Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-332/2024 28.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4900 manat əsas, 720.45 manat faiz, 24.67 manat cərimə, cəmi 5645.12 manat borcun, 0.40 manat xidmət haqqı və dövlət rüsumu olaraq ödənilmiş 76.46 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq Ərizə-Anket və İmza nümunəsi formasını imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.leobank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta” ilə, barəsində məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olduğunu, elektron formada analoq imza ilə və razılaşdığını təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 5.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 27.6 % (aylıq 2.3) % olmaqla 4900 manat kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit xətti № AGİD**********7). Ümumi Ofertanın 5.7.15-ci bəndinə əsasən bank kredit xəttinin limitini birtərəfli qaydada artıra bilər. Bu zaman borcalan razı olmadığı təqdirdə limitdən istifadə edənədək mobil əlavə vasitəsi ilə bu limiti azalda bilər. Ümumi Ofertanın 5.1-ci bəndinə əsasən kreditin məqsədli təyinatı istehlakdır. Həmin ofertanın 5.7.5-ci bəndinə əsasən borcalanın minimal aylıq ödəniş məbləği bank tərəfindən müəyyən olunur və bu məbləğ müqavilə üzrə öhdəliyin ümumi həcmindən artıq ola bilməz. Minimal ödəniş məbləğinin həcmi barədə məlumat “sayt”da və mobil əlavədə tariflərin yerləşdirildiyi siyahıda göstərilir. İlk minimal ödəniş məbləği güzəşt müddəti ərzində xətdən istifadə olunan aydan sonrakı ayın ilk günü formalaşır və bu məbləğ həmin ayın son günündə saat 23:55-dək borcalan tərəfindən ödənilməlidir. Bu müddət ərzində borcalan tam ödəniş də edə bilər. Tam ödəniş dedikdə, kredit xəttinin istifadə olunmuş hissəsinin ümumi məbləği başa düşülür. Ümumi Ofertanın 5.7.4-cü bəndinə əsasən əgər borcalan ödəmə müddətinin sonunadək ən azı öhdəliyini minimal ödənişlə icra etməsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə tariflərdə nəzərdə tutulmuş birdəfəlik dəbbə pulu və minimal ödəniş məbləğinin gecikdirilmiş hissəsinə illik 180 %-lə cərimə tətbiq edilir. 5.7.13-cü bəndə əsasən borcalan minimal ödəniş məbləğinin ödənilməsini gecikdirdikdə, bank aşağıdakı qaydada cərimə faizlərindən əlavə olaraq birinci təqvim ayı 05 manatı ikinci təqvim ayından başlayaraq dördüncü təqvim ayınadək hər ay üçün 10 manat birdəfəlik cərimə (dəbbə pulu) tətbiq edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4900 manat əsas, 720.45 manat faiz, 24.67 manat cərimə, cəmi 5645.12 manat borcun, 0.40 manat xidmət haqqı və dövlət rüsumu olaraq ödənilmiş 76.46 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 27.6 % (aylıq 2.3) % olmaqla 4900 manat kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə aralarında bağlanılmış müqavilə əsasında yaranan borcunu, həmin borc əsasında olan faiz borcunu və cəriməni ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh banka 14 dekabr 2023-cü il tarixinə 4900 manat əsas, 720.45 manat faiz, 24.67 manat cərimə, 0 manat komisyon haqqı, cəmi 5645.12 manat məbləğində borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 76.46 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı olmaqla cəmi 76.86 manat pul ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Həmin Məcəllənin) 739.2-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün Cavabdeh 4900 manat əsas, 720.45 manat faiz, 24.67 manat cərimə, cəmi 5645.12 manat kredit borcu tələbi barədə iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 76.46 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Həmin Məcəllənin) 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən 76.46 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində bank xidmət haqqı olmaqla cəmi 76.86 manat məbləğində pul cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4900 (dörd min doqquz yüz) manat əsas, 720.45 (yeddi yüz iyirmi manat qırx beş qəpik) manat faiz, 24.67 (iyirmi dörd manat altmış yeddi qəpik) manat cərimə və ödənilmiş 76.86 (yetmiş altı manat səksən altı qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 5721.98 (beş min yeddi yüz iyirmi bir manat doxsan səkkiz qəpik) manat tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-332/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-332/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver