Məhkəmə qərarları › İş №e-2(058)-1527/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1527/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1527/2023 06.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı İddiaçı Qeyri Bank Kredit X1 Müəssisəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QBKT MMM cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən əsas borc üzrə 2419 manat, faiz borcu üzrə 613.56 manat, cərimə borcu üzrə 205.35 manat, cəmi 3237.91 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52.38 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QBKT MMM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********0852 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyəsinin yağşılaşdırılması məqsədləri üçün illik 28 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2900 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 160 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adlı qeyd edilmiş, kredit kartında təqdim edilmişdir. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin borcalan tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 2419 manat, faiz borcuna görə 613.56 və cərimə borcunə görə 205.35 manat, cəmi 3237.91 manat təşkil edir. İddiaçı QBKT MMM öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına olan xx.xx.2022-ci il tarixli **********0852 nömrəli kredit müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış həmin müqaviləyə əsasən İddiaçı QBKT MMM tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 28% olmaqla 24 ay müddətinə 2900 manat məbləğində borc verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı QBKT MMM ilə X3 arasında borcalan X2 öz öhdəliyini yerinə yetirməsinə görə zamin əsas borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı QBKT MMM-nə olan borcu 3237.91 manat təşkil edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, İddiaçı QBKT MMM ilə cavabdehlər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh2 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Zamin Cavabdeh1 öhdəliyin icra edilməsi üçün məsuliyyəti üzərinə götürdüyündən onların hər ikisi həmin müqavilənin icra olunması üçün birgə məsuliyyət daşıyırlar və iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən 2419 manat əsas borc, 613.56 manat faiz, 205.35 manat cərimə borcu olmaqla, cəmi 3237.91 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, qalıq əsas borca nəzərən tətbiq edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 52.38 manat dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq 51.32 manat hissəsi iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2419 manat əsas borc, 613.56 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 3132.56 manat (üç min yüz otuz iki manat, əlli altı qəpik) manat pul və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 51.32 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı Qeyri Bank Kredit X1 Müəssisəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar