Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-134/2024 07.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən İddiaçı MMC-nin xeyrinə ümumilikdə 1160 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 3M-1102 reyestr qeydi ilə təstiqlənmiş nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarədar İddiaçı MMC toyota prius markalı 77PH382 dövlət qeydiyyat nişanlı avtomobili icarəçi Cavabdeh təhvil vermiş, icarəçi Cavabdeh müqaviləyə əsasən depozit və gündəlik icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə cavabdeh avtomobili saz vəziyyətdə istifadəsinə götürmüşdür. Lakin cavabdeh avtomobilin istifadəsi qarşılığında müqavilədə nəzərdə tutulmuş icarə haqqını icarədara ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Cavabdehin 150 manat ödənilməmiş borcu yaranmışdır. Avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində 1010 manat inzibati cərimə olunmuşdur və cəriməni ödəməmişdir. Mübahisənin həlli ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Lakin mübahisənin məhkəmədən kənar həllinə dair cavabdeh tərəfindən addım atılmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış Bakı şəhəri 51 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 3M-1102 reyestr qeydi ilə təsdiqlənmiş nəqliyyat vasitəsinin icarə müqaviləsinin surətindən görünür ki, İcarədar İddiaçı MMC mülkiyyətində olan toyota prius markalı 77PH382 dövlət qeydiyyat nişanlı avtomobili icarəçi Cavabdeh depozit və gündəlik icarə haqqı ödəmək şərti ilə təhvil vermişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, avtomobili təhvil almaq üçün icarəçi icarəyə verənə 600 manat dəyərində depozit ödəyir. Müqavilənin 4.4-cü bəndinə əsasən, gündəlik müəyyənləşdirilmiş icarə haqqı vergilər xaric 25 manat təşkil edir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC mülkiyyətində olan toyota prius markalı 77PH382 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli № pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış Bakı şəhəri 51 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 3M-1102 reyestr qeydi ilə təstiqlənmiş nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə verilmiş toyota prius markalı 77PH382 dövlət qeydiyyat nişanlı avtomobilə dair 150 manat ödənilməmiş icarə haqqının və istifadə müdətində ümumilikdə 1010 manat cərimələrin ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, cavabdeh ilə iddiaçı arasında nəqliyyat vasitəsinə dair icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən icarə müqaviləsinin predmeti olan toyota prius markalı 77PH382 dövlət qeydiyyat nişanlı avtomobil depozit və gündəlik icarə haqqı ödəmək şərti ilə cavabdehə icarəyə vermişdir. İddiaçı nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, onun tərəfindən ödənilməli olan icarə haqqının bir hissəsi, yəni 150 manat icarə haqqı ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən onlar arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəliklərini tam icra etməsini tələb etməkdə haqlıdır. Ona görə də, iddia, 150 manat icarə haqqının cavabdehdən tələb olunması hissəsində əsaslıdır. Lakin məhkəmə, iddia tələbini, icarə müqaviləsinin predmeti olan avtomobilin cavabdehin istifadəsində olan müddətdə ona, törətdiyi inzibati xətalara görə inzibati tənbeh kimi tətbiq olunan cərimələrin tələb edilməsi hissəsində əsaslı hesab etmir. Belə ki, iş materiallarından da görünür ki, sözügedən inzibati cərimələr məhz, Cavabdeh tətbiq edilmişdir. İcarə müqaviləsi notarial qaydada bağlanmalı olan və dövlət reyestrində qeydə alınan müqavilə olduğundan müqavilənin qüvvədə olduğu müddətdə icarə predmeti olan avtomobilin rəsmi olaraq cavabdehin istifadəsində və sahibliyində olduğu müəyyən olduğundan inzibati cərimələr məhz icarəçiyə tətbiq edilmiş və həmin cərimələrin ödənilməsi cavabdehə aiddir. Ona görə də iddiaçı cavabdehin ödəmək öhdəliyini daşıdığı inzibati cərimələri ondan tələb etməkdə haqlı deyil. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri 51 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 3M-1102 reyestr qeydi ilə təsdiqlənmiş nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə, Cavabdeh tərəfindən ödənilməmiş 150 (yüz əlli) manat məbləğində icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-134/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-134/2024
07.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver