Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-562/2024 10.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məhkəmə iclas katibi Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İsbəniyar qızına qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə Samux Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İsbəniyar qızına qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə 1585.58 ( bir min beş yüz səksən beş manat, əlli səkkiz qəpik) manat əsas, 32.23 (otuz iki manat, iyirimi üç qəpik) faiz olmaqla ümumilikdə 1617.81 (bir min altı yüz on yeddi manat, səksən bir qəpik) borcun və ödənilmiş 36.18 (otuz altı manat, on səkkiz qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixli BPM**********10 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 17%-lə, 48 ay müddətinə 2490 manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X3 qalmış mirası cavabdehlər qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X4 Banka ödənilməmiş nəğd kredit üzrə 1585.58 manat əsas borcu, vəfat etdiyi tarixə 32.23 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X3 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyiklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, anaları Zeynəb Mehdiyevadan qalmış miras əmlakı o və digər qardaş-bacısı qəbul ediblər. Hazırda maddi durumları aşağı olduğundan borcu birdəfəyə ödəməyə imkanları çatmayacaq, lakin hissə-hissə ödəyə bilərlər. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 İsbəniyar qızına isə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilən bildirişlər ona çatmadığından, məhkəmə, məhkəmə bildirişini onun qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərərək cavabdehə təqdim olunmasını xahiş etmiş, nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış məktubda Cavabdeh2 və Cavabdeh3 İsbəniyar qızının Samux rayonu Yenikənd kəndində qeydiyyatda olmaqlarına baxmayaraq, uzun müddətdir ki, həmin ərazidə yaşamadıqları bildirilmiş, həmçinin məhkəmə bildirişinin şəxsən Cavabdeh1 özünə təqdim olunduğu qeyd olunmuşdur. Məhkəmə Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehləri Cavabdeh2 və Cavabdeh3 İsbəniyar qızının iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2020-ci il tarixli, BPM **********10 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış müqaviləyə əsasən bank tərəfindən borcalana 48 ay müddətinə illik 17 faiz hesabı ilə 2490 manat borc verilmişdir. Maliyyə arayışının surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixli, BPM **********10 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək borcundan 904.42 manat əsas borc, 583.04 manat faiz borcu olmaqla ödəniş etmişdir, onun 1585.58 manat ödənilməmiş əsas, 32.23 manat faiz borcu qalmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 vərəsələri Cavabdeh1, Cavabdeh3 İsbəniyar qızı, Cavabdeh2 X3 qalmış miras əmlakdan bərabər hissədə irs almalı olduqları, miras əmlakın “Muğanbank" ASC-nin Gəncə filialının xx.xx.2022-ci il tarixli Gən/199 nömrəli məktubuna əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, ümumi 22500 manat kredit borcundan (21947,13 manat əsas məbləğ, 552.87 manat faiz məbləği) və həmin kredetin təminatı olaraq miras qoyan X5 məxsus olan ümumi çəkisi 423.4 qram olan qızıl zinyət əşyalarından ibarət olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixli, BPM **********10 nömrəli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli, BPM **********10 nömrəli kredit müqaviləsinə əsasən X5 48 ay müddətinə, illik 17 faiz hesabı ilə 2490 manat kredit limiti ayrılmışdır. X1 xx.xx.2021-ci il tarixdə ölmüş və onun xx.xx.2020-ci il tarixli, BPM **********10 nömrəli kredit müqaviləsi üzrə 1585.58 manat ödənilməmiş əsas, 32.23 manat faiz borcu qalmışdır. Hazırda isə iddiaçı həmin borcu mərhum X4 vərəsələri, yəni uşaqları Cavabdeh1, Cavabdeh3 İsbəniyar qızı və Cavabdeh2 tələb edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia borcun ölmüş şəxsin vərəsələrindən tutulması ilə bağlı olduğundan həmin münasibətlərə Mülki Məcəllənin həm borc münasibətlərini tənzimləyən normaları, həm də vərəsəlik hüquq münasibətlərini tənzimləyən müvafiq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, X4 "xxxx" ASC-nə xx.xx.2020-ci il tarixli, BPM **********10 nömrəli kredit müqaviləsi üzrə borcu onun mirasını qəbul etmiş vərəsələrindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsələrə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə miras qoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, sözügedən kredit müqaviləsi üzrə X1 vəfat etdiyindən və onun vəfatından sonra miras qalmış əmlakı cavabdehlər (mərhumun uşaqları) qəbul etdiyindən və hazırda vərəsə miras qoyanın əmlak vəzifələrinə (miras passivinə) dair qəbul etdiyi miras həcmində öhdəlik daşıdığından mülki qanunvericiliyin tələbləri baxımından borc cavabdehlərdən qəbul etdiyi miras həcmində müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 36.18 manat dövlət rüsumundan və 0,4 manat bank xidmət haqqından ibarətdir. İddia tələbi təmin olunduğundan məhkəmə, ödənilmiş 36.18 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının əvəzinin də cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, BPM **********10 nömrəli kredit müqaviləsi üzrə 1585.58 manat əsas, 32.23 manat faiz olmaqla ümumilikdə 1617.81 (bir min altı yüz on yeddi manat səksən bir qəpik) manat borc cavabdehlər Cavabdeh1, Cavabdeh3 İsbəniyar qızı, Cavabdeh2 qəbul etdikləri miras həcmində müştərək qaydada tutularaq "xxxx" ASC-nə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 36.18 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh3 İsbəniyar qızı, Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-562/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-562/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver