Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-158/2025 19.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh4 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh4 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit borcunun qaytarılması” tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 7543,11 manat əsas borc, 747,6 manat faiz, 492,19 manat cərimə olmaqla cəmi 8782,90 manat pulun, 0.40 manat bank xidmət haqqının və ödənilmiş 107,92 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə kredit ayrılmış və xx.xx.2024-cü il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 12 ay müddətinə illik 20% ödəmək şərtilə 7547 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə 30 oktyabr 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 7543,11 manat əsas, 747,6 manat faiz, 492,19 cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 8782,90 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə icalsında iştirak edən Cavabdeh4 iddianı etiraf edərək tələbin bank tərəfindən onlara ünvanlanan bildirişdə qeyd olunan məbləğlərə uyğun olaraq təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə icalsında iştirak edən Cavabdeh1 iddianı etiraf edərək tələbin bank tərəfindən onlara ünvanlanan bildirişdə qeyd olunan məbləğlərə uyğun olaraq təmin olunmasına etiraz etmədiyini bildirdi. İddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Digər cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2024-cü il tarixli, 459micGNDJ/24-EM saylı əsas kredit bank hesabı müqaviləsindən və əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh4 xx.xx.2024-cü il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 12 ay müddətinə illik 20% ödəmək şərtilə 7547 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli 459micGNDJ/24 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 tərəfindən xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. 30 oktyabr 2024-cü il tarixli elektron arayışdan görünür ki, Cavabdeh4 ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış 459micGNDJ/24 saylı kredit müqaviləsinə əsasən cavabdehin banka 7543.11 manat əsas, 747.6 manat faiz, 492.19 manat cərimə, ümumi 8782.90 manat borcu vardır. 11 iyul 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh4 xx.xx.2024-cü il tarixli, 459micGNDJ/24 saylı kredit müqaviləsinə əsasən Banka 11 iyul 2024-cü il tarixə 7543.11 manat əsas, 289.8 manat faiz, 91.03 manat cərimə, cəmi 7923.94 manat borcunu ödəməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq, həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı bu müqavilələr üzrə öz öhdəliklərini lazımi qaydada icra etsə də cavabdehlər öhdəliklərini vaxtında icra etməmişlər. Zaminlik öhdəliyin icrasının təmini üsulu olduğundan, hazırda iddiaçı öhdəliyin icra edilməsini həm əsas borcludan həm də zamindən tələb etməkdə haqlıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı bankın 7543.11 manat əsas, 289.8 manat faiz, 91.03 manat cərimə, cəmi 7923.94 manat məbləğində borcun ödənilməsinə dair bildiriş göndərməsi, o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı bank tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilə ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək o qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən faiz borcu iddiaçı tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilənin ləğv edildiyi tarixə uyğun tutulmalı, cərimə borcu isə cavabdehlərin maddi vəziyyəti nəzərə alınmaqla azaldılaraq 20 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, xx.xx.2024-cü il tarixli, 459micGNDJ/24-EM saylı kredit müqaviləsi üzrə 7543.11 manat əsas, 289.8 manat faiz, 20 manat cərimə borcu olmaqla cəmi 7852.91 manat pul cavabdehlərdən müştərək qayadada tutularaq "xxxx" Kommersiya Bankı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, cavabdehdən 98,52 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 müştərək qaydada 7543.11 manat əsas, 289.8 manat faiz, 20 manat cərimə olmaqla cəmi 7852.91 manat (yeddi min səkkiz yüz əlli iki manat doxsan bir qəpik) manat pul, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 98,52 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-158/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-158/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver