Məhkəmə qərarları › İş №e-2(058)-1329/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1329/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1329/2024 10.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, X3 Azərbaycan QSC-nin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: X3 Azərbaycan QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə 879.74 manat borc, hesablanmış və ödənilməmiş faiz üzrə 98.72 manat, 64.72 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2.66 manat borc, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 0 manat, cəmi 1045.84 manat məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30.45 manat dövlət rüsumunun X3 Azərbaycan QSC-nin хeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 noyabr 2023-cü ildə X3 Azərbaycan QSC və Cavabdeh arasında Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan X1 istehlak yönümlü 1000 manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. X3 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə оlan bоrcu əsas məbləğ üzrə borc 879.74 manat hesablanmış və ödənilməmiş faiz borcu 98.72 cərimə borcu 64.72 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.66 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 0 manat (sıfır manat) cəmi borc 1045.84 manat təşkil edir. Odur ki, Cavabdeh 1045.84 manat məbləğində borcunun və dövlət büdcəsinə köçürülmüş 30.45 manat dövlət rüsumunun X3 Azərbaycan QSC-nin хeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: X3 Azərbaycan QSC ilə Cavabdeh arasında 17 noyabr 2023-cü il tarixdə bağlanmış Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 1000 (bir min) manat məbləğində kredit kartı limiti ayrılmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə əsas məbləğdən 879.74 manat əsas borc, ödənilməmiş əsas faiz borcu 98.72 manat, 64.72 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2.66 manat borc, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 0 manat, cəmi 1045.84 manat məbləğində borcu hesablanmışdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin faktiki hallarından görünür ki, Cavabdeh müvafiq olaraq kredit müqaviləsinə əsasən X3 Azərbaycan QSC qarşısında üzərlərinə götürdüyü öhdəlikliyə tam əməl etməmişdir. Nəticədə 879.74 manat əsas, ödənilməmiş faiz borcu 98.72 manat, 64.72 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.66 manat, cəmi borc 1045.84 manat borcu yaranmışdır. Cərimə borcu isə müqavilə şərtlərinə uyğun olsa da, məhkəmə hər iki tərəfin əmlak mənafelərini nəzərə alaraq cərimənin azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə qeyd edir ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Beləliklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas məbləğ üzrə 879.74 manat əsas, ödənilməmiş faiz borcu 98.72 manat, 10 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.66 manat, cəmi 991.12 manat məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq X3 Azərbaycan QSC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə hesab edirəm ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh əsas məbləğ üzrə 879.74 manat əsas, ödənilməmiş faiz borcu 98.72 manat, 10 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.66 manat, cəmi 991.12 (doqquz yüz doxsan bir manat on iki qəpik) manat borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq X3 Azərbaycan QSCnin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar