Məhkəmə qərarları › İş №e-2(057)-300/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-300/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-300/2025 18.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı QSC və ya iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 23991.39 manat məbləğində kredit borcu, 1316.42 manat məbləğində faiz borcu və 275.43 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 25583.24 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 166.75 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023cü il tarixdə bağladığı 022A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.5833 % olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 6008.61 manat ödəniş etmiş və onun iddiaçıya 23991.39 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirlər ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 104 gün üçün hesablanmış faiz borcu 1316.42 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 104 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 275.43 manat təşkil edir. İddiaçının nümayəndəsi X2 elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq qeyd olunan tarixdə əvvəlcədən müəyyən edilmiş proseslərdə onun iştirakının vacib olduğunu nəzərə alaraq, mülki işə iştirakları olmadan baxıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və adında olan nömrəyə AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421 (müqavilənin ləğvinə aid hissədə), 462 (cərimə borcuna münasibətdə), 472 (zaminlik müqaviləsinə münasibətdə) 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 022A********** saylı ərizədən görünür ki, Cavabdeh1 bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.5833% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 022G**********01 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 022G**********02 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixdə bağladığı 022A********** saylı kredit razılaşması üzrə 23991.39 manat əsas, 1316.42 manat faiz borcu, 275.43 manat cərimə borcu olmaqla, cəmi 25583.24 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan bildirişin (xəbərdarlıq) surətindən görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu kimi 166.75 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin e-2(057)-300/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə müvafiq rəy verilənə kimi mülki işin icraatı dayandırılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin e-2(057)-300/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, e-2(057)-300/2025 saylı mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1930 nömrəli, 26 may 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli, 022A********** saylı kredit razılaşmasına dair ödəniş planında göstərilən şərtlərə əsasən Cavabdeh1 İddiaçı QSC-yə 23816.85 manat əsas, 1005.60 manat faiz, cəmi 24822.45 manat borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 İddiaçı bankdan pul götürmüş, kreditin bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Həmçinin Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürərək, Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımışlar. Bundan başqa ekspert rəyinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 022A********** saylı kredit razılaşmasına dair ödəniş planında göstərilən şərtlərə əsasən əsas borcu 23991.39 manat deyil, 23816.85 manat, faiz borcu 1316.42 manat deyil, 1005.60 manat təşkil etməsi məyyən edilmişdir. Ona görə də, məhkəmə ekspert rəyinə əsasən qeyd olunan əsas və faiz məbləğlərinin tutulmasını əsaslı və qanuni hesab edir. Hazırki məhkəmə araşdırmasından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 “Borcverən” İddiaçı QSC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, tərəflər arasında bağlanmış Kredit müqaviləsinin və zaminlik müqavilələrinin şərtləri və MM-in 421, 462, 472, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Mülki Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 746.3-cü maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə mülki işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən 275.43 manat cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə borca manata mütənasib olmadığından 275.43 manat məbləğində cərimə pulunun 200 manat məbləğinə azaldılması məqsədə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin məhz 467-ci maddəsinin imperativ tələblərindən çıxış edərək bildirməyi vacib hesab edir ki, məhkəmə tərəfindən tələb olunan dəbbə pulunun təmin olunarkən kreditor qədər borclunun da əmlak mənafeyini nəzərə almalıdır və qeyd olunan dəbbə puluna münasibətdə məbləğin müəyyən edilməsi səlahiyyəti məhkəməyə verilmişdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 165.07 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq köçürülməlidir: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************. Beləliklə, məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 23816.85 (iyirmi üç min səkkiz yüz on altı manat səksən beş qəpik) manat əsas, 1005.60 (bir min beş manat altmış qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 165.07 (bir yüz altmış beş manat yeddi qəpik) manat olmaqla, cəmi 25187.52 (iyirmi beş min yüz səksən yeddi manat əlli iki qəpik) manat tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 23816.85 (iyirmi üç min səkkiz yüz on altı manat səksən beş qəpik) manat əsas, 1005.60 (bir min beş manat altmış qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 165.07 (bir yüz altmış beş manat yeddi qəpik) manat olmaqla, cəmi 25187.52 (iyirmi beş min yüz səksən yeddi manat əlli iki qəpik) manat tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar