10000 manatdan çox pul xərcləmiş və borc pulda vermişdir. Fəridə isə ona olan borclarını qaytarmamışdır. Fəridənin barəsində şikayət etməsinin səbəbi odur ki, onunla ailə kimi bir yerdə bir ilə kimi yaşamışlar, hazırda ondan ayrıldığı üçün barəsində yalandan və əsassız böhtan xarakterli ərizə yazaraq şikayət etmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı X4 Cavabdeh müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə (3000 manatdan çox olmamaqla) ümumilikdə 4079,92 manat məbləğində borc pul vermişdir. Cavabdeh məhkəmə iclasında yazışmalarda olan borc etirafı ilə bağlı həmin mesajları əslində Fəridənin xahişi ilə, guya ona borcu varmış kimi yazdığını və iddiaçının ona 3800 manat borclu olduğunu, karta göndərilən bu məbləğlərin də borcundan qaytarıldığını bildirsə də, iddiaya olan etirazın əsası kimi istinad etdiyi hallara dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadəsi olmuşdur ki, bununla bağlı məhkəmə qeyd edir ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə, iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hazırki işdə şahid cavabdehin dostu olmaqla verdiyi ifadə də cavabdehin maraq və mənafeyinə uyğun olmaqla, ifadəsində göstərdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmamışdır. Bu halda isə şahid ifadəsi sübut növü kimi qiymətləndirilmə bilməz. Məhkəmə, həmçinin, qeyd edir ki, şahid ifadəsində verilən məlumatlar başqa sübutlarla birgə təqdim edilsəydi, bu məlumatlar digər sübutlarla birlikdə əlaqəli şəkildə tədqiq edilib qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənaətə gəlməsi üçün faydalı ola bilərdi. Əksinə, məhkəmə tədqiqi zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olmuşdur. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə qaldırdığı iddia əsaslı və qanunidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən, əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 61 (altmış bir) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4079,92 (dörd min yetmiş doqquz manat doxsan iki qəpik) manat və məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 61 (altmış bir) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 4079,92 (dörd min yetmiş doqquz manat doxsan iki qəpik) manat və məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 61 (altmış bir) məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-143/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-143/2025
16.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver