Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-756/2025 11.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1564 manat 12 qəpik pulun və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 154x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin - OBA Salyan 17 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 3366 manat 73 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1564 manat 12 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sifarişli-xəbərnaməli məhkəmə bildirişi “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Göstərilən səbəbdən məhkəmə aparatının əməkdaşı cavabdehin istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış, özünü Cavabdeh kimi təqdim edən şəxs “QRUP-1SEKYURİTİ" MMC-də mühafizəçi vəzifəsində işlədiyini, hazırda işdə olduğunu, borcu qəbul etdiyini, borcunu bir müddət sonra ödəyəcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 247 saylı əmrdən çıxarışın ksero surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2020-ci il tarixindən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və ona 260 manat əmək haqqı təyin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 154x saylı əmrdən çıxarışın ksero surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən 68.2 “b” maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 619 saylı əmrdən çıxarışın ksero surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2023-cü il tarixindən administrator vəzifəsinə keçirilmiş və ona 345 manat əmək haqqı təyin edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli arayışın ksero surətindən görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 3366.73 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 1564.12 manat borc qalmışdır. Beləliklə, Cavabdeh 12 sentyabr 2024-cü il tarixində İddiaçı MMC-yə olan ümumi borcu 1564.12 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun ksero surətindən görünür ki, öhdəsində olan borcun 3 gün müddətində ödənilməsinin tərəfindən təmin edilməsini, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan X1 iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində sessiya keçirilmiş və Cavabdeh iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Əmək Məcəlləsinin 194-cü maddənn 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyr. Əmək Məcəlləsinin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işə götürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək, cavabdehdən 1564.12 (bir min beş yüz altmış dörd manat on iki qəpik) manat və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat pul tutulub İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1564.12 (bir min beş yüz altmış dörd manat on iki qəpik) manat borc və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-756/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-756/2025
11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver