Məhkəmə qərarları › İş №e-2(058)-1215/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1215/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1215/2023 20.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ = Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları, İddiaçı QBKT X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QBKT MMM cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 4517.67 manat, faiz borcu üzrə 1266 manat, cərimə borcu üzrə 152.73 manat, cəmi 5936.40 manat məbləğində borcun və dövlət rüsumunun əvəzi qismində 79.37 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********0073 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 28 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 276 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin borcalan tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 4517.67 manat, faiz borcuna görə 1266 və cərimə borcunə görə 152.73 manat, cəmi 5936.40 manat təşkil edir. Cavabdeh2 ilə öhdəliyin icra edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin, danışıqlar heç bir nəticə verməmişdir və kreditor İddiaçı MMM QBKT öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul edərək bildirdi ki, maddi imkanı zəif olduğundan borcunu tam şəkildə deyil hiss-hissə ödəyə bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək tələbin təmin olunmasına etirazının olmadığığını bildirdi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********0073 nömrəli kredit müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış həmin müqaviləyə əsasən İddiaçı X3 Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 28% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində borc verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı X3 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında borcalan Cavabdeh2 öz öhdəliyini yerinə yetirməsinə görə zamin əsas borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı X3 Bank Kredit Təşkilatına olan borcu 5936.40 manat təşkil edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, İddiaçı QBKT MMM ilə cavabdehlər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh2 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Zamin Cavabdeh1 öhdəliyin icra edilməsi üçün məsuliyyəti üzərinə götürdüyündən onların hər ikisi həmin müqavilənin icra olunması üçün birgə məsuliyyət daşıyırlar və iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən 4517,67 manat əsas borc, 1266 manat faiz, 152,73 manat cərimə borcu olmaqla, cəmi 5936,40 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 79.37 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 79.37 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4517,67 manat əsas borc, 1266 manat faiz, 152,73 manat cərimə borcu olmaqla, cəmi 5936,40 manat (beş min doqquz yüz otuz altı manat, qırx qəpik) manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 79.37 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı Qeyri Bank Kredit X2 Müəssisəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar