Məhkəmə qərarları › İş №e-2(057)-2659/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2659/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2659/2025 28.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə obyektinin təhvil verilməməsi və müqavilə cəriməsinin tətbiqi” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “icarə obyektinin təhvil verilməməsi və müqavilə cəriməsinin tətbiqi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixli 7E-13025 reystr nömrəli icarə müqaviləsinə əsasən icarə sahəsinin İddiaçı MMC-nin istifadəsinə verilməsi, cavabdeh Abd Cavabdeh, obyektin təhvil verilməməsi nəticəsində yaranan cərimə üzrə 18.414 manat pulun, obyektin bu günədək təhvil verilməməsi səbəbindən əldən çıxmış fayda, hər ay üçün 2000 olmaqla cəmi 16.000 manat (8 ay) pulun və dövlət rüsumu üçün ödənilmiş 195 manat pul olmaqla cəmi 34.414 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra icarəyə verən) ilə İddiaçı MMC arasında 04 noyabr 2024-cü il tarixində Salyan rayonu, Abadkənd ünvanında yerləşən, ümumi sahəsi 140 kv.m olan qeyri-yaşayış binasının (bundan sonra İcarə sahəsi) 15 il müddətə aylıq icarə haqqı 1395 manat olmaqla icarəyə verilməsi ilə bağlı 7E- 13025 reystr nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 4.5-ci bəndinə əsasən, icarəyə verən tərəfindən icarə obyektinin xx.xx.2024-cü il tarixinədək icarəçiyə təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin bu günə – 15 avqust 2025-ci il tarixinə qədər obyekt icarəçiyə faktiki təhvil verilməmişdir. Nəticə etibarilə, 264 gün gecikmə baş vermişdir. Həmin icarə müqaviləsinin 4.5-ci bəndinə əsasən icarəyə verən bu müddət şərtinə əməl etmədikdə, gecikdirilən hər gün üçün icarəçiyə icarə haqqı məbləğinin 5%-i məbləğində cərimə ödəyəcək. Bu da o deməkdir ki, icarəyə verən icarəçiyə 18.414(257*1395*5%) manat məbləğində cərimə ödəməli və obyekti icarəçiyə təhvil verməlidir. Planlamaya əsasən mağaza hər ay üçün 2.000 manat məbləğində aylıq gəlirə sahib olmalı idi. Hazırkı müddətədək qarşı tərəfin icarə sahəsini təhvil verməməsi səbəbindən mağazaya hər ay üçün 2.000 manat olmağla cəmi 20.000 manat məbləğində (əldən çıxmış fayda) ziyan dəyməkdədir. Cavabdehin qeydiyyat ünvanına xx.xx.2025-ci il tarixində Pretenziya məktubu göndərilmiş, lakin ona da cavab verilməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil iddiaya qarşı etiraz edərək bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə müqavilənin ləğv edilməsi barədə arayış göndərilmişdir. Müqavilə şərtlərin əsasən obyekt xx.xx.2024-cü il tarixdə iddiaçıya təhvil verilməli olsa da (4.5-ci bənd), göründüyü kimi cavabdeh, tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə obyektin təhvil verilməsinin mümkün olmaması barədə məlumat verilmiş və müqaviləyə xitam verilməsi xahiş olunmuşdur. Bunun əsası kimi isə göstərilmişdir ki, obyektin çıxarışı olmadığı üçün, yəni hüquq müəyyənedici sənədi olmadığı üçün 3 faza, 15 kvt elektrik eneriisinin çəkilməsi qanuni deyildir, texniki baxış zamanı qoyulan tələblərin yüksək olması və bunun qarşılığında aylıq icarə haqqının aşağı olması səbəbi ilə xx.xx.2024-cü il tarixində obyektin təhvil verilməsi mümkün olmayacaq. Göstərilən məlumatlar iddiaçıya rəsmi surətdə 16 noyabr 2024-cü il tarixdə elektron ünvanına göndərilmiş, eləcə də iddiaçının işçiləri olan ərazi üzrə nümayəndəsi və eləcə də hüquqşünasına vvhatsapp sosial şəbəkəsi vasitəsilə 15 noyabr 2024-cü il tarixdə göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli DƏ/959 nömrəli bildiriş məktubu göndərilmiş və həmin bildiriş cavabdeh tərəfindən 29 may 2025-ci il tarixə cavablandırılmış və poçt vasitəsilə iddiaçıya göndərilmişdir. Həmin bildirişdə iddia ərizəsində qeyd olunmuş məsələlər göstərilmiş, lakin iddiaçı bütün bu faktları bir növ gizlədərək məhkəməyə əsassız iddia tələbi ilə müraciət etmişdir. Odur ki, iddianın əsassız olduğunu qeyd edərək, təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Salyan rayon İHB-nın Xalac kənd İƏN-yi tərəfindən Cavabdeh verilmiş 31 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, həqiqətən Xalac kənd İƏN-nin (tərkibində) Abadkənd kəndində yerləşən torpaq sahəsində öz vəsaiti hesabına inşa edilmiş, sahəsi 210 kv/m olan qeyri-yaşayış obyekti vardır. Həmin obyekt 1(bir) mərtəbəlidir, ayrıca tikilidir, zirzəmi deyil, çardaq deyil. İş materiallarında olan Cavabdeh (bundan sonra icarəyə verən) ilə İddiaçı MMC arasında bağlanmış 04 noyabr 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Salyan rayonu, Abadkənd ünvanında yerləşən, ümumi sahəsi 210 kv.m olan qeyri yaşayış sahəsinin 140 kv.m olan hissəsini (bundan sonra İcarə sahəsi) 15 il müddətə aylıq icarə haqqı 1395 manat olmaqla 01 dekabr 2024-cü il tarixədək icarəçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, X3 (Cavabdeh əvəzinə) 04 noyabr 2024-cü il tarixində X4 (OBA market MMC VÖEN:**********) bağlanmış Reyestrdə 3M-1978 icarə müqaviləsinə, müqavilədə göstərilən obyekt üzrə xx.xx.2024-cü il tarixinə təhvil-təslimin baş tutmamasından əvvəl, müqaviləyə xitam verilmək üçün müraciət etmiş və müqaviləyə xitam verilməsinin əsas səbəbi kimi obyektə çıxarış almadan 3 faza, 15 kvt elektrik enerjisinin çəkilməsinin qanuni olmadığı, texniki baxış zamanı qoyulan tələblərin yüksək olması və bunun qarşılığında aylıq icarə haqqının aşağı olması səbəbi ilə xx.xx.2024-cü il tarixində obyektin verilməsinin mümkün olmayacağını və çıxarışın alınması və qoyulan tələblərin aradan qaldırılmasından sonra yeni müqavilə bağlana biləcəyini qeyd etmişdir. İş materiallarında olan arayışa əlavə olunmuş elektron poçt və “whatsapp” yazışmalarından görünür ki, cavabdeh müqavilənin ləğvi barədə xx.xx.2024-cü il tarixdə iddiaçıya müraciət etmiş, lakin iddiaçı həmin müraciətə hər hansı etiraz bildirməmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış 20 may 2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı MMC Cavabdeh həmin tarixə qədər obyektin icarəçiyə faktiki təhvil vermədiyini, nəticə etibarilə 170 gün gecikmə baş verdiyini və bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “bildirişə cavab” sənədindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə müqavilənin ləğvi barədə arayışı həm elektron poçt, həm də Whatsapp vasitəsilə iddiaçıya göndərdiyini bildirmiş və iddiaçı tərəfindən bu müraciətə heç bir etiraz edilmədiyini əsas gətirmişdir. İş materiallarında olan Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ünvanlanmış 28 oktyabr 2025-ci il tarixli etirazdan görünür ki, İddiaçı MMCnin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə mübahisələr tələbinə” dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin etirazında göstərilən hallar və iş materialları ilə təsdiqlənən sübutlar iddia tələbinin rədd edilməsi üçün yetərli hüquqi əsaslar yaradır. Belə ki, tərəflər arasında bağlanmış 04 noyabr 2024-cü il tarixli icarə müqaviləsinin 4.1 və 4.5-ci bəndlərinə əsasən, icarəyə verən obyekti xx.xx.2024-cü il tarixinədək tam işlək vəziyyətdə, texniki standartlara uyğun, qüsursuz və istifadəyə yararlı şəkildə icarəçiyə təhvil verməlidir. İş materialları ilə müəyyən edilir ki, obyektin təhvil verilməsi üçün zəruri olan bir sıra əsas şərtlər, xüsusilə çıxarışın təqdim olunmaması, elektrik enerjisinin 3 faza 15 kvt gücündə təmin edilməməsi, texniki baxış zamanı qoyulan tələblərin yüksək olması və sanitar-texniki qüsurların aradan qaldırılmaması icra edilməmişdir. Bu isə obyektin müqaviləyə uyğun təhvil verilmədiyini göstərir. Cavabdehin xx.xx.2024-cü il tarixli arayışla və elektron poçt/Whatsapp yazışmaları ilə sübuta yetirilmiş müraciətindən görünür ki, cavabdeh obyektin texniki və hüquqi vəziyyəti (çıxarış, elektrik gücü və texniki şərtlər) haqqında məlumat verərək müqavilənin 12.2 və 12.3-cü bəndlərinə əsasən birtərəfli qaydada ləğv edilməsini tələb etmiş, iddiaçı tərəfindən isə bu çağırışa etiraz olunmamış, müqavilənin qüvvədə saxlanılması üçün hər hansı hüquqi nəticə doğuran tədbir görülməmişdir. Həmçinin işin araşdırılması zamanı müəyyən edilmişdir ki, obyekt üzrə təhvil-təslim aktı tərtib edilməmişdir, müqavilənin 1.1 və 4.1-ci bəndlərinə əsasən akt tərtib edilmədən obyektin icarəçi tərəfindən qəbul edilməsi mümkün deyil və qəbul edilməmiş əşya üzrə icarə haqqı və cərimə tələbi yaranmır. Bu baxımdan, iddiaçının irəli sürdüyü 18414 manat məbləğində cərimə və 16000 manat “əldən çıxmış fayda” tələbi icarəçinin gecikdirmədə təqsiri sübuta yetirilmədiyi üçün əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən borclunun icranı gecikdirməsinə görə məsuliyyət yalnız borclunun təqsiri olduqda yaranır. Lakin iş materialları tam şəkildə göstərir ki, gecikmə icarəçinin deyil, icarəyə verənin obyektin müqaviləyə uyğun vəziyyətdə təqdim etməməsi səbəbindən baş vermişdir. Bu səbəbdən cərimə və əldən çıxmış fayda tələbinin hüquqi əsası yoxdur. Göstərilən halları, nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə obyektinin təhvil verilməməsi və müqavilə cəriməsinin tətbiqi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar