Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-770/2024 22.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7148.69 manat əsas, 298.25 manat faiz, cəmi 7446.94 manat məbləğində vəsaitin və ödənilmiş 94.47 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK3000319B239 saylı kredit müqaviləsinə əsasən ona 72 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 7242.22 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2024cü il tarixə İddiaçı ASC-yə 7148.69 manat əsas, 298.25 manat faiz, cəmi 7446.94 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7148.69 manat əsas, 298.25 manat faiz, cəmi 7446.94 manat məbləğində vəsaitin və ödənilmiş 94.47 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin problemli kreditlərin hüquqi təqibi departamentinin məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə elektron məhkəmə informasiya sistemində olan elektron kabinet vasitəsilə ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, RGTK3000319B239 saylı kredit müqaviləsinin ksero surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 72 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 7242.22 manat kredit verilmişdir. İş materiallarında olan Cavabdeh adına verilmiş 27 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, № RGTK3000319B239 saylı kredit müqaviləsinə əsasən 7148.69 manat əsas, 298.25 manat faiz borcu olmaqla, cəmi 7446.94 manat borcu yaranmışdır. İş materiallarında olan bildirişin (xəbərdarlıq) surətindən görünür ki, Cavabdeh Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən dövlət rüsumu kimi 94.47 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatiya Xəstəxanası” X2 tərəfindən verilmiş Ambulator Kitabçadan (xəstəlik tarixindən) 098886 nömrəli çıxarışın ksero surətindən görünür ki, Cavabdeh kəskin polimorf psixiatrik pozuntu diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş 17 yanvar 2023-cü il tarixli, 60 nömrəli X1 ksero surətindən görünür ki, Cavabdeh kəskin şizofrenəbənzər psixotik pozuntudan əziyyət çəkir. Xəstəlikdir, hərbi xidmət dövründə almışdır. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. “Xəstəliklər cədvəli”nin 15, 17b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1889 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, Azərbaycan Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Cavabdeh Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və kəskin polimorf psixotik pozuntu diaqnozu qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qismən təmin olunmalı və Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK3000319B239 saylı kredit müqaviləsinə əsasən 7148.69 manat məbləğində əsas borc, 298.25 manat məbləğində faiz borcu, cəmi 7446.94 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.2-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 94.47 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən ondan xx.xx.2023-cü il tarixli, RGTK3000319B239 saylı kredit müqaviləsinə əsasən 7148.69 manat məbləğində əsas borc, 298.25 manat məbləğində faiz borcu olmaqla, cəmi 7446.94 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK3000319B239 saylı kredit müqaviləsinə əsasən 7148.69 (yeddi min yüz qırx səkkiz manat altmış doqquz qəpik) manat məbləğində əsas borc, 298.25 (iki yüz doxsan səkkiz manat iyirmi beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 7446.94 (yeddi min dörd yüz qırx altı manat doxsan dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-770/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-770/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver