Məhkəmə qərarları › İş №e-2(057)-3301/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-3301/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-3301/2025 11.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit limit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14089.84 manat məbləğində əsas kredit borcunun, 627.30 manat faiz borcunun, 13.07 manat cərimənin, cəmi 14730.21 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 134.19 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 21240***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən Xancanov Fuad Gülağa oğluna 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Xancanov Fuad Gülağa oğluna 48 ay müddətinə illik 17% dərəcəsi ilə (aylıq ödəniş 412.74 manat olmaqla hər ayın 24-dək ödənilmək şərti ilə) 14300 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir. Xancanov Fuad Gülağa oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı ASC-nin sorğusuna cavab olaraq Salyan rayon İcra Hakimiyyəti Başçısının Yolüstü kənd İƏD üzrə nümyəndəliyinin xx.xx.2025-ci il tarixli 5-71- 25/2-43/2024 saylı, xx.xx.2025 ci il tarixli 5-71-xx/xx/2025 saylı və xx.xx.2025 ci il tarixli 5- 71-25/2-84/2025 ci il tarixli məktubundan müəyyən edilir ki, mərhum Xancanov Fuad Gülağa oğlunun atasının ailəsinə məxsus olan 0.42 ha pay torpaq vardır. 0,42 ha torpaq sahəsinin 0.07 ha sahəsi mərhum Xancanov Fuad Gülağa oğluna məxsusdur. Həmin torpaq sahəsinin 0.07 ha hissəsinin əkinə yararlı 0.02 ha hissəsini və ona məxsus əmlakını onun atası Cavabdeh1 (AZE 0*******) həyat yoldaşı Cavabdeh2(Ş/V AA 4658053) və oğlu Cavabdeh3 (AA ******* )tərəfindən idarə və istifadə olunur. Gördünüyü kimi mərhum borcalanın atası Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və Cavabdeh3 vərəsəlikdən imtina etməmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəfələrlə şifahi və rəsmi (pretenziya) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, öhdəliklər lazımi qaydada icra edilməmişdir. Cavabdehlərin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 14089.84 manat məbləğində əsas kredit borcu, 627.30 manat faiz borcu, 13.07 manat cərimə olmaqla cəmi 14730.21 manat məbləğində borcu qalmaqdadır. Tələbin əsaslılığını təsdiq edən sənədlər:əsas kredit limit razılaşması və ona əlavə (Sms bildiriş); borc haqqında arayış; İH sorğu, bank hesabından çıxarış, pretenziya məktubu. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, mərhum Xancanov Fuad Gülağa oğlu onun oğludur. Lakin oğlu Fuad Xancanov ondan uzun müddət əvvəl ayrılmış, ayrı evi olmuş, orada yaşamışdır, təsərrüfatları ayrı olmuşdur. Həmin kreditin ona aidiyyati yoxdur. Onun maddi imkanı yoxdur. O, mərhum oğlunun borcunu ödəyə bilməz. Məhkəmə iclasında Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, mərhum atası Xancanov Fuad Gülağa oğlu həqiqətən kredit götürmüşdür. Onun bundan xəbəri olmuşdur. O, anası Cavabdeh2 ilə birlikdə yaşayır.Onların borc ödməyə maddi imkanları yoxdur. İş üzrə cavabdehlər Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehləri dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; Xancanov Fuad Gülağa oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 21240***-*******02L saylı kredit limiti müqaviləsindən və hesabdan çıxarışdan görünür ki, Xancanov Fuad Gülağa oğluna 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Xancanov Fuad Gülağa oğluna 48 ay müddətinə illik 17% dərəcəsi ilə (aylıq ödəniş 412.74 manat olmaqla hər ayın 24-dək ödənilmək şərti ilə) 14300 manat məbləğində kredit verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Xancanov Fuad Gülağa oğlu xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarkt səbəbindən vəfat etmişdir. Pretenziyadan görünür ki, cavabdehlərə 14730,21 manat borcun qaytarılması təklif olunmuş, əks halda bu barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. “Asan ödəniş” sistemindən çıxarışdan görünür ki, İddiaçı ASC iddianın məhkəməyə verilməsi üçün 134,19 AZN dövlət rüsumu ödəmişdir. İddiaçı ASC-nin arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 21240***-*******02L saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 14089.84 manat məbləğində əsas kredit borcunun, 627.30 manat faiz borcunun, 13.07 manat cərimənin, cəmi 14730.21 manat borc hesanlanmışdır. Salyan RİHB-nin Yolüstü kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Salyan rayonu, Yolüstü kənd sakini Xancanov Fuad Gülağa oğlu 2023-cü ilin fevral ayında vəfat etdikdən sonra Yolüstü kəndində ona məxsus olan fərdi yaşayış evini və həyətyanı təsərrüfatını onun həyat yoldaşı Cavabdeh2 idarə edir. Hazırda həmin evdə Fuad Xancanovun aşağıdakı ailə üzvləri yaşayır: arvadı Cavabdeh2, oğlu Cavabdeh3, qızı X6. Salyan RİHB-nin Yolüstü kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Salyan rayonu, Yolüstü kənd sakini Xancanov Fuad Gülağa oğlu 2023-cü ilin fevral ayında vəfat etmişdir. Mərhum Xancanov Fuad Gülağa oğlunun atasının ailəsinə məxsus olan 0,42 ha pay torpaq sahəsi var. Həmin torpaq sahəsinin 0,1105 ha hissəsi hal-hazırda atası Cavabdeh1 tərəfindən istifadə olunur. Qalıq 0,306 ha hissəsi isə əkinə yararsız torpaq olduğu üçün istifadəsiz qalır. Ailəyə məxsus olan 0,42 ha pay torpaq sahəsinin cəmi 0,07 ha hissəsi mərhum Xancanov Fuad Gülağa oğluna məxsusdur. Bunun da təxminən 0,02 ha hissəsi əkinə yararlı, 0,05 ha hissəsi isə əkinə yararsız olaraq qalır. JN-0032 seriyalı 80902016 kodlu Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən 0,42 ha topaq sahəsi Cavabdeh1, X1, X2, Xancanov Fuad Gülağa oğlunun, X4, X3 mülkiyyətindədir. Məhkəmə istinad edilən mübahisə üzrə tətbiq edilməli maddi hüquq norması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1306.1-ci maddəsdinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsdinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsdinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, mərhum Xancanov Fuad Gülağa oğlu müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Xancanov Fuad Gülağa oğlu öldüyündən, onun miras əmlakını qəbul etmiş vərəsələri - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 kredit müqaviləsi üzrə borclu olan Xancanov Fuad Gülağa oğlunun qanun üzrə vərəsəsi kimi bank qarşısında məsuliyyət daşıyırlar. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vərəsə kimi məsuliyyətlərinin həcmi barədə isə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunmuş qərarında göstərdiyi hüquqi mövqeyə uyğun olaraq miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Qeyd olunan hüquqi mövqeyin əksinə olaraq vərəsənin üzərinə ona çatan miras payı həcmindən yuxarı həddə maddi məsuliyyətin qoyulması vərəsənin qanunvericilikdə nəzərdə tutulmuş əmlak hüquqularının pozulmasına gətirib çıxaracaq. Miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməklə bağlı sübutetmə yükünün vərəsənin üzərinə qoyulması ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsində göstərilən xüsusatla bağlı isə məhkəmə qeyd edir ki, hazırki iş materiallarında olan Salyan RİHB-nin Yolüstü kənd İƏD üzrə nümayəndəsinin arayışlarından görünüdüyü kimi göründüyü Cavabdeh1 mərhum Xancanov Fuad Gülağa oğluna məxsus təxminən 0,02 ha hissəsi əkinə yararlı, torpaq sahəsi; Cavabdeh2, Cavabdeh3 isə mərhumun fərdi yaşayış evi və həyətyanı təsərrüfatı vərəsəlik qaydasında keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.1-ci maddəsində göstərildiyi kimi hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki işdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən qəbul edilmiş miras əmlaklar tam şəkildə olmuşdur, yəni torpaq sahəsinin və fərdi yaşayış evi və həyətyanı təsərrüfatın vərəsələr tərəfindən qəbul edilmiş tam miras olması sübuta yetirilmişdir, həmin xüsusatla bağlı əlavə sübut toplanmasına zərurət qalmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki işdə iddia tələbinin ödənilmiş hissəsi 1350 manat olduğundan məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 33.50 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14089.84 manat məbləğində əsas kredit borcu, 627.30 manat faiz borcu, 13.07 manat cərimə, cəmi 14730.21 manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 134.19 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14089.84 manat məbləğində əsas kredit borcu, 627.30 manat faiz borcu, 13.07 manat cərimə, cəmi 14730.21 manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 134.19 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar