Məhkəmə qərarları › İş №e-2(057)-491/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-491/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-491/2025 03.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı QSC və ya iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7042.61 manat məbləğində kredit borcu, 657.63 manat məbləğində faiz borcu və 114.73 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7814 (yeddi min səkkiz yüz on dörd) manat 97 (doxsan yeddi) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 98.15 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2023cü il tarixdə bağladığı 020A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1.9583% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 957.39 manat ödəniş etmiş və onun iddiaçıya 7042.61 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 118 gün üçün hesablanmış faiz borcu 657.63 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 118 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 114.73 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə təkrar lazımi qaydada xəbərdar edilmələrinə və adında olan nömrələrə AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aparatının işçisi tərəfindən Cavabdeh2 adına olan mobil telefon nömrə vasitəsi ilə əlaqə saxlanılmış, o bildirmişdir ki, banka olan borcundan xəbərdardır. Atası xəstə olduğu üçün onun müalicəsinə xərc çəkdiyindən, daha sonra atası vəfat etdiyindən borcunu ödəyə bilməmişdir. Hazırda məhkəmə iclası barədə məlumatı olsa da, işdə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı QSC-yə 7042.61 manat əsas, 657.63 manat faiz, 114.73 manat cərimə borcu olmaqla, cəmi 7814.97 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan bildirişin (xəbərdarlıq) surətindən görünür ki, cavabdehlər İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu kimi 98.15 manat məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 020A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1.9583% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamış, götürdüyü kredit borcundan 957.39 manat ödəniş etmiş və onun iddiaçıya 7042.61 manat məbləğində kredit borcu qalmışdır. O, kredit borcunu və faiz borcunu iddiaçıya qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 118 gün üçün hesablanmış faiz borcu 657.63 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 118 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 114.73 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, cavabdehlər kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşlar. Onların bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədikləri üçün cavabdehlərdən müştərək qaydada 7042.61 manat əsas, 657.63 manat faiz, 114.73 manat cərimə, cəmi 7814.97 manat kredit borcu tələbi barədə iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 98.15 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 98.15 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7042.61 (yeddi min qırx iki manat altmış bir qəpik) manat məbləğində əsas, 657.63 (altı yüz əlli yeddi manat altmış üç qəpik) manat məbləğində faiz, 114.73 (bir yüz on dörd manat yetmiş üç qəpik) cərimə və 98.15 (doxsan səkkiz manat on beş qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 7913.12 (yeddi min doqquz yüz on üç manat on iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-nə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar