Məhkəmə qərarları › İş №e-2(057)-219/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-219/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-219/2025 22.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14959.24 manat əsas, 1063.83 manat faiz, cəmi 16023.07 manat pul vəsaitinin və 138.07 manat dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cı il tarixli kredit müqaviləsinə əsasən ona illik 18 faiz dərəcəsi ilə 59 ay müddətinə 14959.24 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən 14959.24 manat əsas, 1063.83 manat faiz, cəmi 16023.07 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsilə ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qəbul edir. Aprel ayından hər ay 80 manat müavinət pulu tutulur. Həmin tutulan puldan əlavə 50 manat ödəməyə imkanı vardır. Məhkəmənin 24 dekabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, ona qarşı olan iddianı qəbul edir. X1 veteranıdır. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə İddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehlərin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, RGTK7166951B123 saylı kredit müqaviləsinin ksero surətindən görünür ki, İddiaçı tərəfindən cavabdehə illik 18 faiz dərəcəsi ilə 59 ay müddətinə 14959.24 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 14959.24 manat əsas, 1063.83 manat faiz borcu olmaqla, cəmi 16023.07 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan bildirişin (xəbərdarlıq) surətindən görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu kimi 138.07 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş vəsiqələrin ksero surətlərindən görünür ki, Cavabdeh “Vətən müharibəsi iştirakçısı”, Xocavəndin azad olunmasına görə”, Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, RGTK7166951B123 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün cavabdehdən 14959.24 manat əsas, 1063.83 manat faiz, cəmi 16023.07 manat kredit borcu tələbi barədə iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 38.32 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 138.07 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 14959.24 (on dörd min doqquz yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat məbləğində əsas, 1063.83 (bir min altmış üç manat səksən üç qəpik) manat məbləğində faiz və 138.07 (bir yüz otuz səkkiz manat yeddi qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 16161.14 (on altı min yüz altmış bir manat on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar