Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-299/2025 19.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Rafiq oğluna qarşı “vurulmuş maddi zərər” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) nümayəndəsi vəkil Nümayəndə “vurulmuş maddi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rafiq oğlunun (bundan sonra - cavabdeh) qanunsuz əməlləri nəticəsində İddiaçıya vurmuş olduğu 135000 manat pul məbləğində zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər "xxxx" MTK-nın sədri olmuşdur. Sonradan ayrı-ayrı şəxslərin etibarından sui-istifadə edərək və aldadaraq onlara qarşı külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə barəsində Yasamal rayon Prokurorluğundan ibtidai istintaq aparıldıqdan sonra cinayət əməllərinə hüquqi qiymət verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 124/2024 saylı hökmünə əsasən, “Cavabdeh Rafiq oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən isə təyin olunmuş əlavə cəzanı tam toplamaq yolu ilə Cavabdeh Rafiq oğluna qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh Rafiq oğlu ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 iyun 2022-ci il tarixdən hesablansın.” Cavabdehin dələduzluq əməlləri nəticəsində zərərçəkmiş şəxslərdən biri kimi tanınmış X7 qarşı bir neçə epizod üzrə külli miqdarda maddi ziyan vurulmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, “İddiaçı X4 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X10 qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması tələbinə dair” iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddiası qismən təmin edilsin. "xxxx" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarış və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair X11 tərəfindən "xxxx" MTK-ya ödənilmiş pul vəsaiti (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq X7 ödənilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair X5 adına aparılmış qeyd və 29 iyul 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin. 44 saylı Notariat Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış X11 ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə, 201 saylı mənzilinə dair X12 tərəfindən X7 ödənilmiş 135000 (bir yüz otuz beş min) manat məbləğində pul vəsaiti X3 tutularaq X8 ödənilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair X4 adına aparılmış qeyd və 12 noyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. X1 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə 4 otaqdan ibarət və müqavilə üzrə ümumisahəsi 144 kv.m (faktiki 138,9 kv.m. təşkil edən) olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqları tanınsın.” Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması qərara alınmış və 135000 manat pul vəsaitinin "xxxx" MTK-dan X5 xeyrinə tutulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-776/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, “cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın.” Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1833/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, “Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-776/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın.” Bundan sonra icra vərəqəsi icra edilməsi üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Belə ki, Cavabdeh Rafiq oğlunun fizikişəxs olaraq dələduzluq əməlləri nəticəsində ayrı-ayrı şəxslərin etibarından sui-istifadə və dələduzluq edərək taladığı pul məbləğlərini MTK ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh Rafiq oğlu həmin pul məbləğlərinin heç birini MTK-ya mədaxil edərək dələduzluq etməmişdir, şəxsən özü mənimsəmişdir. Buna görə də, düşünürəm ki, Cavabdeh Rafiq oğlunun qanunsuz əməlləri nəticəsində digər şəxslər qarşısında borclu qalaraq pul ödəmək məcburiyyətində qalan "xxxx" MTK-ya külli miqdarda ziyan vurulmuşdur və həmin məbləğ Cavabdeh Rafiq oğlundan MTK-nın xeyrinə tutulmalıdır”. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh Rafiq oğluna iddia ərizəsinə münasibət bildirməsi üçün iddia ərizəsinin surəti və məhkəmə bildirişi göndərilmiş, məhkum məhkəmə bildirişi və iddia ərizəsinin surətini xx.xx.2025-ci il tarixdə alsa da, iddiaya qarşı hər hansı münasibət bildirməmişdir. Həmçinin dəfələrlə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi vəkilin izahatını dinləyib, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-124/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Rafiq oğlu Azərbaycan Respublikasının CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-nin 178.3.2-ci maddəsi ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.2-ci maddəsi ilə 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən, CM-nin 66.4-cü maddəsinə əsasən isə təyin olunmuş əlavə cəzanı tam toplamaq yolu ilə Cavabdeh Rafiq oğluna qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X10 qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması tələbinə dair” iddiası təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs iddiası qismən təmin edilməsi, "xxxx" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarış və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair X11 tərəfindən "xxxx" MTK-ya ödənilmiş pul vəsaiti (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq X7 ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair X5 adına aparılmış qeyd və 29 iyul 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, 44 saylı Notariat Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış X11 ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə, 201 saylı mənzilinə dair X12 tərəfindən X7 ödənilmiş 135000 manat məbləğində pul vəsaiti X3 tutularaq X8 ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair X4 adına aparılmış qeyd və 12 noyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməsi, X1 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə 4 otaqdan ibarət və müqavilə üzrə ümumi sahəsi 144 kv.m (faktiki 138,9 kv.m. təşkil edən) olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin qətnaməyə düzəliş edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 776/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1833/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-776/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Rafiq oğlu xx.xx.2017-ci ildən "xxxx" MTK-nın sədri kimi kooperativin cari fəaliyyətinə rəhbərlik edərkən ünvan 1 ünvanında yerləşən X6 mülkiyyətində olmaqla yaşayış olmayan 203 nömrəli mənzili X2 məxsus olan 201 nömrəli mənzil kimi təqdim edərək X9 aldatmaqla xx.xx.2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə arayışı” və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləni bilə-bilə təhrif edərək və yalan məlumatlar daxil edib saxta müqavilə və maliyyə arayışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, xx.xx.2021-ci il tarixdə Rövşən İbişovu həmin mənzili ona guya 132.000 manata satmaq adı ilə aldadaraq pulunu ələ keçirmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)- 993/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X11 tərəfindən "xxxx" MTK-ya ödənilmiş 135.000 manat məbləğində pul vəsaiti (maliyyə arayışına əsasən) "xxxx" MTKdan tutularaq X7 ödənilməsi və X12 tərəfindən X7 ödənilmiş 135000 manat məbləğində pul vəsaitinin də X3 tutularaq X8 ödənilməsi qət edilmişdir. Qətnamə qanunu qüvvəsini almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-124/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Rafiq oğlu Azərbaycan Respublikasının CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-nin 178.3.2-ci maddəsi ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.2-ci maddəsi ilə 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən, CM-nin 66.4-cü maddəsinə əsasən isə təyin olunmuş əlavə cəzanı tam toplamaq yolu ilə Cavabdeh Rafiq oğluna qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub- olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəası (MPM-in 82.4) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21.1 və 21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Nizamnaməsinin 9.2.1-ci maddəsinin tələbinə əsasən, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin tək başına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Həmin Nizamnamənin 9.2.3-cü maddəsinin tələbinə əsasən Cəmiyyət və direktor arasında müqavilə həmin şəxsin seçildiyi(təyin edildiyi) ümumi yığıncaqda sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Direktor əmək müqaviləsində və qanunvericilikdə nəzərdə tutulan əsaslarla müqavilə müddəti başa çatanadək ümumi yığıncağın qərarı ilə tutduğu vəzifədən azad edilə bilər. Həmin Nizamnamənin 9.2.4-cü maddəsinə əsasən direktor Cəmiyyətin hər hansı bir iştirakçısının tələbi ilə Cəmiyyətə vurduğu zərəri qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməyə borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 191.1-ci maddəsinin tələbinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Əmək Məcəlləsinin 203-cü maddəsinin 1-ci bəndisə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Əmək Məcəlləsinin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Beləliklə, iş materiallarından görünür ki, Cavabdeh Rafiq oğlu İddiaçı direktoru vəzifəsində işləyərkən müqavilə əsasında tam maddi məsuliyyətli şəxs qismində əmək vəzifələrinin icrası ilə bağlı ciddi nöqsanlara yol verərək X7 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzili qanunsuz olaraq sataraq aldığı pulu "xxxx" MTK-nın xəzinəsinə daxil etməməklə X5 135000 (bir yüz otuz beş min) manat pulunu ələ keçirtmiş, nəticədə MTK qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən R.İbişova dəymiş zərəri ödəmək məcburiyyətində qalmışdır. Belə olan halda, Cavabdeh "xxxx" MTK-ya 135000 (bir yüz otuz beş min) manat maddi zərər vurmuşdur. Odur ki, iddiaçının göstərilən məbləğdə ziyan tələbi əsaslıdır və təmin edilməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh Rafiq oğlundan 135000 (bir yüz otuz beş min) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Rafiq oğlundan 135000 manat pul məbləği İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-299/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-299/2025
19.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver