Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1723/2023 07.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə dəymiş ziyan tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: "xxxx" QSC rayon məhkəməsinə verdiyi iddia ərizəsində vurulan maddi ziyana görə 6737,66 manat və dövlət rüsumu kimi ödənilmiş 88 manat, ümumilikdə 6825,66 manat məbləğin Cavabdeh alınıb "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin nümayəndəsi X1 bildirmişdir ki, xx.xx.2022-ci ildə saat 18:01 radələrində 6619 saylı Bakı-Pirşağı Sumqayıt marşurutu ilə hərəkət edən STADLER EŞ2-009 markalı elektrik qatarı Böyük-Şor-Bakıxanov mənzilinin 10-cu km piket 8-də hərəkətdə olarkən mühafizə zolağı torunun daxilində dəmir yolu xətti üzərinə bir baş iribuynuzlu heyvan çıxmış və nəticədə qatarla toqquşma zamanı qatarın müəyyən hissələri əzilərək cəmiyyətə zərər dəymişidr.Faktla bağlı araşdırma aparılmış və müəyyən olunmuşdur ki, həmin qara mal cavabdehə məxsus olmuş, sonuncu qeyd olunan heyvanı Bakı şəhərində yaşayan Rəfayıl adlı şəxsə satmışdır.Heyvan maşından düşürülərkən kəndirdən qırılıb qaçmış və dəmir yolun mühafizə zolağına çıxmışdır.Qeyd olunan hadisə ilə bağlı cəmiyyətə 6737,66 manat zərər dəymişdir.Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki, 2022-ci ilin dekabr ayında 5 baş heyvanı Rəfayıl adlı şəxsə satmış, heyvanları Emin adlı şəxsin avtomaışını ilə Bakı şəhərinə yollamışdır. Rəfayılın heyvan qəbulu məntəqəsində özünün səhlənkarlığı nəticəsində heyvan qaçıb dəmir xətti yoluna çıxmışsa onun bu işdə heç bir təqsiri olmamışdır.Heyvan qəbulu məntəqəsində hər cür şərait olmalı və oxşar halların yol verilməməsi üçün tədbirlər görülməli idi. Lakin Rəfayıl buna əməl etməmiş və ona görə də cavabdehliyi Rəfayıl özü daşıyır.Qeyd olunan səbəblərə görə verilmiş iddianın rədd olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş "xxxx" QSC tərəfində verilmiş arayışın surətindən görünür ki, cəmiyyətə 6737,66 manat ziyan dəymişdir. Sabunçu st. XPŞ-nın İstintaq Qrupunun müstəntiqi Aydın Musayevin qəbul etdiyi cinayət işinin başlanmasının rədd olunması barədə 27 fevral 2022-ci il tarixli qərarın surətindən görünür ki, qeyd olunan fakt üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, baş vermiş hadisə ilə bağlı cavabdehin heç bir təqsiri olmamışdır. Cavabdeh mülkiyyətində olan 5 baş iri buynuzlu heyvanı Rəfayıl adlı şəxs satın almış, satıcı malı Emin adlı şəxsin maşını ilə Bakı şəhərinə yola salmışdır.Heyvanların qəbulu zamanı heyvanı alan şəxsin ehtiyatsız hərəkətləri nəticəsində heyvan qaçaraq dəmir yoluna çıxmış və nəticədə hadisə baş vermişdir.Belə olan halda cavabdehin hərəkətləri ilə baş vermiş hadisə və nəticə arasında heç bir səbəbli əlaqə olmamışdır.Ona görə də onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır.İddiaçı belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: "xxxx" QSC-nin vurulan maddi ziyana görə 6737,66 manat və dövlət rüsumu kimi ödənilmiş 88 manat, ümumilikdə 6825,66 manat məbləğin Cavabdeh alınıb "xxxx" QSC-yə ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-1723/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1723/2023
07.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver