Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-101/2025 20.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 3960 (üç min doqquz yüz altmış) manat məbləğin, həmin məbləğə illik 5 faiz ilə 2 il üçün (2022 – 2023) hər il üzrə 198 (yüz doxsan səkkiz) manat olmaqla, cəmi 396 (üç yüz doxsan altı) manat əldən çıxmış faydanın, həmçinin 65 (altmış beş) manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödədiyi 200 (iki yüz) manat vəsaitin, cəmi 4621 (dörd min altı yüz iyirmi bir) manat pulun tutulub, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli MAPS arayışına əsasən ünvan 1i ünvanda qeydiyyatda olan Cavabdeh qarşı iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(012)-4852/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır ki, “Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh ünvan 3i ünvanda qeydiyyatdadır”. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik – leytenantı X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 fevral 2024-cü il tarixli qərarı ilə İddiaçı və X2 birgə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar ilə tanış olduqda məlum olmuşdur ki, “araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, təxminən 10 ilə yaxındır ki, türkəçarə ilə məşğul olur. 2021-ci ilin avqust ayının ortalarında əvvəllər tanışı İradə adlı xanım vasitəsilə tanıdığı Elmira Heydərova bacısı Aygün Heydərova ilə birlikdə yaşadığı Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Əlillər binası, İstixana qəsəbəsində yerləşən evinə gəlmişlər. Elmira Heydərova bizdə olarkən başında uzun müddətdir ağrılarının olduğunu, halsız olduğunu bildirmişdir. O, isə Elmira Heydərovaya əl çəkərək, səhhətində olan problemlərin düzələcəyini bildirmişdir. E.Heydərova isə qarşılığında ona 300 manat ödəniş etmişdir. 2021-ci ilin avqust ayı ərzində daha 2 dəfə E.Heydərova həyat yoldaşı İddiaçıla birlikdə onun evinə gəlmiş və o, yenidən xanımın başına əl çəkmiş və hər dəfəsində İddiaçı ona 300 manat ödəniş etmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində gecə saat 02 radələrində İddiaçı telefon vasitəsi ilə zəng edərək, həyat yoldaşı E.Heydərovanın qarın nahiyələrində ağrıların olduğunu, dərhal onlara gəlməsini xahiş etdi. O, İddiaçı ünvan 5 ünvanına getmiş və orada E.Heydərovanın qarın nahiyəsinə əl çəkərək sağaltmışdır. Bu proses 2 dəfə davam etmiş və İddiaçı ona bu prosedurlara görə ümumilikdə 700 manat ödəniş etmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində o, telefon vasitəsi ilə İddiaçıla əlaqə saxlayaraq 1500 manat borca pul istəmişdir. İddiaçı isə hazırda Bakı şəhərində olmadığını, Bakıda yaşayan bir dostundan alıb verə biləcəyini bildirmişdir. Təxminən 2 saat sonra İddiaçı həyat yoldaşı E.Heydərova ona lazım olan məbləği tapdığını, yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov, ev 12-nin qarşısına gəlməyini bildirmişdir. O, taksi ilə həmin ünvana getmiş və E.Heydərovadan borca 900 ABŞ dolları almış və qısa zaman ərzində qaytaracağını bildirmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində o, təkrarən Akifə zəng etmiş və əlavə olaraq 1000 manat borca pul istəmişdir. İddiaçı isə bu barədə həyat yoldaşı ilə əlaqə saxlamağını bildirmişdir. O, Elmira Heydərova ilə görüşmüş və E.Heydərova ona əvvəlcə 400 ABŞ dolları, daha sonra isə 100 manat pul vermişdir”. Cavabdeh “Covid 19” pandemiyası zamanı insanların təşviş, stress və təlaş içində olduqlarından məharətlə istifadə edərək, həmin dönəmdə və ondan sonrakı zamanlarda özünəməxsus hiyləgər metodlardan, “şəfaverici güc”ündən, habelə guya türkəçarə metodundan istifadə etməklə, köməyə ehtiyacı olan şəxsləri, konkret olaraq onu aldatmış və pulunu mənimsəmişdir. Həmçinin, Cavabdeh bilərəkdən köməksiz vəziyyətdə qalan və dərin sarsıntı halında olan şəxslərin psixologiyasına nüfuz etməklə, mənfur niyətini həyata keçirmişdir. Cavabdeh ona məxsus 3960 manat vəsaiti mənimsəmişdir. Həmin pullar ona qərarda etiraf etdiyi şəkildə verilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(058)-1102/2024 nömrəli qərardadından görünür ki, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı və onun nümayəndəsi - Vəkil məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi - Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun və iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı və onun nümayəndəsi -Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Samux Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti Başçısının Alabaşlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə edilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh Samux rayonu, Alabaşlı qəsəbəsində qeydiyyatdadır, məhkəmə bildirişinin verilməsi təmin edilmiş, xx.xx.2025-ci ildə Samux Rayon Məhkəməsində olması bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsində verdiyi izahatından görünür ki, təxminən 10 ilə yaxındır ki, türkəçarə ilə məşğul olur. 2021-ci ilin avqust ayının ortalarında əvvəllər tanışı İradə adlı xanım vasitəsilə tanıdığı Elmira Heydərova bacısı Aygün Heydərova ilə birlikdə yaşadığı Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Əlillər binası, İstixana qəsəbəsində yerləşən evinə gəlmişlər. Elmira Heydərova onun evində olarkən başında uzun müddətdir ağrılarının olduğunu, halsız olduğunu bildirmiş, o isə Elmira Heydərovaya əl çəkərək onun səhhətində olan problemlərin düzələcəyini bildirmişdir. E.Heydərova qarşılığında ona 300 manat ödəniş etmişdir. 2021-ci ilin avqust ayı ərzində daha 2 dəfə E.Heydərova həyat yoldaşı İddiaçıla birlikdə onun evinə gəlmiş və o, yenidən xanımın başına əl çəkmiş və hər dəfəsində İddiaçı ona 300 manat ödəniş etmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində gecə saat 02 radələrində İddiaçı telefon vasitəsi ilə zəng edərək həyat yoldaşı E.Heydərovanın qarın nahiyələrində ağrılarının olduğunu, dərhal onlara gəlməyini xahiş etmişdir. O, İddiaçı ünvan 5 ünvanına getmiş və orada İddiaçı həyat yoldaşı E.Heydərovanın qarın nahiyəsinə əl çəkərək sağaltmışdır. Bu proses 2 dəfə davam etmiş və İddiaçı ona bu prosedurlara görə ümumilikdə 700 manat ödəniş etmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində o, telefon vasitəsi ilə İddiaçıla əlaqə saxlayaraq, 1500 manat borca pul istəmiş, İddiaçı isə hazırda Bakı şəhərində olmadığını, Bakıda yaşayan bir dostundan alıb verə biləcəyini bildirmişdir. Təxminən 2 saat sonra İddiaçı həyat yoldaşı E.Heydərova ona lazım olan məbləği tapdığını, yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov, ev 12-nin qarşısına gəlməyini bildirmişdir. O, taksi ilə həmin ünvana getmiş və E.Heydərovadan borca 900 ABŞ dolları almış və qısa zaman ərzində qaytaracağını bildirmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində o, təkrarən Akifə zəng etmiş və əlavə olaraq 1000 manat borca pul istəmişdir. İddiaçı isə bu barədə həyat yoldaşı ilə əlaqə saxlamağını bildirmişdir. O, Elmira Heydərova ilə görüşmüş və E.Heydərova ona əvvəlcə 400 ABŞ dolları, daha sonra isə 100 manat pul vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlardan görünür ki, İddiaçı və X2 birgə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 076 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ilə Vəkil arasında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə “Arbitrium” Vəkil Bürosunun hesabına 200 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 076 nömrəli “Vəkil Orderi”-dən görünür ki, mülki iş üzrə iddiaçıya hüquqi yardım göstərilməsi ilə bağlı İddiaçı ilə Vəkil order bağlamışlar. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq göstərir ki, hazırda iddiaçı qanunla üzərinə düşən sübutetmək vəzifəsinin öhdəsindən gəlmişdir. Bu zaman göstərilən halın əks olmasının təsdiqi üçün mötəbər sübutların təqdim edilməsi cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən həmin halı təsdiq edə bilməmişdir. İddiaçının iddia tələbi cavabdehin Polis İdarəsində verdiyi izahatına (etirafına) əsasən sübuta yetirilmişdir. Belə ki, cavabdeh izahatında qeyd etmişdir ki, 2021-ci ilin avqust ayında İddiaçı ona 900 manat (üç dəfə 300+300+300 manat), 2021-ci ilin sentyabr ayında 700 manat, 2022-ci ilin yanvar ayında 900 ABŞ dolları (1530 manat), 400 ABŞ dolları (680 manat) və 100 manat pul vermişdir. Ona görə də məhkəmə iddiaçının mövqeyini qismən əsaslı sayır və göstərir ki, iddiaçı pulunu tələb edə bilər. Göründüyü kimi tərəflər arasında münasibətlər 2310 (1530+680+100) manata münasibətdə borc və 1600 (900+700) manata münasibətdə isə əsassız varlanma olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətlərinin zəruriliyi əsaslı olmadığından, onun heç bir hüquqi əsas olmadan əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbində dövlət rüsumu 65 (altmış beş) manat tələb edilmiş, lakin iddia qismən təmin edildiyindən dövlət rüsumu 59,1 (əlli doqquz manat on qəpik) manat həcmində tutulmalıdır. Məhkəmə iddia tələbinin “illik 5 faiz ilə 2 il üçün (2022 – 2023) hər il üzrə 198 (yüz doxsan səkkiz) manat olmaqla, cəmi 396 (üç yüz doxsan altı) manat əldən çıxmış fayda” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissəyə dair iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, cavabdeh Polis İdarəsində verdiyi izahatında iddiaçıdan müxtəlif tarixlərdə 3910 manat pul aldığını etiraf etmişdir. Ona görə də, cavabdehin etirafı əsas götürülməklə iddia qismən təmin edilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehdən 3910 (üç min doqquz yüz on) manat, hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş 59,1 (əlli doqquz manat on qəpik) manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 340-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh cəmi 3910 (üç min doqquz yüz on) manat, hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş 59,1 (əlli doqquz manat on qəpik) manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-101/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-101/2025
20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver