Məhkəmə qərarları › İş №e-2(058)-539/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-539/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-539/2025 04.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6971,77 manat əsas, 29,45 manat faiz, 1,38 manat cərimə, cəmi 7012,60 manat məbləğində pul vəsaitinin və 90,13 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-ti ilə bağlanmış xx.xx.2023-cü il tarixli 5030***-*******02L nömrəli əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC-ti tərəfindən Cavabdeh 48 ay müddətinə illik 17,5 faiz dərəcəsi ilə (aylıq ödəniş 359,98 manat olmaqla hər ayın 03-dək ödənilmək şərti ilə) 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Cavabdeh bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdehnın xx.xx.2025-cü il tarixə İddiaçı ASC-yə 6981,77 manat məbləğində əsas kredit borcu, 29,45 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 1,38 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7012,60 manat məbləğində borcu qalmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, hazırda onun maddi imkanı zəifdir, lakin o, kredit borcunu ödəməkdən yayınmır, borcunu ödəyəcəkdir. İddia tələbinin təmin olunmasına etiraz etmədi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 5030***-*******02L nömrəli əsas kredit limiti razılaşmasından görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “SMS” razılaşmadan görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh illik 17,5 faiz dərəcəsi ilə 48 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə İddiaçı ASC-ti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 6981,77 manat əsas, 29,45 manat faiz, 1,38 manat cərimə, cəmi 7012,60 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, cavabdehə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks halda borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit edilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşdə olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, tərəflər həmin müqaviləni Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilələrin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində İddiaçı ASC-ti kreditor, Cavabdeh isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materialları ilə müəyyən edilir ki, kreditor müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, lakin borcalan Cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliklərini lazımınca icra etməmişdir. Nəticədə onun kreditora borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh öz riski ilə kredit müqaviləsini bağladığından həmin müqavilə üzrə yaranmış öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 6981,77 manat, faiz borcu üzə 29,45 manat, 1,38 manat cərimə, cəmi 7012,60 (yeddi min on iki manat altmış qəpik) manat və ödənilmiş 90,13 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 6981,77 manat, faiz borcu üzrə 29,45 manat, 1,38 manat cərimə, cəmi 7012,60 (yeddi min on iki manat altmış qəpik) manat və ödənilmiş 90,13 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar