Məhkəmə qərarları › İş №e-2(057)-2051/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2051/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2051/2024 28.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" KB ASC) Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6500 manat əsas, 889.80 manat faiz, 24.88 manat cərimə, cəmi 7414.68 manat borcun, 0.40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 94.15 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq Ərizə-Anket və İmza nümunəsi formasını imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.leobank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta” ilə, barəsində məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olduğunu, elektron formada anaoloq imza ilə və razılaşdığını təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 5.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixədək illik 27.6 (aylıq 2.3) % olmaqla 6500 manat kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit xətti № AGİD**********7). Ümumi Ofertanın 5.7.15-ci bəndinə əsasən Bank kredit xəttinin limitini birtərəfli qaydada artıra bilər. Bu zaman Borcalan razı olmadığı təqdirdə limitdən istifadə edənədək mobil əlavə vasitəsi ilə bu limiti azalda bilər. Ümumi Ofertanın 5.1-ci bəndinə əsasən kreditin məqsədli təyinatı istehlakdır. Həmin ofertanın 5.7.5-ci bəndinə əsasən Borcalanın minimal aylıq ödəniş məbləği bank tərəfindən müəyyən olunur və bu məbləğ müqavilə üzrə öhdəliyin ümumi həcmindən artıq ola bilməz. Minimal ödəniş məbləğinin həcmi barədə məlumat “sayt”da və mobil əlavədə tariflərin yerləşdirildiyi siyahıda göstərilir. İlk minimal ödəniş məbləği güzəşt müddəti ərzində xətdən istifadə olunan aydan sonrakı ayın ilk günü formalaşır və bu məbləğ həmin ayın son günündə saat 23:55-dək borcalan tərəfindən ödənilməlidir. Bu müddət ərzində borcalan tam ödəniş də edə bilər. Tam ödəniş dedikdə, kredit xəttinin istifadə olunmuş hissəsinin ümumi məbləği başa düşülür. Ümumi Ofertanın 5.7.4-cü bəndinə əsasən əgər borcalan ödəmə müddətinin sonunadək ən azı öhdəliyini minimal ödənişlə icra etməsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə tariflərdə nəzərdə tutulmuş birdəfəlik dəbbə pulu və minimal ödəniş məbləğinin gecikdirilmiş hissəsinə illik 180 %-lə cərimə tətbiq edilir. 5.7.13-cü bəndə əsasən Borcalan minimal ödəniş məbləğinin ödənilməsini gecikdirdikdə, Bank aşağıdakı qaydada cərimə faizlərindən əlavə olaraq birinci təqvim ayı 5 manati ikinci təqvim ayından başlayaraq dördüncü təqvim ayınadaək hər ay üçün 10 manat birdəfəlik cərimə (dəbbə pulu) tətbiq edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, cavabdehdən iddiaçının xeyrinə 6500 manat əsas, 889.80 manat faiz, 24.88 manat cərimə, cəmi 7414.68 manat borcun, 0.40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 94.15 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və adında olan nömrələrə AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında cavabdehin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlanılmışdır. Telefona cavab verən cavabdehin anası kimi özünü təqdim edən Lalə adlı xanım oğlu Təbrizin məhkəmə iclası barədə məlumatlı olduğunu, lakin üzrlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişin ksero surətindən görünür ki, iddiaçı cavabdehə aralarında bağlanılmış müqavilə əsasında yaranan borcunu, həmin borc əsasında olan faiz borcunu və cəriməni ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli arayışın ksero surətindən görünür ki, Cavabdeh 28 avqust 2024-cü il tarixinə banka 6500 manat əsas, 889.8 manat faiz, 24.88 manat cərimə, 0 manat komisyon haqqı, cəmi 7414.68 manat məbləğində borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 94.15 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı olmaqla cəmi 94.55 manat pul ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq Ərizə-Anket və İmza nümunəsi formasını imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.leobank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta” ilə, barəsində məlumatların Asan- Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olduğunu, elektron formada anaoloq imza ilə və razılaşdığını təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 5.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixədək illik 27.6 (aylıq 2.3) % olmaqla 6500 manat kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit xətti № AGİD**********7). Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün Cavabdeh 6500 manat əsas, 889.80 manat faiz, 24.88 manat cərimə, cəmi 7414.68 manat kredit borcu tələbi barədə iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 94.15 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində bank xidmət haqqı ödəmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 94.15 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı olmaqla cəmi 94.55 manat pul cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat əsas, 889.80 (səkkiz yüz səksən doqquz manat səksən qəpik) manat faiz, 24.88 (iyirmi dörd manat səksən səkkiz qəpik) manat cərimə və ödənilmiş 94.55 (doxsan dörd manat əlli beş qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 7509.23 (yeddi min beş yüz doqquz manat iyirmi üç qəpik) manat tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar