Məhkəmə qərarları › İş №e-2(057)-2975/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2975/2025

31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2975/2025 31.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə cəmi 763,74 (yeddi yüz altmış üç manat yetmiş dörd qəpik) manat – bundan 747,92 (yeddi yüz qırx yeddi manat doxsan iki qəpik) manat əsas, 8,32 (səkkiz manat otuz iki qəpik) manat faiz borcu, 0 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7,50 (yeddi manat əlli qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehler Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 122.LN.1676.240619.000013 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 1156,29 (bir min yüz əlli altı manat iyirmi doqquz qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkənCavabdeh1ilə Bank arasında xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh2 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə Cavabdeh2Böyükkişi qızınun kredit üzrə cəmi borcu 763,74 (yeddi yüz altmış üç manat yetmiş dörd qəpik) manat təşkil edir. Bundan 747,92 (yeddi yüz qırx yeddi manat doxsan iki qəpik) manat əsas, 8,32 (səkkiz manat otuz iki qəpik) manat faiz borcu, 0 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7,50 (yeddi manat əlli qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasənərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 122.LN.1676.240619.000013 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 1156,29 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 122.CL.240619.00003/a saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 122.LN.1676.240619.000013 saylı kredit müqaviləsi üzrə Borclunun Kreditor qarşısındakı öhdəliklərinin lazımınca icra edilməsi üçün Borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2022-ci il tarixə cavabdehlərin iddiaçıya 844.21 manat əsas, 0.35 manat faiz borcu olmaqla, cəmi 844.56 manat borcu vardır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan əşya almasına dair hüququndan istifadə etmiş, lakin həmin əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. İddia tələbinin tələbdə qeyd edilən məbləğin, həmçinin, müştərək qaydada Cavabdeh1 tutulması hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan, məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmiş və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən tərəflər məhsulun pulunu 60 ay ərzində, yəni xx.xx.2024-cü il tarixədək qaytarılmasını razılaşdırmışlar. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı zaminə qarşı xx.xx.2025-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. İddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2025-ci ildə məhkəməyə müraciət etmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin, məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı tərəfindən zaminə qarşı qanunla müəyyən olunmuş müddət ərzində hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminə aid hissədə rədd edilməlidir. Məhkəmə, eyni zamanda, iddia tələbinin faiz borcu hissəsinə münasibətdə isə qeyd edir ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina edilməsi, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda, iddiaçı həmin tarixdən gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 747,92 manat əsas, 0.35 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7,50 manat faiz borcu olmaqla, ümumilikdə 755.77 manat pul və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 10-1, 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 747,92 manat əsas, 0.35 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7,50 manat faiz borcu olmaqla, ümumilikdə 755.77 manat pul və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar