Məhkəmə qərarları › İş №e-2(057)-1978/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-1978/2025

08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-1978/2025 08.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Alıyev Rüstəm Böyükağa oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “sığorta ödənişi məbləğinin tutulması” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “sığorta ödənişi məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 790 (yeddi yüz doxsan) manat sığorta ödənişi məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 820 (səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Daha sonra özünü mülki iş üzrə Cavabdeh qardaşı kimi göstərən X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, qardaşı xx.xx.2024-cü il tarixdə “Bronxların və ağciyərin yuxarı payının xərçəngi” xəstəliyindən vəfat etmişdir və bu barədə Xəzər rayon qeydiyyat şöbəsindən xx.xx.2024-cü il tarixində verilmiş X2 surətini ərizəsinə əlavə edir. Ona görə də, həmin mülki işin icraatı dayandırılmalıdır. Ərizəyə ələvə edilmiş X2 ksero surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür. Həmçinin AZEMİS vasitəsi ilə şəxsin şəxsi məlumatlar bölməsindən əldə edilmiş məlumat vərəqindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Belə ki, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh hesab edilmədiyindən iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 50.1ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Göstərilənlərə əsasən qeyd edilməlidir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh qismində göstərilən Cavabdeh ölmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində fiziki və hüquqi şəxslər çıxış edə bilər ki, iddiaçı hazırki halda hüquq qabiliyyəti olmayan ölmüş şəxsə qarşı iddia qaldırdığından və Cavabdeh iş üzrə cavabdeh hesab edilmədiyindən bu iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə icraata xitam verilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və MPM-in 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “sığorta ödənişi məbləğinin tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar