Məhkəmə qərarları › İş №e-2(057)-1552/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1552/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1552/2023 27.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 may 2021-ci il tarixli müqaviləsinə əsasən 12500 manat məbləğində pulun və ödənilmiş 127.50 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 17 may 2021-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh Bayram oğlu tərəfindən təsdiq edilmişdir. Qeyd edir ki, 17 may 2021-ci il tarixli müqaviləyə əsasən o, 12500 (on iki min beş yüz) manat məbləğində pulu borc verməyi, Cavabdeh isə həmin borcu xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin qeyd olunan borc uzun müddət keçməsinə baxmayaraq əsassız olaraq geri qaytarılmamışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün heç bir ödəniş etməmişdir. Odur ki, Cavabdeh 17 may 2021-ci il tarixli müqaviləsinə əsasən 12500 (on iki min beş yüz) manat məbləğində pulun və ödənilmiş 127.50 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin elektron sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, yaranan borc işlə bağlı olan borcdur. Ona satmaq üçün mal vermişlər. Sonra zavod bağlandığı üçün ondan borcu tələb edirlər. O, hazırda həmin firmanın mağazasını işlədir. O, malı satmamış pulunu tələb etmişlər. Rəhbərliyə məlumat vermişdir ki, pulu dekabr və yanvar aylarında ödəyəcəkdir. Hazırda “Mərəndi” şərab evindən mal qəbul edir. O, Salyan, Neftçala zonası üzrə onların rəsmi distribütorudur. Əhalidən pulları yığıb onlara təhvil verəcəkdir. İlin sonuna kimi ona ödəniş etmək üçün vaxt verilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia vermişdir, həmin iddianı bütövlükdə qəbul edir. Bu barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixində tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 12500 (on iki min beş yüz) manat pulu faizsiz olaraq borc vermiş, Cavabdeh həmin məbləği almış və 17 may 2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materialında olan bildiriş (pretenziya) məktubundan görünür ki, cavabdehə borc məbləği qeyd olunan müddət ərzində ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən borcun tutulması ilə əlaqədar qanunvericiliklə və müqavilədə nəzərdə tutulmuş prosedurlar başlanılacaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, Cavabdeh qaytarılmamış borca görə 12500 (on iki min beş yüz) manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün Cavabdeh 17 may 2021-ci il tarixli müqaviləsinə əsasən 12500 (on iki min beş yüz) manat məbləğində pulun və ödənilmiş 127.50 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi tələbi barədə iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 127.50 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12500 (on iki min beş yüz) manat pul və ödənilmiş 127.50 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 17 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 12500 (on iki min beş yüz) manat pul və ödənilmiş 127.50 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar