Məhkəmə qərarları › İş №e-2(057)-260/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-260/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-260/2024 22.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı iddiaçı «Soliton LTD” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Soliton LTD” MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 18 ay olmaqla 13 aprel 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 660 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 175 manat borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1 faiz məbləğində faiz borcu ödənilməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 735 manat faiz borcu yaranmışdır (175 manat x 420 gün x 1 faiz=735 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 50 manat məbləğində tələb edir. Bundan başqa, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 20 ay olmaqla 11 iyun 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1127 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 495 manat borcu qalmışdır. Qeyd edilən kredit müqavitəsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1 faiz məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1485 manat faiz borcu yaranmışdır (495 manat x 300 gün x 1 faiz=1485 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 50 manat məbləğində tələb edir. Bundan başqa, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 18 ay olmaqla 03 may 2022-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1751 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 1530 manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1 faiz məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1530 manat faiz borcu yaranmışdır (1530 manat x 30 gün x 1 faiz=459 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Göstərilənlərə əsasən, xx xxxxxxx 1967-ci il təvəllüdlü Cavabdeh 13 aprel 2021-ci il tarixli, NRK5944539 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 175 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat faiz borcu, 11 iyun 2021-ci il tarixli, NRK5944785 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 495 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat faiz borcu, 03 may 2022-ci il tarixli, NRK6261782 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 1530 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu və 44 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2444 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; «Soliton LTD” MMC ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, NRK5944539 saylı müqavilədən görünür ki, dəyəri 660 manat olan məişət avadanlığını, 30 manat ilkin ödəniş etməklə, 11 iyun 2021-ci il tarixli, NRK5944785 saylı müqaviləyə əsasən dəyəri 1127 manat olan məişət avadanlığını, 27 manat ilkin ödəniş etməklə, 03 may 2022-ci il tarixli, NRK6261782 saylı müqavilə əsasən dəyəri 1751 manat olan məişət avadanlığını, 221 manat ilkin ödəniş etməklə alıcıya satılmışdır. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 13 aprel 2021-ci il tarixli, NRK5944539 müqavilə üzrə cavabdehin ödənilməmiş 175 manat borc, 11 iyun 2021-ci il tarixli, NRK5944785 saylı müqavilə üzrə ödənilməmiş 495 manat borc , 03 may 2022-ci il tarixli, NRK6261782 saylı müqavilə üzrə ödənilməmiş 1530 manat borc, ümumilikdə 2200 manat borcu vardır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 44 manat dövlət rüsümu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuş, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2021-ci il, xx.xx.2021-cil il və xx.xx.2022-cil tarixdə kredit müqavilələrinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, lakin həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən,, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 44 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 13 aprel 2021-ci il tarixli, NRK5944539 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 175 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat faiz borcu, 11 iyun 2021-ci il tarixli, NRK5944785 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 495 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat faiz borcu, 03 may 2022-ci il tarixli, NRK6261782 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1530 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu və 44 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2444 manat borc tutularaq iddiaçı «Soliton LTD” MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx xxxxxxx 1967-ci il təvəllüdlü Cavabdeh 13 aprel 2021-ci il tarixli, NRK5944539 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 175 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat faiz borcu, 11 iyun 2021-ci il tarixli, NRK5944785 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 495 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat faiz borcu, 03 may 2022-ci il tarixli, NRK6261782 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1530 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu və 44 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 2444 (iki min dörd yüz qırx dörd) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar