Məhkəmə qərarları › İş №e-2(058)-101/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-101/2024

12.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-101/2024 12.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9738,00 (doqquz min yeddi yüz otuz səkkiz) manat sığorta ödənişi məbləğinin və 117,38 (bir yüz on yeddi manat otuz səkkiz qəpik) manat dövlət rüsumunun, cəmi 9855,38 (doqquz min səkkiz yüz əlli beş manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21061” markalı, **-BB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21061” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Samux rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “VAZ 21074” markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı və “VAZ 2106” markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuş, X1 yüngül xəsarət yetirmiş və X2 ölümünə səbəb olmuşdur. Qeyd olunan sığorta hadisəsi üzrə "xxxx" ASC tərəfindən “VAZ 21074” markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 3516 (üç min beş yüz on altı) manat, “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 472 (dörd yüz yetmiş iki) manat, X1 dəymiş yüngül xəsarətə görə 750 (yeddi yüz əlli) manat, X2 ölümünə görə 5000 (beş min) manat, ümumilikdə 9738 (doqquz min yeddi yüz otuz səkkiz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Samux RPŞ İstintaq Qrupunun qərarında Cavabdeh AR Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Samux RPŞ İstintaq Qrupunun "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21061” markalı, **- BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.2-ci maddəsində zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi 100 faiz; 14.2.5-ci maddəsində yüngül xəsarət alması 15 faiz nisbətində, 56.1.1-ci maddəsində fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat məbləğində zərərin ödənilməsi qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 9738 (doqquz min yeddi yüz otuz səkkiz) manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə tərəfindən iş üzrə müvafiq ekspert rəyi elan olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh rəylə razı olduğunu və iddianı qəbul etdiyini bildirdi. Məhkəmə cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, hadisə baş verən zaman Cavabdeh sürücülük vəsiqəsi olmamışdır. 01 dekabr 2019-cu il tarixli ciayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 12 oktyabr 2019-cu il tarixli, 89 nömrəli ekspert rəyinin surətindən görünür ki, mərhum X2 bədənində döş sümüyünün İİİ qağırğa səviyyəsindən sınması, döş qəfəsinin sağ tərəfində İİİ, İV, V, Vİ qabırğaların orta körpücük xatti üzrə, döş qəfəsinın sol tərəfində Vİİİ, İX, X qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olması, mədənin və yoğun bağırsağın selikli qişalarının cırılması, bağırsaq müsariqələrinə ocaqlı qansızmalar, sol bazu nahiyəsinin, döş qəfəsinin ön səthinin və qarının sol yan səthinin böyük ölçülü qançırları, hematomaları, sol bazu sümüyün qapalı sınığı: sağ əlin iç səthinin, hər iki baldır nahiyələrinin qançırlar, hər iki diz nahiyələrinin sıyrıqları xəsarətləri müəyyən edilmiş, bu xəsarətlərin həyati olduğu, bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəldiyi, əmələ gəlmə müddətləri qərarın təssviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəldiyi və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 07 oktyabr 2019-cu il tarixli, 1699 nömrəli ekspert rəyinin surətindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarət döş qəfəsinin əzilməsi bərk küt aşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti gərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığı YÜNGÜL zərər yurmaya aid edilir. X4 bədəni üzərində müyyən edilmiş xəsarətin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X5 5000 manat sığorta ödənişi olunmuşdur. xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X6 750 manat sığorta ödənişi olunmuşdur. xx.xx.2019-cu il tarixli hesablama aktın surətindən görünür ki, X9 Cavabdeh məxsus “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin təmiri üçün 472 manat pul hesablanmışdır. xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X7 3516 manat sığorta ödənişi olunmuşdur. xx.xx.2021-ci il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X9 472 manat sığorta ödənişi olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 4500,00 manat olmuş, 2006-cı il buraxılışlı VAZ 21074 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziaynın məbləği, salamat qalmış hissələrin dəyəri (təxminən 900 manat) nəzərə alınmaqla nəzəri qaydada təxminən 3,600,00 (4500-900) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəratində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat qalmışhissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında”Azərbaycan Respublikası qanunun 25.1.2-ci maddəsinə əsasən həmin qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Həmin Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçıya cavabdehin təqsirli hərəkəti nəticəsində ziyan vurulduğundan və həmin hal məhkəmə araşdırması zamanı təsdiqini tapdığından iddiaçının zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Buna görə də Cavabdeh 9738 manat pul tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117.38 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh suroqasiya qaydasında 9738 (doqquz min yeddi yüz otuz səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 117.38 manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar