Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2004/2024 10.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişi” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" ASC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1530 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun 35.3 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdı ki, xx.xx.2020-ci il tarixində, saat 19:30 radələrində Xırdalan şəhəri, H.Əliyev prospekti ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “VAZ 21063” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. “VAZ 21063” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. X2 ATXS-i tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli, qiymətləndirmə aktından görünür ki, “Chevrolet Cruze” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1530 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən, 1530.00 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(012)-306/2020 saylı qərarından və tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Əliyev X6 Xətalar Məcəlləsinin 332.4-cü (Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər) maddəsi ilə təqsirli bilinmiş, barəsində 10 gün müddətində inzibati həbs olunması tənbeh növü tətbiq edilmişdir. Göstərilənlərə əsasən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1530 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun 35.3 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21063” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin № 3(012)-306/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati həbs olunmuşdur. İş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “Chevrolet Cruze” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1530 manat zərər dəymişdir. İş materiallarında olan PXA60593 saylı Sığorta Aktından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində baş vermiş hadisə nəticəsində "xxxx" ASC tərəfindən sığortalanmış “Vaz 21063” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Cruze” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən hadisə nəticəsində “Chevrolet Cruze” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1530 manat zərər "xxxx" ASC tərəfindən X3 ödənilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 19:30 radələrində Xırdalan şəhəri, H.Əliyev prospekti ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı mülkiyyətçisi X4, sürücüsü Cavabdeh olan “Vaz 21063” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə mülkiyyətçisi X5, sürücüsü X7 olan “Chevrolet Cruze” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. "xxxx" ASC-nin 27 iyul 2021-ci il tarixli məktubundan görünür ki, cavabdehə ödənilmiş 1530 manat sığorta ödənişinin "xxxx" ASC-yə ödənilməsinin zəruriliyi, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən dövlət nəfinə 35.3 manat məbləğində pul ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 19.1-ci maddəsinə əsasən sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. 19.2-ci maddəsinə əsasən bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəllənin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 1530 (min beş yüz otuz) manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun 35.3 (otuz beş manat otuz qəpik) manat pulun əvəzi tutulub "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1530 (min beş yüz otuz) manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun 35.3 (otuz beş manat otuz qəpik) manat pulun əvəzi tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-2004/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2004/2024
10.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver