Məhkəmə qərarları › İş №e-2(058)-413/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-413/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-413/2025 25.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Bank ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli DKM/007N05A01463422 №-li kredit müqaviləsi üzrə Cavabdeh 7077,80 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 797,73 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 232,50 manat məbləğində penya, cəmi 8180,03 manat və xx.xx.2025-ci il tarixdən qətnamənin qəbul edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya məbləğinin, ödənilmiş 101,80 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı "xxxx" Bank ASC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Bank ASC bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/007N05A01463422 №-li kredit müqaviləsinə müvafiq olaraq bank tərəfindən borc alana 36 (otuz altı) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə, 14 000 (on dörd min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci və 2.8-ci bəndlərinə əsasən Cavabdeh həmin müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi, öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixinə cavabdehin bank qarşısında gecikdirilmiş borcu 7875,53 manat təşkiledir ki, bunun da 7077,80 manatı vaxtı keçmiş əsas borcdan, 797,73 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi penya da ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə bu məbləğ 232,50 manat təşkil edir. Kredit müqaviləsi üzrə cavabdehin üzərlərinə götürdükləri öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı "xxxx" Bankı ASC nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş etdi. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə , illik 12% ödəmək şərtilə 14000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə olan vaxtı keçmiş borcu 7077.80 manat əsas, 797.73 manat faiz, 232.50 cərimə borcu olmaqla, cəmi 8108.03 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da aralarında öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. İddiaçı kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehdən tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə qanunvericiliyin tələbini əsas götürməklə cərimə məbləğinin azaldılmasını məqsədə müvafiq hesab edir, iddia tələbinin qalan hissədə isə qeyri-müəyyən olması əsası ilə həmin hissədə təmin edilməməsi qənaətinə gəlir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək o qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 7077,80 manat əsas borc, 797.73 manat faiz borcu, 50 manat cərimə olmaqla ümumilikdə 7925,53 manat pul tutularaq "xxxx" Bank ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, cavabdehdən ödənilmiş dövlət rüsumunun 99.26 manat hissəsi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 7077.80 manat əsas borc, 797.73 manat faiz borcu, 50 manat cərimə olmaqla ümumilikdə 7925,53 (yeddi min doqquz yüz iyirmi beş manat, əlli üç qəpik) manat pul, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun 99.26 manat hissəsinin əvəzi tutularaq iddiaçı "xxxx" Bank ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar