Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-205/2025 04.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-ti Cavabdeh qarşı “maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6010 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və ödənilmiş 21 manat dövlət rüsumunun Cavabdeh tutularaq, cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə İddiaçı MMC-nin mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh cəmiyyətə ümumilikdə 7441,96 manat zərər vurması müəyyən edilmişdir. İnventarizasiya yoxlamaları zamanı Cavabdeh iştirakı təmin edilmiş və cavabdehdən iltizamnamə alınmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 6010 manat borc qalmışdır. Cavabdeh hazırda İddiaçı MMC-yə ümumilikdə 6010 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, Mülki Məcəllənin müddəalarını, bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, 1 il 1 aydır ki, İddiaçı MMC-dən işdən ayrılmış və onun əmək müqaviləsinə xitam verilmişdir. O, 1 ildir ki, İddiaçı MMC-dən əmək kitabçasını götürə bilmədiyi üçün iş tapa bilməmişdir. O, işə qəbul olunması ilə bağlı müxtəlif şirkətlərə və dövlət müəssisələrinə müraciət etmiş, ondan əmək kitabçası tələb olunmuş, lakin əmək kitabçası olmadığı üçün o, işə qəbul edilməmişdir. O, dəfələrlə İddiaçı MMC-nə müraciət edərək, əmək kitabçasını tələb etmiş və bildirmişdir ki, əmək kitabçası ona verilməyənə qədər maddi vəziyyəti imkan vermədiyi üçün həmin pulu ödəyə bilməyəcəkdir. İddiaçı MMC-ti tərəfindən ona bildirilmişdir ki, ərizə yazıldığı təqdirdə onun əmək kitabçasının verilməsi təmin ediləcəkdir. O, hərbi təlimdə iştirak etdiyi üçün ərizə yaza bilməmişdir, lakin ərizə ilə müraciət edəcəkdir. Onun 6010 manat borcu vardır, lakin hazırda işləmədiyi üçün həmin pulu ödəyə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 11 oktyabr 2021-ci il tarixli əmək müqaviləsinin surətindən və eyni tarixli, 555 nömrəli əmrin çıxarışından görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMCnə "satıcı-kassir" vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 343 nömrəli əmrin çıxarışından və tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMC-nə "administrator" vəzifəsinə təyin edilmiş, həmçinin o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İşdə olan 03 noyabr 2023-cü il tarixli “Oba-Gence 4” filialında aparılmış aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, müvafiq komissiya tərəfindən aparılan araşdırma nəticəsində 4203,91 manat çatışmazlıq müəyyən edilmiş və maddi məsul şəxs Cavabdeh həmin aktı imzalamışdır. İşdə olan 08 dekabr 2023-cü il tarixli iltizamnamədən görünür ki, 4203,91 əskik manat məbləğdə kənarlaşma aşkar olunmuş, maddi məsul şəxs Cavabdeh iştirak etmiş, yekun sənədləri imzalamış və şikayətinin olmadığını qeyd etmişdir. İşdə olan 05 dekabr 2023-cü il tarixli “Oba-Gence 4” filialında aparılmış aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, müvafiq komissiya tərəfindən aparılan araşdırma nəticəsində 3238,05 manat çatışmazlıq müəyyən edilmiş və maddi məsul şəxs Cavabdeh həmin aktı imzalamışdır. İşdə olan 15 yanvar 2024-cü il tarixli iltizamnamədən görünür ki, 3238,05 əskik manat məbləğdə kənarlaşma aşkar olunmuş, maddi məsul şəxs Cavabdeh iştirak etmiş, yekun sənədləri imzalamış və etirazının olmadığını qeyd etmişdir. İşdə olan 12 yanvar 2024-cü il tarixli, 2-X nömrəli əmrdən çıxarışa, eləcə də eyni tarixli xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətlərinə əsasən Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.b-ci maddəsinə (əmək müqaviləsinin müddətinin qurtarması) görə xitam verilmişdir. İşdə olan 06 may 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixdə 4203,91 manat və xx.xx.2023-cü il tarixdə 3238,05 manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 6010 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh 06 may 2024-cü il tarixə İddiaçı MMC-nə olan ümumi borcu 6010 manat təşkil etmişdir. İşdə olan 16 aprel 2024-cü il tarixdə İddiaçı MMC-ti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh 3 gün müddətində borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçirilicəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan maliyyə sənədlərindən görünür ki, "xxxx" MMC-nin ilkin mediasiya sessiyasına müraciət edərkən 60 manat məbləğində mediasiya xərci ödəməklə yanaşı, dövlət rüsumu üçün 21 manat vəsait də sərf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin İ bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin İ hissəsinin “a” və “ç” bəndlərinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 194-cü maddəsinin İİ bəndinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə bu Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iclasında müəyyən edildi ki, 11 oktyabr 2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh həmin tarixdən "xxxx" MMC-nə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra, o, 19 iyul 2023-cü il tarixli əmrlə həmin tarixdən "xxxx" MMC-nə administrator vəzifəsinə təyin edilmiş, həmçinin tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Sonradan, 03 noyabr 2023-cü il tarixdə və 05 dekabr 2023-cü il tarixdə “Oba-Gence 4” filialında keçirilmiş inventarizasiya zamanı 7441,96 manat zərər aşkar edilərək, bu barədə akt tərtib olunmuş, bundan əlavə Cavabdeh inventarizasiya prosesində iştirak etmiş, yekun sənədləri imzalamış, şikayətinin və etirazının olmadığını qeyd etmişdir. Bundan sonra, cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 12 yanvar 2024-cü il tarixli əmrlə vəzifəsindən azad edilmişdir. İnventarizasiya zamanı aşkar edilmiş zərərin 7441,96 manat təşkil etməsinə baxmayaraq, iddiaçı MMC tərəfindən güzəşt olunmaqla, cavabdehin ümumi borcu 6010 manat müəyyən edilmiş və nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Cavabdeh "xxxx" MMC-nin “Oba-Gence 4” filialı üzrə administrator işləyərkən vəzifəsindən irəli gələn öhdəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya zərər vurulmuşdur. Buna görə də, cavabdeh iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 6010 manat, mediasiya xərcinin əvəzi qismində 60 manat və ödənilmiş 21 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6010 manat, mediasiya xərcinin əvəzi qismində 60 manat və ödənilmiş 21 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-205/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-205/2025
04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver