Məhkəmə qərarları › İş №e-2(057)-426/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-426/2024

27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-426/2024 27.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2165.88 manat məbləğində əsas borcun və eyni zamanda mediasiya üçün ödənilmiş 60 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcıkassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində 221 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və tərəflər arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli 33 saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsi ilə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixində Oba-Nərimanov 6 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya (malların sayımı) nəticəsində Cavabdeh cəmiyyətə 4470.25 manat zərər vurması müəyyən edilmişdir. Həmin maddi ziyan “İnventarizasiya Nəticələrinə” dair aktla aktlaşdırılmışdır. Borcun hissə-hissə ödənilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin 3.3-cü bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə İddiaçı MMC-nin məhkəməyə müraciət etmək hüququ yaranır. Cavabdeh ziyanın bir hissəsini ödəsə də, lakin hazırda İddiaçı MMC-yə borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh yekun olaraq qalıq borcu 2165.88 manat təşkil edir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən, Cavabdeh 2165.88 manat məbləğində əsas borcun və eyni zamanda mediasiya üçün ödənilmiş 60 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın ksero surətindən görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 4470.25 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2165.88 manat borc qalmışdır. Beləliklə, Cavabdeh 18 sentyabr 2023-cü il tarixində İddiaçı MMC-yə olan ümumi 2165.88 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, DN3983 saylı xəbərdarlıq məktubunun ksero surətindən görünür ki, öhdəsində olan borcun 3 gün müddətində ödənilməsinin tərəfindən təmin edilməsini, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli izahatının ksero surətindən görünür ki, Nərimanov 6 (307) mağazasında işlədiyi zaman sayım olmuş və 3510 manat kəsri olduğunu etiraf etmişdir. İlkin olaraq kartına oturan maaşdan 500 manat ödəyəcəyini, qalan məbləği isə ayba ay 10 ay ərzində ödəyərək bağlayacağını bildirmişdir. Borcunu ödəməsə işinin məhkəməyə verilməsinə etiraz etmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilədən görünür ki, İddiaçı MMC-nin Nərimanov 6 (307) mağazasında administrator vəzifəsində çalışdığı zaman xx.xx.2022-ci il tarixində aparılmış inventarizasiya nəticəsində Cavabdeh 3510 manat olaraq zərər vurması müəyyə edilmiş, tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlanmasını nəzərə alaraq borclu Cavabdeh 3510 manat məbləğində cəmiyyətə zərər vurduğunu tam etiraf etmiş, tərəflər arasında razılaşdırılmış şərtə əsasən Cavabdeh borc məbləğini xx.xx.2023-cü il tarixindən başlayaraq 12 ay hər ay 292 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 021 saylı əmrdən çıxarışın ksero surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il tarixindən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və ona 300 manat əmək haqqı təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 221 saylı əmrdən çıxarışın ksero surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2022-ci il tarixindən administrator vəzifəsinə keçirilmiş və ona 345 manat əmək haqqı təyin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 33 saylı əmrdən çıxarışın ksero surətindən görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (Tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan X1 iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində sessiya keçirilmiş və Cavabdeh iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək, Cavabdeh 2165.88 (iki min yüz altmış beş manat səksən səkkiz qəpik) manat məbləğində əsas borc və eyni zamanda mediasiya üçün ödənilmiş üçün ödənilmiş 60 (altmış) manat pul tutulub İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2165.88 (iki min yüz altmış beş manat səksən səkkiz qəpik) manat məbləğində əsas borc və eyni zamanda mediasiya üçün ödənilmiş 60 (altmış) manat pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar