Məhkəmə qərarları › İş №e-2(057)-660/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-660/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-660/2024 08.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11798.65 manat məbləğində əsas borcun, 1933.56 manat məbləğində faiz borcunun, 325.81 manat məbləğində cərimə borcunun, cəmi 14058.02 manat borcun və 133 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 22.5 % olmaqla 12500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11798.65 manat məbləğində əsas borcun, 1933.56 manat məbləğində faiz borcunun, 325.81 manat məbləğində cərimə borcunun, cəmi 14058.02 manat borcun və 133 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, məhkəmə proseslərinin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəklərini qeyd edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə elan olunmuş № CP/81472/88/10 saylı, xx.xx.2022-ci il tarixli Kredit Sazişi müqaviləsindən görünür ki, Cavabdeh 48 ay müddətinə illik 22.5 faiz dərəcəsi ilə 12500 manat kredit verilmişdir. İş materiallarında olan Cavabdeh adına verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən banka 11798.65 manat əsas, 1933.56 manat faiz və 325.81 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən dövlət rüsumu kimi 133 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə aralarında bağlanılmış müqavilə əsasında yaranan borcunu, həmin borc əsasında olan faiz və borcunu ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kredit alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.2-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 133 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11798.65 manat əsas, 1933.56 manat faiz, 325.81 manat cərimə və ödənilmiş 133 manat dövlət rüsumu olmaqla, cəmi 14191.02 manat borc pul tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 11798.65 (on bir min yeddi yüz doxsan səkkiz manat altmış beş qəpik) manat əsas, 1933.56 (bir min doqquz yüz otuz üç manat əlli altı qəpik) manat faiz, 325.81 (üç yüz iyirmi beş manat səksən bir qəpik) manat cərimə və 133 (bir yüz otuz üç) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 14191.02 (on dörd min yüz doxsan bir manat iki qəpik) manat məbləğində borc pul tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar