Məhkəmə qərarları › İş №e-2(058)-1038/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1038/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1038/2024 30.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızı, İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Acıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: ` İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Acıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 07 may 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən 2500 manat əsas borc, 221.51 manat faiz borcu, 300.54 manat cərimə, cəmi 3022.05 manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 51 manat məbləğində pul Bank olmayan kredit təşkilatı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Acıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 07 may 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə kredit ayrılmış, 07 may 2025-ci il tarixə qədər aylıq qalıq borcun 31% dərəcəsini tətbiq etməklə 2500 manat kredit müqaviləsi üzrə cavabdehə 12 ay müddətinə illik 31% ödəmək şərtilə 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etmişdir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında 07 may 2024-cü il il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 və Cavabdeh2 02 sentyabr 2024-cü il il tarixli arayışa əsasən BOKT "xxxx" ASC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 2500 manat, faiz üzrə 221.51 manat, cərimə üzrə 300.54 manat olmaqla ümumilikdə 3022.05 manat təşkil edir. Kreditor “Bank olmayan kredit təşkilatı "xxxx" Acıq Səhmdar Cəmiyyəti öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Bank olmayan kredit təşkilatı "xxxx" Acıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış LD********** saylı, 07 may 2024-cü il tarixli, kredit müqavilənin surətindən görünür ki, Cavabdeh1 12 ay müddətinə illik 31% ödəmək şərti ilə 2500 manat məbləğində kredit verilmişdir. 07 may 2024-cü il tarixli, LD********** saylı zaminlik müqavilənin surətindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 tərəfindən 07 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Bank olmayan kredit təşkilatı "xxxx" Acıq Səhmdar Cəmiyyətinə 2500 manat əsas borc, 221.51 manat faiz, 300.54 manat cərimə borcu olmaqla ümumilikdə 3022.05 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı bu müqavilələr üzrə öz öhdəliklərini lazımi qaydada icra etsə də cavabdehlər öhdəliklərini vaxtında icra etməmişlər. Zaminlik öhdəliyin icrasının təmini üsulu olduğundan, hazırda iddiaçı öhdəliyin icra edilməsini həm əsas borcludan həm də zamindən tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən, yəni 50 manat həcmində təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2500 manat, faiz borcuna görə 221.51 manat, cərimə 50 manat olmaqla, cəmi 2771.51 manat pul müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Ona görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 47,72 manat hissəsinin əvəzi alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2500 manat, faiz borcuna görə 221.51 manat, cərimə 50 manat olmaqla, cəmi 2771.51 (iki min yeddi yüz yetmiş bir manat əlli bir qəpik) manat pul, ödənilmiş dövlət rüsumunun 47,72 manat hissəsinin əvəzi alınaraq Bank olmayan kredit təşkilatı "xxxx" Acıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar