Məhkəmə qərarları › İş №e-2(057)-552/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-552/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-552/2024 27.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızı, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ”kredit borcunun qaytarılması” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 523BFFK saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2015-ci il tarixli, 496BFFK saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 1754,24 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən X1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-ci il tarixli, **********228 saylı bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehin 883,55 manat əsas, 30,03 manat faiz borcu var. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 523BFFK saylı kredit müqaviləsi üzrə 883,55 manat əsas, 30,03 manat faiz olmaqla cəmi 913,58 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdehlər xx.xx.2024-cü il tarixdə həmin bildirişi qəbul etmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə kredit verilmişdir. Borcalan isə həmin kreditdən borcalanla bank arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunu borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-ci il tarixinə Cavabdeh1 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 883,55 manat əsas, 30,16 manat faiz olmaqla, cəmi 913,71 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, cavabdehlər borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən isə 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşlar ki, nəticədə cavabdehlərin iddiaçı Bank İddiaçı ASC-yə borcu yaranmışdır. İş üzrə iddiaçı Bank İddiaçı ASC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, mövcud iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 523BFFK saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin digər cavabdeh(lər) Cavabdeh2 cavabdehin iddiaçıya olan xx.xx.2019-cu il tarixli, 523BFFK saylı kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan cavabdehin pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzər(lər)inə götürmüşdür(lər). Buna görə də cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, digər cavabdeh(lər) Cavabdeh2, Cavabdeh1 birlikdə iş üzrə İddiaçı ASC qarşısında birgə məsuliyyət daşıyır(lar). Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 523BFFK saylı kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməs(lər)i nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdeh(lər)dən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdeh(lər)ə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il tarixli, 523BFFK saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 883,55 manat əsas, 30,03 manat faiz borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. xx.xx.2019-cu il tarixli, 523BFFK saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 883,55 manat əsas, 30,03 manat faiz borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar