Məhkəmə qərarları › İş №e-2(058)-351/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-351/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-351/2024 23.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 7307.83 manat əsas borc, 411.1 manat faiz borcu, 37.91 manat cərimə borcu olmaqla cəmi 7756.84 manat pulun və ödənilmiş 97.57 manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli 19270***-*******02L əsas kredit limiti razılaşmasına əsasən bank borcluya 120 ay müddətinə, 50000 (əlli min) manat kredit limiti ayrılmışdır. Əsas Kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2023-ci 1 tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 17% dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış əsas kredit razılaşmasının şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Əsas kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 7307.83 manat məbləğində əsas borcu, 411.1 manat faiz borcu 37.91 manat cərimə borcu olmaqla, cəmi 7756.84 manat məbləğində borcu var. Tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Ş.Abbasov iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir üzürlü səbəb bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərk, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 19270***-*******02L əsas kredit limiti razılaşmasından görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə 120 ay müddətinə, 50000 (əlli min) manat kredit limiti açılmışdır. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 8000 AZN kredit təklif olunmuş və o təklifi təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh sözügedən kredit müqaviləsinə əsasən, banka 7307.83 manat əsas, 411.1 manat faiz borcu, 37.91 manat cərimə borcu olmaqla cəmi 7756.84 manat borcu var. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə öhdəliyini pozduğu üçün kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə məlumat verilərək ondan banka olan borcunu 3 gün müddətinə ödəməsi tələb olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və cavabdehə 36 ay müddətinə illik 17% dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh, bank qarşısında olan öhdəliyini icra etmədiyindən iddiaçı hazırki tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 7756.84 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 97.57 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 7307,83 manat əsas, 411,1 manat faiz, 37,91 manat cərimə borcu olmaqla 7756.84 (yeddi min yeddi yüz əlli altı manat, səksən dörd qəpik) manat pul tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar