Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-336/2024 03.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, Cavabdeh iştirakı ilə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC rayon məhkəməsinə verdiyi iddia ərizəsində 16 mart 1963-cü il təvəllüdlü Cavabdeh 12 mart 2021-ci il tarixli SLK6008684 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 4130 manat əsas borc, müqavilə üzrə hesablanmış 500 manat faiz borcu, 23 mart 2021-ci il tarixli SLK6008813 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 612 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu və 74 manat ödənilmiş dövlət rüsumunun, cəmi 5416 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə müqavilə bağlayaraq İddiaçı MMC-dən kondisioner və televizor götürmüş və həmin müqavilə əsasında götürdüyü Beko kondisoneri xarab olmuşdur. Axşam kondisioner quraşdırılmış lakin səhərisi günü işləməmişdir.Onların öz ustasını çağırmış lakin baxdıqdan sonra, təmir oluna bilməyəcəyini və geri qaytarılmalı olduğunu bildirmişlər. 3 aydan sonra kondisoneri aparmışlar. 1 ay sonra geri gətirmişlər. İndiyədək də həmin kondisoner yaxşı işləmir. Kondisionerin qiyməti 4200 manat olmuşdur. Borcunu ödəmək üçün təzə kondisioner istədiyini bildirmişdir. İddiaçı təşkilat ona təzə kondisioner götürməsi üçün əlavə pul ödəməli olduğunu bildirmişdir. İddiaçı təşkilat ona təzə kondisioner versə qalan borcunu ödəməyə hazırdır. Borcu ilə razı olduğunu lakin faizlə razı olmadığını bildirmişdir. Odur ki iddianı qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli SLK6008684 saylı borc müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 5900 manat dəyərində mal verilmişdir. xx.xx.2021-ci il tarixli SLK6008813 saylı borc müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 1020 manat dəyərində mal verilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 4468 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində bağlanmış SLK6008684 saylı müqavilə üzrə ödənilməmiş 4130,00 AZN, xx.xx.2021-ci il tarixində bağlanmış SLK6008813 saylı müqavilə üzrə ödənilməmiş 612,00 AZN olmaqla ümumilikdə 4742,00 AZN əsas (qalıq) borcu vardır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh iddiaçı təşkilatdan nisyə alqı-satqı müqaviləsi bağlayaraq məişət avadanlığı götürmüş, bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Ona görə də məhkəmə iddianın xx.xx.2021-ci il tarixində bağlanmış SLK6008684 saylı müqavilə üzrə ödənilməmiş 4130 AZN və xx.xx.2021-ci il tarixində bağlanmış SLK6008813 saylı müqavilə üzrə ödənilməmiş 612,00 AZN olmaqla iddianın qismən həmin hissədə təmin olunmasını qanuni və əsaslı hesab edir. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehdən hər iki müqavilə üzrə faiz tələb etmiş, lakin müqavilədə tərəflər arasında faizlə bağlı heç bir razılaşma olmamışdır.Müqavilədə borclu borcunu gecikdirdiyi halda cərimə ödəməli olduğu barədə üzərinə öhdəlik götürmüşdür.Lakin iddiaçı iddia ərizəsində cərimə tələb etməmişdir.Ona görə də məhkəmə iddianın faizlə bağlı hissəsinin rədd olunmasını əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 mart 2021-ci il tarixli SLK6008684 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 4130 manat əsas borc, 23 mart 2021-ci il tarixli SLK6008813 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 612 manat əsas borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 64,80 manat alınıb İddiaçı MMC-nin hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-336/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-336/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver