Məhkəmə qərarları › İş №e-2(058)-500/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-500/2024

16.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-500/2024 16.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi (vəkili) Nümayəndə, cavabdeh (həmçinin digər cavabdehin nümayəndəsi) Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun tanınması və evdən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun tanınması və evdən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Samux rayonu, yuxarı Ağasıbəyli kəndində yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və bu evdən istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneənin aradan qaldrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı1 xx xxxxxxxx 1951-ci il tarixində Samux rayonu, Ağasıbəyli kəndində anadan olmuşdur. Anadan olan gündən mərhum X6na məxsus olan Samux rayonu, Yuxarı Ağasibəyli kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Hazırda o, qızı İddiaçı2 ilə birlikdə həmin mülkdə yaşayırlar. Onlar həmin mülkdə sonradan 2 otaq, mətbəx, hamam, sanitar qovşağı, yardımçı otaq inşa etmiş, 40 metr uzunluğunda hasar çəkdirmiş, həyətdə su quyusu qazdırmışdır. Yəni, uzun illərdən bəri sözügedən mülkdə yaşamaqla təsərrüfat idarə etmişlər. Lakin hazırda Cavabdeh1 və onun həyat yoldaşı olan digər Cavabdeh2 ilə birləşərək onlara uzun illərdən bəri yaşadıqları mülkdə yaşamağa imkan vermirlər. Dəfələrlə aralarında dava-dalaş olmuşdur. Uzun illərdən bəri bu mülkdə yaşadıqlarına görə hesab edirlər ki, sözügedən evin yaşayış sahəsinə onların ən azı istifadə hüquqları vardır. Buna baxmayaraq, cavabdehlər hər yolla onlara evdən istifadə etməyə maneçilik törətməyə çalışırlar. Onlar Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüquqularının tanınması və bu evdən istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etmək məvburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək iddia tələbində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, sözügedən ev onun ata evi olub. O, atasının sağ vaxtında ailə quraraq həmin evdən çıxıb getmiş, yəni ər evinə köçmüşdür. X6 1992-ci ildə ölmüşdür. Hazırda sözügedən ev qardaşı Fəzailin mülkiyyətindədir. Atası öldükdən bir neçə il sonra, yəni 2010-cu ildən etibarən onun qızı Manya həmin evin həyətində yerləşən “əl damı” adlandıqları tikiliyə köçərək orada yaşamağa başlamış, daha sonra o da həmin tikiliyə qızının yanına köçmüşdür. Hesab edir ki, sözügedən mülk onun ata mülki olduğundan onun və qızının həmin evdən istifadə hüquqları var. Tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, sözügedən ev onun babası İslam Sadıqova məxsus olub, lakin indi həmin ev dayısı Cavabdeh1 mülkiyyətindədir. X2 1992-ci ildə ölmüşdür. Babası öldükdən bir neçə il sonra, yəni 2010-cu ildən etibarən o, həmin evin həyətində yerləşən “əl damı” adlandıqları tikiliyə köçərək orada yaşamağa başlamış, daha sonra anası Yavər də həmin tikiliyə onun yanına köçmüşdür. Hesab edir ki, sözügedən mülk onun baba mülki olduğundan onun və anasının həmin evdən istifadə hüquqları var. Tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh (həmçinin digər cavabdehin nümayəndəsi) Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, sözügedən mülk X6na məxsus olmuş, atası 1992-ci ildə ölmüş və ondan miras qalan əmlak o və qardaşları arasında bölünmüş və hazırda iddiaçıların mübahisələndirdikləri ev onun mülkiyyətindədir. Atası öldükdən uzun illər sonra, yəni 2010-cu ildən etibarən bacısı qızı Manya həmin evin həyətində yerləşən “əl damı” adlandıqları tikiliyə köçərək orada yaşamağa başlamış, bir neçə il sonra bacısı Yavər də həmin tikiliyə köçmüşdür. Hesab edir ki, iddia tələbi əsassızdır, iddiaçıların həmin evdən istifadə hüquqları yoxdur. Tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçı tərəfin xahişi ilə məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək bildirdi ki, tərəfləri qonşu olaraq tanıyır. İddiaçı1 və İddiaçı2 təxminən 13-15 ildir ki, sözügedən evdə yaşayırlar. Onlar həmin evdə yaşadıqları müddət ərzində evdə təmir işləri aparmışlar. İddiaçı tərəfin xahişi ilə məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, hər iki tərəf onun qonşusudur sözügedən ev mərhum İslam Sadıqova məxus olub, İslam öləndən sonra həmin evdə cavabdeh Fəzail və onun arvadı yaşayıb. İddiaçılar isə həmin evə İslam Sadıqov öləndən təxminən 10-15 il sonra gəliblər. İddiaçılar orada yaşadıqları müddətdə təmir işləri aparmışlar. İddiaçı tərəfin xahişi ilə məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, hər iki tərəfi qonşu olaraq tanıyır. Sözügedən ev mərhum İslam Sadıqova məxsus olub. İslam Sadıqov öldüküdən sonra həmin evdə Fəzail və onun ailəsi yaşayıblar, iddiaçılar isə sözügedən evə İslam öldükdən bir neçə il sonra köçüblər. Təxminən 10-15 il olar ki, İddiaçı2 həmin evdə yaşayır, anası Yavər isə sözügedən evə əvvəl sadəcə gedib-gəlirdi, daha sonra isə o da qızı Manyanın yanına köçdü. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X19 Şəxsi Hüquların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestirindən **********65-10301 reyster nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Yuxarı Ağasıbəyli kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. 04 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, X10, X3, X7, X13 və X1 Manya Vaqif qızının və onun əri X5 2010-cu ildən etibarən hazırki vaxtadək Manyanın babasına məxsus həyətdə yaşadıqlarını və həmin həyətdə təmir-tikinti işləri apardıqlarını öz imzaları ilə təsdiq etmişlər. Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X16 22 iyul 1992-ci il tarixdə ölmüşdür. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçıların istifadə hüquqularının olduğunu iddia etdikləri ev İddiaçı1 atası, İddiaçı2 isə X2na məxsus olmuş, İddiaçı1 atasının sağlığında evlənərək həmin evdən çıxıb ər evinə köçmüşdür. İslam Sadıqov 1992-ci ildə ölmüş, atası ölənə qədər və öldükdən sonra uzun illər ərzində İddiaçı1 və onun qızı İddiaçı2 sözügedən evdə yaşamamışlar. Onların öz izahatlarından aydın olmuşdur ki, iddiaçılar sözügedən evə İslam Sadıqov öldükdən uzun illər sonra köçmüşlər. Hazırda mübahisəli ev cavabdehin mülkiyyətindədir. İddiaçı1 mübahisəli evdən istifadəsi ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. İşin müəyyən olunmuş hallarından da görünür ki, İddiaçı1 atasının sağlığında ərə gedərək mübahisəli evdən çıxıb ər evinə köçmüşdür. İddiaçı1 atası İslam Sadıqov 1992-ci ildə ölmüş, həmin vaxt İddiaçı1 atasına məxsus evdə yaşamamış, hətta atası öldükdən sonra uzun illər ərzində, yəni 2010-cu ilədək mübahisəli ünvana ara-sıra gedib-gəlmiş, daimi olaraq orada yaşamamışdır. 2010-cu ildə isə əvvəlcə onun qızı, yəni digər İddiaçı2, daha sonra isə İddiaçı1 mübahisəli evə köçərək orada yaşamışlar. Bu hal işin mübahisəsiz halı olmaqla iddiaçıların etirafına əsasən öz təsdiqini tapmışdır. Bu isə məhkəmə üçün o qənaətə gəlməyə əsas verir ki, İddiaçı1 mübahisəli evdə uzun illər yaşamamaqla onun orada yaşamasına dair ehtiyacı və istifadə hüququnu əmələ gətirən əsaslar aradan qalxmış, yəni mübahisəli evdən istifadə hüququ itmişdir. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı (itməsi) ilə nəticələnir. Digər İddiaçı2 isə sözügedən evdən ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Belə ki, İddiaçı2 babası İslam Sadıqovun sağlığında sözügedən mülkdə heç vaxt yaşamamış, babası İ.Sadıqovun ölümündən 18 il sonra mübahisəli evə köçərək orada yaşamağa başlamışdır. Məhkəmə işin faktiki hallarını və qanunvericliyin tələblərini nəzərə alaraq hesab edir ki, istifadə hüququna dair əsaslar aradan qalxdığı andan (İddiaçı1 münasibətdə), həmçinin belə bir hüququn ümumiyyətlə mövcud olmadığı halda (İddiaçı2 münasibətdə) mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və ya kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır, ona görə də iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar