Məhkəmə qərarları › İş №e-2(057)-539/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-539/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-539/2024 01.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi və İddiaçı iştrakı ilə pul tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh ona çatası 12300 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, onun Tərtər rayonunda N saylı hərbi hissənin yaxınlığında çayxanası vardır. Cavabdehi hərbçi olduğu üçün tanımışdır. 2023-cü ilin yanvar ayında cavabdeh onun yanına gələrək, atasının maşın almaq istədiyini, bankdan kredit götürə bilmədiyini bildirərək, 12000 manat pul lazım olduğunu bildirmişdir. O da cavabdehə inanaraq, 12300 manat pul vermişdir. Pulu verən vaxt cavabdehə pulu almağı barədə qəbz yazdırmış, hətta sonuncu da pulun müqabilində ona əlavə 2-3 min manat verəcəyini də bildirmişdir. Pulu verdikdən 1 il sonra Yengibar adlı bir şəxs onun yanına gələrək, cavabdehin borcunu verəcəyini bildirmişdir. Cavabdehlə aralarındakı razılığa görə həmin şəxsə onun 1000 manat borcu olduğunu bildirmişdir. Lakin onun cavabdehlə bu cür danışığı olmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Cavabdeh adından yazılmış qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 12300 manat pul almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət komitəsinin Tərtər rayonu üzrə baş məsləhətçisi M.S.Nəzərov tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Əsədov X1 rayonunda məcburi köçkündür, hazırda Tərtər rayonunun Şıxarx İƏD-də müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş 10 oktyabr 2021-ci il tarixli ******* saylı şəxsi vəsiqədən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş iddiaya qarşı yazılı etirazda bildirmişdir ki, iddiaçının sübut olaraq məhkəməyə təqdim etmiş olduğu yazılı qəbz tərəflərin həqiqi iradə ifadəsini əks etdirmir. Məsələ burasındadır ki, ona təcili olaraq 1000 (bir min) manat məbləğində pul lazım olmuş, ona İddiaçı adlı şəxs hərbiçilərə faizə pul verdiyini bildirmişlər. Bu məqsədlə ona müraciət etmiş, o da hər ay 150 manat faiz ödəmək şərti ilə 1000 (bir min) manat borc verə biləcəyini bildirmişdir. Bununla belə ona əlyazma qəbz yazdırmış, mətnini özü diqtə etmiş və qəbzdə güya ona 12300 (on iki min üç yüz) manat borc verdiyini yazdırmışdır. O da çıxılmaz durumda qalmış 1000 (bir min) manat pul alıb problemimi həll etmək naminə həmin qəbzdə nəinki 12300 manat, Sevdimalı ona desəydi 50000 (əlli min) manat yaz, yazacaqmış. Sevdimalıdan aldığı pulun müqabilində hər ay 150 manat olmaqla 2000 manata yaxın bir məbləğdə ödəniş etmiş və borcunu artıqlaması ilə qaytardığını düşünmüşdür. Lakin Sevdimalı ondan əl çəkməyərək yenə pul verməyini tələb etmişdir. Sevdimalıdan cəmisi 1000 (bir min) manat borca pul götürməyinə, hər ay ona 150 manatdan ödənişlər etməyinə dair Sevdimalının səs yazısı vardır. Ondan cəmisi 1000 (bir min) manat faizlə borca pul götürməyi ilə bağlı aparılan danışıqların səsini yazmışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfdən məhkəməyə təqdim olunmuş bir ədəd DVD-yə məhkəmə baxışı zamanı qulaq asılmış və müəyyən olunmuşdur ki, iddiaçı özü həmin danışıq zamanı cavabdehə 1000 manat verdiyini və hər ay həmin pula görə 150 manat faiz aldığını etiraf etmişdir. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehə 1000 manat pulu 15 faizə vermişdir. İddiaçı özü məhkəməyə təqdim etdiyi qəbzdə cavabdehin ondan 12300 manat pul almasını bildirsə belə məhkəmə baxışı zamanı həmin hal öz təsdiqini tapmamışdır.Belə ki, iddiaçı özü cavabdehin yaxın adamı ilə söhbət zamanı həmin məbləğin 1000 manat olduğunu etiraf etmişdir.İddiaçı həmin səs yazısı ilə bağlı bildirdiyi kimi həmin danışıqda olan halları cavabdehin dediyi kimi deməsi barədə irəli sürdüyü vəsatət əsassız olduğundan qəbul olunmamalıdır.İddiaçı həmin halın doğru olması barədə məhakəməyə heç bir sübut təqdim edə bilməmişdir.Məhkəmə iddiaçının dediklərinə tənqidi yanaşaraq cavabdehin dediklərinin əsaslı olduğu qənaətə gələrək iddianın qismən təmin olunmasını daha qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 529.1-ci maddəsində qeyd olunmuşdur ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 741-ci maddəsində qeyd olunmuşdur ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar