Məhkəmə qərarları › İş №e-2(058)-521/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-521/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-521/2025 02.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi və Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas məbləğ üzrə borc 9402.85 manat, 750.83 manat faiz borcu, 158.68 manat cərimə borcu olmaqla cəmi 10312.36 (on min üç yüz on iki manat otuz altı qəpik) manat pulun və 120.94 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı QSC-nin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixdə bağladığı 006A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 45 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 597.15 manat ödəniş etmiş və оnun iddiaçıya 9402.85 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. O, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 121 gün üçün hesablanmış faiz borcu 750.83 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 121 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 158.68 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. İddiaçı QSC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək, bildirdi ki, o işsiz olması səbəbindən borcunu ödəyə bilməmiş, hal hazırda da işsizdir, borcunu yalnız hissə-hissə ödəyə bilər. Digər cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 006A********** saylı ərizəsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 verilmiş kreditin məbləği 10000 (on min) AZN təşkil edir. Kredit borcalana 45 ay müddətinə, illik %20 şərtilə verilmişdir. İş materiallarına əlavə edilmiş № 006G**********01, xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli 006A********** saylı ərizəsindən tarixli kredit müqaviləsi üzrə öhdəlikləri tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmuşdür. İş materiallarına əlavə edilmiş № 006G**********02, xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixli 006A********** saylı ərizəsindən tarixli kredit müqaviləsi üzrə öhdəlikləri tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmuşdür. İş materiallarına əlavə edilmiş maliyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixində olan borcu 9402.85 manat əsas, 750.83 manat faiz, 158.68 manat cərimə olmaqla cəmi 10312.36 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, İddiaçı QSC ilə cavabdehlər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında sözügedən müqavilələrədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə sözügedən müqavilələrdən irəli gələn öhdəliklərini yerinə yetirməmişlər. Zaminlər Cavabdeh2 və Cavabdeh3 əsas borclunun öhdəliyinin icra edilməsi üçün məsuliyyəti üzərlərinə götürdüklərindən həmən əsas borclu, həm də zaminlər kredit müqaviləsi üzrə öhdəliyin icra olunmasında birgə məsuliyyət daşıyırlar və iddiaçı kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlərdən müştərək qaydada tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin cərimə borcu hissəsinə münasibətdə qanunvericiliyin tələblərini əsas götürərək, cavabdehlərin maddi vəziyyətini və kreditorun əmlak mənafeləri nəzərə alaraq cərimə borcunun azaldılmasını məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024-cü il tarixli № 006A********** saylı kredit müqaviləsi üzrə 9402.85 manat əsas borc, 750.83 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla cəmi 10173.68 manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 120.52 manat hissəsinin əvəzi də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 9402.85 manat əsas borc, 750.83 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla ümumilikdə 10173.68 (on min yüz yetmiş üç manat almış səkkiz qəpik) manat pul, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120.52 manat pul müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar